İstiqlalçı deputatlar da təqaüd tələb edir



Firudin Cəlilov: "7 aydır ki, işim məhkəmədə sürünür. Mənə qanuni deputatlıq pensiyası vermirlər”

Tahir Kərimli: "Müraciətlər kağız üzərində qalıb”

Milli Məclisin sədri Oqtay Əsədovun aylıq vəzifə maaşı artırılır. Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik nəzərdə tutulur. Dəyişikliyə əsasən, spikerin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır.

Parlament sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 90 faizi, sədrin müavini 85 faizi, komitə və komissiya sədri 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, deputat isə spikerin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Dəyişikliklə əlaqədar qeyd olunan şəxslərin də aylıq vəzifə maaşlarında avtomatik artım olacaq. Layihə Milli Məclisin 17 dekabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.

MM sədrinin və üzvlərinin əmək haqlarının artırılmasını dəyərləndirən istiqlalçı-deputat, sabiq təhsil naziri Firudin Cəlilov "Şərq”ə açıqlamasında qeyd edib ki, parlament üzvləri xalqı deyil, özlərini düşünürlər: "Özlərinin əmək haqlarını artırmaqla məşğuldurlar. MM-i yaradan deputatların sosial təminatı haqqında fikirləşən yoxdur. 7 aydır ki, işim məhkəmədə sürünür. Mənə qanuni deputatlıq pensiyası vermirlər. Maraqlanmaq lazımdır. Bu millət yalnız parlamentarilərdən ibarət deyil ki? Kəndlisi, fəhləsi, müəllimi və həkimi var. Onları da nəzərə almaq lazımdır”.

F.Cəlilov benzinin qiymətinin qalxmasından da şikayətlənib: "Yanacağın qiymətindəki artım bütün sahələrə sirayət edəcək. Digər məhsulların və xidmətlərin də qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Parlament üzvləri milləti də fikirləşməlidir”.

Sabiq nazir bildirib ki, parlamenti yaradan, Azərbaycanın istiqlalı uğrunda fəaliyyət göstərən deputatlar barədə qanun layihəsi qəbul olunmalıdır: "Bu haqda heç kəs düşünmür. Bununla məşğul olmaq lazımdır”.

Digər istiqlalçı-deputat, Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimlinin sözlərinə görə, parlament üzvləri maaşlarının artımını o vaxt rəva bilməlidirlər ki, xalqın güzəranı yaxşı olsun: "Məmur və parlament üzvlərinin əmək haqlarının artırılması üçün Azərbaycan hökumətinin iqtisadi gücü var. Deputatların vəzifə maaşlarının qaldırılmasını müsbət dəyərləndirirəm. Amma sosial ədalət prinsipini nəzərdən qaçırmaq olmaz. Sosial ədalət prinsipi ondan ibarətdir ki, bir sıra dövlətlərdə məmurların vəzifə maaaşları cəmiyyətin orta aylıq əməkhaqqı ilə uyğun hesablanır. Azərbaycanda belə prinsiplərə əməl olunmur. On görə bu hal cəmiyyətdə ziddiyyət yaradır”.

Partiya sədrinin qənaətinə görə, istiqlalçı deputatların pensiya məsələlərinə baxılmalıdır: "MM-in qurucularına pensiyanın ayrılması ilə bağlı müvafiq orqanlara müraciət olunub. Müraciətlər kağız üzərində qalıb. İstiqlalçı deputatlar çox az qalıblar. Onları da qoca vaxtlarında sevindirmək lazımdır. İstiqlalaçı deputatların da pensiya almağa haqqı var. Bu məsələ reallığını taparsa, ədalət bərqərar olar”.