“Sülh prosesi sakit şəkildə gedir”

Aydın Ağayev: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində “irəliləyiş”, “çox ciddi nəticə” kimi ifadələrin işlədilməsi mənasızdır”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş Kiyevdə keçirilib. Görüş çərçivəsində ATƏT-in Nazirlər Şurasının iclasında Minsk Qrupu üzvü olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa işləri naziri Terri Repentin, ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland, eyni zamanda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qərara gəliblər ki, indiyə qədər əldə olunmuş nailiyyətlər fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həlli istiqamətində birgə iş davam etdirilsin.

Nümayəndə heyətlərinin rəhbərləri yaxın günlərdə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin görüşünü alqışlayıb və bu görüşün sülh danışıqlarının inkişafına təkan verəcəyinə ümid etdiklərini bildiriblər. Həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2014-cü ilin əvvəlində yenidən görüşmək barədə razılıq əldə ediblər. Nazirlər qeyd ediblər ki, region əhalisi münaqişənin həllini gözləyir və buna ümid edirlər.

Qeyd edək ki, Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün əvvəl planlaşdırıldığı kimi dünən yox, dekabrın 4-də baş tutduğu bildirilib. Eyni zamanda, görüşün qapalı keçirilməsi və Nazirlər Şurasının iclasını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən gələn 100-dək jurnalistə heç bir məlumat verilmədiyi xəbəri də yayılıb. Görüşün keçirilməsi barədə məlumat isə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin "Twitter” səhifəsində yazılıb.

Milli Məclisin Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev isə XİN başçılarının Kiyev görüşünü prezidentlərin uğurlu görüşünün davamı kimi dəyərləndirib: "Axırıncı yüksək səviyyəli görüşdən sonra belə bir görüşün baş tutması gözlənilən idi”.

Görüşün təyin olunan vaxtdan əvvəl keçirilməsi və qapalı olmasına gəldikdə isə politoloq ona bu cür faktlar məlum olmadığını deyib: "Fakt odur ki, XİN başçılarının növbəti görüşü də baş tutub və görüş barəsində həmsədrlərin biri də öz səhifəsində məlumat verib. Siyasətlə maraqlanan insanlar da həmin məlumatları izləyib. Burada diqqət yetirilməli əsas məsələ odur ki, əvvəlcədən razılaşdırılmış vəziyyət üzrə proses davam etdi. Əsas odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində proses dayanmayıb və ona impuls verilmə cəhdləri var. Bu cür görüşlər həmsədrlər tərəfindən də razılıqla qarşılanır”. Danışıqlar prosesində müzakirə olunan məsələlərin konkret detallarla açıqlanmamasına gəldikdə isə A.Ağayev bildirib ki, görüşdən sonra ictimaiyyətə açıqlanması məqbul olan məsələlər açıqlanır.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində "irəliləyiş”, "çox ciddi bir nəticə” kimi ifadələr işlətməyin mənasız olduğunu vurğulayan şöbə müdirinin sözlərinə görə, bizim üçün önəmli olan odur ki, sülh prosesi sakit şəkildə gedir. Bu mənada, indiki şəraitdə Dağlıq Qarabağ probleminin həllində hansısa irəliləyiş, müsbət nəticələr kimi ifadələr işlətmək üçün hələ tezdir.