Emin Dadaşov: "Muzeyə daxil olan hər bir eksponat şübhəsiz ki, mədəni sərvət hesab olunur və onları ölkə xaricinə çıxarmaq rahat deyil"
""Mədəniyyət haqqında” qanuna edilməsi planlaşdırılan dəyişikliklər çox önəmlidir”.
Bunu "Sherg.az”a sözügedən qanuna təklif olunan dəyişikliklərin mahiyyətini izah edərkən Milli Azərbaycan Tarix Muzeyinin Xarici Əlaqələr və Elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov deyib.
O bildirib ki, nadir, qədim kolleksiyaların, 1960-cı ilə qədər tarixi olan muzey əhəmiyyətli əşyaların mədəni sərvət hesab edilməsi çox vacibdir:
"Çünki qüvvədə olan qanuna əsasən, biz 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyaları mədəni sərvətlər hesab edirdik. İndi isə müasir dövr - 1960-cı ildən əvvəlki vaxta aid tarixi əşyaları da mədəni sərvət hesab edirik. Muzeyə daxil olan hər bir eksponat şübhəsiz ki, mədəni sərvət hesab olunur və onları ölkə xaricinə çıxarmaq rahat deyil. Bu eksponatların ölkə xaricinə çıxarılması üçün müvafiq icra orqanlarının və ekspertlərin icazəsi olmalıdır.
Qanun layihəsində göstərilir ki, 1960-cı illərdən sonrakı sənədlər mədəniyyət məhsulları hesab olunur. Yəni, tutaq ki, şəxsi kolleksiyamda 1960-cı illərdən qalma qədim əşya var, bu mədəni sərvət hesab olunmur. Çünki bunu heç bir muzeyə təqdim etməmişəm. Evimdə xatirə kimi qalır. Həmin xatirə əşyasını xaricdə yaşayan bir nəfərə hədiyyə etmək üçün çətinlik çəkməyəcəyəm. Qanun layihəsi də bunu təsdiq edəcək”.
E.Dadaşov deyib ki, orijinal bədii toplular, yazarın, heykəltəraşın, şairin ilk əsərlər və s. də muzeyə təqdim edilmədiyi müddətdə mədəni sərvət sayılmır:
"Həmin sənədləri də heç bir maneəsiz xaricə çıxartmaq, hədiyyə etmək mümkündür.
Bütün bunlar muzeyə təqdim edildikdə isə artıq eksponat sayılır. Hesab edirəm ki, bu dəyişiklik çox lazımidir və vaxtında verilməli idi”.
Layihənin muzey sahəsinə gətirəcəyi dəyişikliklərdən də danışan E. Dadaşovun sözlərinə görə, bundan sonra muzeylərə təqdim edilən mədəniyyət nümunələrinin sayı artacaq:
"Hazırda Milli Azərbaycan Tarix Muzeyinin yürütdüyü siyasət də odur ki, tək qədim dövrə deyil, müasir vaxtlara aid eksponatları da vətəndaşlarımızdan toplamağa çalışırıq. Muzey planlı şəkildə qarşısına məqsəd qoyub ki, Qarabağ döyüşləri iştirakçılarının şəxsi əşyaları toplansın. İstər milli qəhrəmanların, istərsə də şəhid və qazilərin geyimləri, əl yazıları, əşyaları muzeyimizdə toplanır. Baxmayaraq ki, muzeyimizin ekspozisiyası 1920-ci ilə qədərdir, lakin müasir dövrdə döyüşlərdə iştirak etmiş şəxslərin əşyalarının toplanması da vətənpərvərlik ruhunda gənclərin yetişməsinə təkan verəcək.
Qanun layihəsindən sonra hər bir vətəndaş düşünəcək ki, evində olan tarixi əşyanı mədəni sərvətə çevirsin. Özü də bu nümunələrin gələcək nəsillərə tanıdılması, əsasında məqalələr yazılmasına kömək edəcək. Yeni qanun layihəsi bu mənada bir növ stimuldur”.
Qeyd edək ki, "Mədəniyyət haqqında” qanununa edilən dəyişiklik layihəsinə görə, Azərbaycanda 1960-cı ildən etibarən yaradılan və mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilməyəcək.
Qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid edilir.
Aysel Aslan