Almaz Həsrət: "Nizam-intizamsızlığın baş götürüb getdiyi məktəblərdə şagirdlər dərsdən başqa nə istəsələr edirlər”
Novella Cəfəroğlu: "Müəllimlər özləri etiraf etdilər ki, məktəblərdə narkotikdən istifadənin insanlara vurduğu zərbə və insan həyatını təhlükə altına alması ilə bağlı heç bir iş aparılmır”
Məktəblilərin narkotik aludəçiliyi ilə bağlı dəhşətli statistika açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyev bildirib ki,
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə hər il 4-5 məktəb şagirdi, həddi-buluğa çatmamış şəxs cinayət məsuliyyətinə cəlb olunur.
M.Əliyev qeyd edib ki, məsuliyyətə cəlb olunanların əksəriyyəti yeniyetmədir: "Ona görə də məktəblərdə narkomaniyanın yayılmasının qarşısının alınması məqsədi ilə anti-narkomaniya təbliğatı aparılır. Yaddaş kitabçaları paylanılır. Dövlət Komissiyası tərəfindən məktəblərdə birgə tədbirlər keçirilir. Maarifləndirmə işləri aparılır.
Əməkdar müəllim Almaz Həsrət Şərq”ə bildirib ki, mövcud problemin qarşısının alınması istiqamətində çox ciddi maarifləndirmə işləri aparılmalıdır: "Tərbiyə ailədən gəlir. Ailədə övladın maariflənməsi ilə bağlı heç bir addım atılmırsa, bu işi məktəblər həyata keçirməlidir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, hazırda məktəblərdə də sözügedən məsələ ilə bağlı heç bir təbliğat aparılmır. Bəzi məktəblərdə uşaqlar dərsdən yayınırlar. Dərs zamanı küçələrdə gəzişirlər. Sinif rəhbəri və direktorlar həmin uşaqların taleyi ilə maraqlanmır. Məktəbə yoxlama gələndə direktorların və digər məsul şəxslərin yadına düşür ki, sinifdə jurnal üzrə neçə şagird varsa, hamısı dərsdə iştirak etməlidir. Bu cür nizam-intizamsızlığın baş götürüb getdiyi məktəblərdə şagirdlər dərsdən başqa nə istəsələr edirlər. Boş qalan vaxtlarını başqa istiqamətlərə xərcləyirlər. Məktəbdən yayınırlar. Gedib, cəmiyyətdə özünə yer tuta bilməyən biri ilə rastlaşırlar. O da uşaqları daha arzuolunmaz istiqamətə yönləndirir. Onların sağlamlığını korlayır. Özünün yaşadığı çirkli həyatı digərlərinə də təlqin edir. Hər hansı bir xəstə təfəkkürlü adam uşaqlara və ya azyaşlılara doğru istiqamət və stimul verə bilməz. Uşaqlar belə sərsəmlərin təsirinə düşürlər. Başlayırlar narkotikdən istifadə etməyə, qumar oynamağa, daha cılız və ucuz işlərlə məşğul olmağa. Ona görə də məktəblərdə güclü intizam olmalıdır”. Həmsöhbətimiz düşünür ki, məktəb direktorları papaqlarını qabaqlarına qoyaraq məsələyə konseptual yanaşmalıdırlar: "Belə olmayacağı halda, məktəblilər daha pis işlərə baş vuracaqlar”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da azyaşlıların narkotikdən istifadə hallarının artdığını söyləyib: "Bununla bağlı layihə həyata keçirdik. Layihəyə əsasən bölgə məktəblərini gəzdik. Müəllimlərlə görüşdük. Müəllimlər özləri etiraf etdilər ki, məktəblərdə narkotikdən istifadənin insanlara vurduğu zərbə və insan həyatını təhlükə altına alması ilə bağlı heç bir iş aparılmır”.
N.Cəfəroğlunun qənaətinə görə, problemin uğurlu həllinə nail olmaq üçün orta ümumtəhsil məktəblərində təlimlər keçirilməlidir: "Təlimlərə valideynlər də qatılmalıdır. Belə olan halda məsələni müəyyən qədər yoluna qoymaq mümkün olar”.
Hüquq müdafiəçisi deyib ki, narkotikin insan ömrünə bəxş etdiyi bəlalarla bağlı televiziyalarda proqramlar hazırlanmalıdır: "Bizdə belə teleproqramlar azdır. Bu səpkili verilişlərin sayı çoxaldılmalıdır. Üstəlik, narkotiklə mübarizə üçün dövlət proqramı olmalıdır”.