3 gün fasiləsiz bayram yarmarkaları olacaq

Kəndçinin, fermerin məhsulunun bazara gəlib çıxması təmin olunmalıdır
“Bazara girişdə yollar bağlanır. Bu problem həllini tapmayınca, əhali yarmarkalardan xeyir görməyəcək”



"Fermerlər elə vəziyyətdədir ki, məhsulu bazara çıxarmağı səbirsizliklə gözləyirlər”



Novruz öncəsi paytaxtda və Sumqayıtda yarmarkalar təşkil ediləcək.
Yarmarkalar aşağıdakı ünvanlarda olacaq:
Bakı şəhəri üzrə
Xətai rayonu:
- Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
Nərimanov rayonu:
- Keşlə bazarının ərazisi;
Səbail rayonu:
- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
Suraxanı rayonu:
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı
Binəqədi rayonu:
- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, "Elit” Ticarət Mərkəzinin yaxınlığı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
- 12-ci mikrorayon
- Köhnə avtovağzalın yanı
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a verilən məlumata görə, yarmarkaların təşkil olunmasında məqsəd Novruz Bayramı ilə əlaqədar əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınmasıdır. Bu məqsədlə 17-20 mart tarixlərində fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq və onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı, təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkaların təşkili çox yaxşıdır. Amma niyə bayrama 3 gün qalmış? Yarmarkaların təşkili vaxtını bir qədər irəli çəkmək olmazmı? Məlumdur ki, xanımlar bayram hazırlıqlarına artıq başlayıb. Oturub gözləməlidirlər ki, yarmarka təşkil olunsun, gedib oradan münasib qiymətə alış-veriş etsinlər? Başqa problem əhalinin yarmarkalardan narazı qalmasıdır. Əhalidə belə təəssürat formalaşıb ki, yarmarkalara keyfiyyətsiz məhsullar gətirilir. Ona görə də qiymətlər digər bazarlara nisbətən ucuz olur. Haqsız da sayılmazlar, əslində. İndi də şəhərin bəzi yerlərində topdansatış qiyməti ilə kənd təsərrüfatı məhsulları satılır. Alıb evə aparanda, görürsən ki, yarısından çoxu zibilə çıxdı. Hesablayanda, heç də mənfəət əldə etmədiyini, əksinə, ziyana düşdüyünü görürsən. İtkiyə gedən məhsulun pulunu hesablayanda bazarla eyni qiymətə gəlib çıxır.

İqtisadçı Fuad İbrahimov "Şərq”ə açıqlamasında bayram yarmarkalarının təşkilini müsbət adlandırsa da, qarşıya qoyulan məqsədə istənilən səviyyədə nail olunmadığını dedi:

- Satış yarmarkaları institusional səviyyədə təşkil edilməlidir. Bilinməlidir ki, satış yarmarkasının təşkilinin məram və məqsədi nədir. Bu satış yarmarkası nəyə xidmət edəcək, hansı gəlir əldə olunacaq, vətəndaşlara nə dərəcədə xeyri dəyəcək. Bunlar hamısı elmi yanaşma, araşdırma tələb edən məsələlərdir. Bizdə bu yanaşma tərzi olmadığından, satış yarmarkaları kortəbii şəkildə təşkil olunur. Məqsəd bolluq olduğunu nümayiş etdirməkdir. Vətəndaş bu yarmarkalardan yararlana bilirmi, bunu müəyyənləşdirmirlər. 

Doğru deyirsiniz, qonşu ölkələrdə, məsələn, Türkiyədə həftə sonları yarmarkalar təşkil olunur, əhali bazarlıq edir, mənfəət əldə edir, iqtisadi baxımdan irəli düşürlər. Çünki məqsəd başqadır. Məqsəd əhalinin aztəminatlı hissəsinin büdcəsinə uyğun satış yerləri təşkil etməkdir. Bizdə isə yarmarka özünün əsl mahiyyətini itirib. Yarmarkalar adətən, görüntü xətrinə təşkil olunur. Kəndli, fermer becərdiyi məhsulu bu yarmarkalara gətirə bilmir. Siz kənd təsərrüfatı yarmarkalarında, ya da lap elə adi vaxtlarda, bazarlarda regiondan öz məhsulunu gətirib piştaxta arxasında dayanan və becərdiyi məhsulunu satan kəndliyə çoxmu rast gəlmisiz?! Bizim bazarlarda piştaxta arxasında adətən kəndlidən, fermerdən məhsulu şəhərə və ya bazara girişdə ucuz qiymətə alıb, iki-üç dəfə baha qiymətə satan alverçilər dayanır. Yalandan da and içirlər ki, filan yerdən özüm gətirmişəm, özüm becərmişəm. Kənd təsərrüfatı yarmarkalarının təyinatına uyğun olmaması və əhalinin razılıq etməməsinin əsl səbəbi də budur. Kəndli, fermer məhsulunu bazara gətirə bilmir. Nə kəndli qazanır, nə şəhərli. Yarmarkalardan gəlir əldə edən yalnız ortadakı işbazlardır. Fermerlər elə vəziyyətdədir ki, məhsulu bazara çıxarmağı səbirsizliklə gözləyirlər. Amma bazara girişdə yolları bağlanır. Bu problem həllini tapmayınca, əhali yarmarkalardan xeyir görməyəcək.

F.İbrahimov bildirdi ki, bazarda bolluğun təmin edilməsi Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətlərinin vəzifəsidir:

Bu məsələdə artıq Kənd Təsərrüfatı Nazirliyi də ciddi çalışmalı, nəzarəti gücləndirməlidir. Bundan əlavə, nazirliyin şöbələri regionlar üzrə kvalifikasiya aparmalıdırlar. Hansı bölgədə hansı məhsul yetişdiriləcək, bazara hardan hansı məhsul gətirilə bilər, bunu müəyyənləşdirməli və məhsulun bazara gəlib çıxmasını təmin etməlidirlər. O zaman ucuzluq da olar, vətəndaş da münasib qiymətə evinə bazarlıq edər.

Məlahət Rzayeva