Media nümayəndələri Salyanda olublar

Rayon İcra Hakimiyyətində keçirilən görüş media-məmur dialoqu layihəsi çərçivəsində baş tutub


Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə media nümayəndələrinin Salyan Rayon İcra Hakimiyyətində görüşü keçirilib. Görüş ümummilli lider Heydər Əliyevin rayonun mərkəzindəki abidəsini ziyarətlə başlayıb. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev mərkəzi, uşaq yaradıcılıq dərnəkləri, habelə Salyandakı bayraq meydanı, quruculuq və abadlıq işlərinin gedişi ilə tanış olublar. Görüş çərçivəsində həmçinin Azərbaycanın fəxri sayılan Salyandan olan görkəmli ziyalıların - Əli bəy Hüseynzadənin və Xəlil Rza Ulutürkün abidələri ziyarət olunub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov dövlətin mediaya diqqət və qayğıya əsaslanan siyasətinin yerlərdəki məmurlar tərəfindən də gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb. Medianın demokratik dövlət quruculuğu prosesindəki önəmindən söz açan T.Kərimov prezident İlham Əliyevin noyabrın 24-də kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşündə səsləndirdiyi hər bir fikrin bu baxımdan önəmli olduğunu deyib.

T.Kərimov çıxışında həmçinin rəhbərlik etdiyi rayonda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verib.

MŞ sədri Əflatun Amaşov çıxışında media nümayəndələrinin prezident İlham Əliyevlə noyabrın 24-də keçirilmiş görüşü üzərində dayanıb. O bildirib ki, səmimi şəraitdə baş tutmuş toplantıda dövlət başçısı jurnalistikaya dair dəyərli baxışlarını, o cümlədən prioritetləri bir daha səsləndirib: "Dövlət başçısının fikirləri jurnalistlərlə yanaşı, cəmiyyətə informasiya verilməsinə məsul şəxslər üçün də mesajdır. Çünki informasiya mübadiləsində iki tərəf var. Bunlardan hansısa üzərinə düşən işi doğru yerinə yetirmirsə, ümumən prosesə ziyan gəlir. Bugünkü görüşümüzdə də məqsəd mövcud müstəvidəki çətinlikləri müzakirə etməkdir. Mətbuat Şurası bu sayaq tədbirləri digər dövlət qurumları ilə də keçirəcək və belə görüşlərin faydası hər zaman olur”.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, rayonlardan KİV-lərə olunan şikayətlərin araşdırılması prosesində rəsmi mövqenin əldə olunması ilə bağlı problemlər mövcuddur. O, həmçinin vətəndaşların hansısa məsələ ilə əlaqədar narazılığının ictimaiyyətə açıqlanmasının ümumən dövlətə xeyirli tərəflərindən söz açıb.

Keçirilən görüşün media-məmur münasibətləri nöqteyi-nəzərdən faydalılığına konkret misallarla aydınlıq gətirən "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə MŞ tərəfindən əsası qoyulmuş bu ənənənin hazırda media mühitində nəzərəçarpan müsbət tendensiyalarda böyük pay sahibi olduğunu vurğulayıb.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı jurnalistlərə informasiya verilməsinin yerlərdə görülən işlərin təbliği baxımından da vacibliyini vurğulayıb. Bildirib ki, məhz buna görə də icra hakimiyyətləri cəmiyyətə məlumat ötürülməsində maraqlı olmalı, mövcud prosesin müxtəlif vasitələrindən yararlanmalıdırlar: "Hesab edirəm ki, belə fəaliyyət göstərildiyi təqdirdə cəmiyyətdə çaşqınlıq yarada biləcək xəbərlər də dövriyyəyə girməyəcək”. A.Aşırlı eyni zamanda dahi Əli bəy Hüseynzadənin 150 illiyinin yaxınlaşdığını diqqətə çatdırıb. O, bütövlükdə türk dünyasında misilsiz rol oynamış bu şəxsiyyətin Salyanla bağlılığını dünyaya tanıtdırmaq üçün rayonda xüsusi elmi-tədqiqat mərkəzinin yaradılmasını təklif edib. Toplantıda təklifin əməli iş müstəvisində dəyərləndirilməsi üçün digər təşəbbüslər də qaldırılıb, müvafiq göstərişlər verilib.