Hər il yerli universitetləri müxtəlif ixtisaslar üzrə minlərlə tələbə məzun olaraq, öz ixtisasları üzrə mütəxəssis olaraq bitirirlər. Lakin buraxılan məzunların bilik və bacarıqları istənilən səviyyədə deyil. Bu problem haqqında gənclər təşkilatları rəhbərləri öz fikirlərini bildirdilər.
Ölkədə aktiv fəaliyyəti ilə tanınan və öndə gedən gənclər təşkilatlarından biri olan "İrəli” İB-nin sədri Rauf Mardiyev "Şərq”ə bildirib ki, universitetləri bitirənlərin öz sahələri üzrə çalışmamasının bir neçə səbəbi var: "Ali məktəbləri qurtarmış şəxslərin heç də hamısı öz ixtisasları üzrə çalışmırlar və işlə təmin oluna bilmirlər. Bunun da səbəbləri daha köklü məsələlərə dayanır. Bu məsələlərdən ən önəmlisi ixtisas seçimi ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanda gənclərin ixtisas seçimi bəzi hallarda onların öz istəkləri və istedadları istiqamətində deyil, məhz valideynlərinin istəyi ilə olur. Bu da şübhəsiz ki, gənclərin arzulamadıqları peşə sahəsində təhsil almalarına gətirib çıxarır ki, gələcəkdə bunun mənfi təzahürlərini görmək olur.
Digər bir məsələ də universitetlərdə təhsilin səviyyəsi ilə bağlıdır. Universitetlər tələbəni yalnız keyfiyyətli təhsil yox, eyni zamanda elmi biliklər almağa həvəsləndirməlidir. Dünya təcrübəsi göstərir ki, universitetlərə daxil olan tələbələrin heç də hamısı ali məktəbi bitirmirlər. Ali təhsil müddətində də universitetdən kənarda qalan şəxslər də olur. Azərbaycanda da belə problemlər var. İnsanlar təhsil aldıqları ixtisas üzrə elmi biliyə yiyələnmirlər. Başqa fəaliyyətlərlə, xüsusilə kommersiya ilə məşğul olurlar. Son nəticədə həmin ixtisas üzrə peşəkarların hazırlıq səviyyəsi aşağı düşür.
Həmçinin gənclər üçün alternativ imkanlar da yaradılır. Onlar dövlətin yaratdığı imkanlardan, xaricdə təhsil imkanlarından istifadə edə bilərlər. Bununla bərabər gənclər sahəsində, ictimai sferada, ümumiyyətlə, Azərbaycanın dinamik inkişafı gənclərin istədikləri sahədə fəaliyyət göstərməsi ilə bağlıdır. Öz bizneslərini qursunlar, sahibkar faəliyyəti ilə məşğul olsunlar. İstər ölkə daxilində, istər ölkə xaricində daha dərin elmi biliklərə yiyələnsinlər. Bütün bu imkanlardan faydalanmaq üçün ən önəmli faktor elmi biliklərin olmasıdır. Bu biliklər tədris əsasında qazanılır. Gənclərimiz təhsilə, təhsildən kənar özlərinin fərdi inkişaflarına daha çox diqqət yetirməlidirlər.
"İrəli” daxilində müxtəlif departamentlər və mərkəzlər fəaliyyət göstərir. Məktəb dövründən başlamış, tələbə və artıq peşəkar gənclərlə çalışırıq. Gənclərlə iş müxtəlif istiqamətlərdə aparılır. Biz məktəblərdə tez-tez görüşüb, şagirdləri ictimai fəaliyyətə cəlb edirik. İxtisas seçimi ilə bağlı müxtəlif təlimlər, tədbirlər həyata keçiririk. Daxildə olan istedadları üzə çıxartmağa çalışırıq”.
Digər gənclər təşkilatı olan "Gənc İslahatçılar” İB-nin və editor.az xəbər saytının baş redaktoru Fərid Şahbazlı isə "Şərq”ə açıqlamasında indi kapitalizmin qanunlarının hökm sürdüyünü, artıq insanları aldığı diplomuna görə deyil, mütəxəssisi olduğu sahədəki bacarığına və göstərdiyi nəticələrə görə işə qəbul edildiyini vurğulayıb: "Bu, dünyanın hər yerində belədir. Böyük biznes korporasiyalar, iş adamları, eləcə də başqa təşkilatlar insanları hər hansı bir sahədə qazandığı nailiyyətinə və konkret nəticələrinə görə qiymətləndirirlər. Kimsə müxtəlif yollarla universitetlər bitirib, əlinə diplom alıbsa, mənim diplomum var deyə kimdənsə iş tələb etməməlidir. Belə problemlərin yaranmasının qarşısının alınması təhsildəki islahatlardan keçir.
Bu gün Azərbaycanda təhsilin həm orta, həm də ali pilləsində çoxlu saylı islahatlara ehtiyac var. Hesab edirəm ki, bu sahədə yeni təyin olunmuş təhsil naziri Mikayıl Cabbarov çox qısa müddətdə kifayət qədər uğurlu fəaliyyət göstərib. Lakin uzun illərdən bəri yaranmış problemlərin həlli köklü dəyişikliklərdən keçir. Yəni bu gün tələbələr universitetlərə dörd ilin tamamında gedib diplom alacağı bir müəssisə kimi deyil, elm, təhsil alacaqları, layiqli vətəndaş kimi yetişəcəkləri ünvan kimi baxmalıdırlar. Belə olduğu halda, heç şübhəsiz ki, onların universiteti bitirdikdən sonra işlə təminatında heç bir problem olmayacaq. Universitetlər də öz üzərlərində çalışmalıdırlar, ali məktəblərin maddi-texniki bazası zənginləşdirilməlidir. Kadr potensialı yüksəldilməlidir.
Dünya ölkələri ilə müqayisə etsək, məsələn, qardaş Türkiyənin İstanbul şəhərində 50-dən artıq universitet fəaliyyət göstərir. Hər il o universitetləri yüz minlərlə gənc bitirir. Ancaq onların böyük əksəriyyətinin işlə bağlı problemi yaranmır. Çünki universitetlər kadr hazırlığı apardığı sahələr üzrə artıq püxtələşib, ixtisaslaşıblar. Və onların kadr kimi yetişdirdikləri gənclərin sonradan iş tapmasında çətinlik yaranmır. Bu mənada bu məsələ kompleks yanaşma tələb edir.
Burada günahkarlardan biri tələbələrdirsə, deyək ki, təhsilə laqeyd yanaşırlar, diplom xatirinə universitetlərə gedirlər. Digər tərəfdən də universitetlərdə norma təhsil mühiti yarada bilməyən ali təhsil müəssisələridir. Universitetlər də öz üzərinə düşən məsuliyyəti dərk etməli, anlamalıdır ki, bu ali məktəblərdə oxuyan tələbələr gələcəkdə onların ölkəsinin idarəçiliyində iştirak etməli olan insanlardır. Onların elm, təhsil və ayrı-ayrı sahələrdə hazırlıq səviyyələrinin yüksək olması həm də dövlətin gücünə təsir edəcək. Tələbələr də başa düşməlidirlər ki, dövlətin onların təhsili üçün ayırdığı vəsait çox önəmlidir. Gənclərimiz bu vəsaitdən özlərinin layiqli bir kadr kimi yetişməsində istifadə etməlidir”.