Azərbaycanlı professor da “yox” dedi

Bu yaşda uşaqlara ölümü, zoru, qanı aşılamaq olmaz
Təcrübəli pedaqoq ibtidai sinif şagirdlərinin savaş, müharibə motivli səhnəciklərdə rol almasını məqbul saymır

Kayseridə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramında ibtidai sinif şagirdlərinin əllərinə götürdükləri oyuncaq silahlarla bir qarşıdurmanı canlandırması və şagirdlərdən birinin guya şəhid olması və üzərinə türk bayrağı örtülməsiylə sona çatan səhnəciklə əlaqədar Türkiyənin Milli Təhsil Nazirliyi araşdırmaya başlayıb.

Türkiyə mediasının məlumatına görə, mütəxəssislər də uşaqların belə bir nümayişin içində yer almalarını tənqid edir. Mövzunun yerli KİV-də nümayiş olunmasından sonra reaksiyalar artıb, Milli Təhsil Nazirliyi tərəfindən araşdırma başladılıb. Milli Təhsil Müdirliyi də mövzunun araşdırması üçün müfəttiş vəzifələndirib.

Səhnəcikdə iştirak edən şagirdlərin təhsil aldığı ibtidai məktəbin müdiri Ali Çakmak isə təpkilərə, "Mövzunu şərh etməyə səlahiyyətim yoxdur, amma nümayiş edildi, gəldi, keçdi. Varsa bir qüsurumuz, dövlət cəzamızı kəsər” deməklə kifayətlənib.

Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev "Şərq”ə açıqlamasında ibtidai sinif şagirdlərinin savaş, müharibə motivli səhnəciklərdə rol almasını məqbul saymadığını dedi:

- Uşaqların ölümlə qarşılaşması, "şəhid olması”, biri-birinə, ya kimlərəsə silah tuşlaması yaxşı hal deyil. Belə səhnəciklər yalnız yuxarı sinif şagirdləri arasında oynana bilər. Uşaqların hərbi-vətənpərvərlik yönündə tərbiyəsi mərhələlərdən ibarətdir. İbtidai siniflərdə bu iş baş vermiş hadisələr barədə məlumatlandırma, hadisələrin sadalanması, onlar haqqında müəllimin izahı ilə məhdudlaşır. Sonrakı mərhələlərdə şagirdlərə yaş kateqoriyasına uyğun mübarizlik, cəsarət, şücaət hisslərinin aşılanması icra edilməlidir. Nəhayət, yuxarı siniflərdə şagirdlər mübarizlik, Vətənə sevgi motivli səhnələrdə yer ala bilər. Bir də, baxır səhnəciyin mövzusuna. Məsələn, bizim məktəblərin ibtidai siniflərində adətən "Dədə Qorqud” motivləri əsasında, dastanlarımızdakı mərdlik, qəhrəmanlıqlarla bağlı olur. Yaxud, məktəblilər 20 Yanvar, yaxud Xocalı faciəsinin ildönümlərinə müxtəlif məzmunlu ədəbi-bədii səhnələr hazırlayırlar. Lakin bu səhnələrdə yuxarı sinif şagirdləri yer alır. 

Fərq burasındadır ki, bizim məktəblərdə hazırlanan səhnəciklər faktlar əsasında, olmuş hadisələr üzərində qurulur. Xalqımıza yaşadılan faciələr anladılır. Uşaqların iştirakı ilə səhnəciklər faktlar üzərində qurulmalıdır, fantaziya üzərində deyil. Yəni, şagird kimə qarşı, niyə savaş aparıldığını dərk etməlidir. İbtidai sinif şagirdləri üçün bu tip səhnəciklər ona görə məqbul sayılmır ki, bu yaşda uşaqlara ölümü, zoru, qan-qadanı aşılamaq olmaz. Bu, uşaq psixologiyasına ziddir və zərərlidir.


Məlahət Rzayeva