Bakı-Böyük Kəsik istiqamətində iş gedir

317 km yolun əsaslı təmiri başa çatıb



Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2010-2014-cü illər) icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatdırılıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, Ağstafa-Poylu mənzilinin 317-cü kilometrində həyata keçirilən təmir prosesini "Azərbaycan Dəmir Yolları” QSC "Dəmiryolservis” MMC-nin baş direktou Əli Əşrəf Lütfəlibəyov və müvafiq qurumların rəhbərləri izləyiblər.

Qeyd edək ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirini "Azərbaycan Dəmir Yolları” QSC "Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirib. Əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilib. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac” Bankının nəzarət qrupu müşahidə edib.