Zərurətdən dogan mövzu





Gündəlik qayğılardan bəhs edən növbəti telefon danışıqlarımızın birinin sonunda oğlum dedi: " Ata, müxtəlif mövzularda yazırsan, mövzular verirsən, gəlsənə mən də sənə bir mövzu təklif edim. O, çox aktual və insanların hamısı üçün maraqlı olmalıdır. Son illər, elə bil, bütün dünyada, tək bizdə yox, insanlar dünyadan doyublar, ya beziblər, ya da bütün ətrafdakılara biganə olublar. Sanki haqsızlıq hər yerdə baş alıb-gedir və hamı da özünün gücsüzlüyünü nəinki hiss edir, hətta qəbul edir. Bir sözlə, çıxılmazlıq yaranıb. Bütün bunların səbəbi nədir və haradan gəlir? "

Sözsüz ki, yaxşı və maraqlı mövzudur, cavabı da birmənalı deyil. Bütün bunlar haqda mən də çoxdan düşünürəm. Əslində sual zərurətdən dogub, dünyəvi səciyyə daşıdığından sosioloqlara və politoloqlara ünvanlanmalıdır. Lakin mənim bir prinsipim var, o da ki övladlarımın heç bir sualından yayınmayım. Lap körpə vaxtlarından məndən nə soruşublarsa, cavabı gözlətməyib, bildiyim qədər izah etməyə çalışmışam.

Son vaxtlar nədənsə tez-tez gecələr yuxum qaçır və istər-istəməz çoxları kimi mən də bildiklərimi beynimdə araşdırıram. İndi məcbur olub fikirlərimi kağıza köçürürəm: "Mövzunun siyasi, sosial ( məişət ) və elmi tərəfləri var” .

Ən fundamental tərəfi siyasi tərəfidir. Qloballaşma dövrünün gətirdiyi çalarlar: güclü dövlətlər hökmranlığının təsdiqlənməsinin reallaşdırılması və bununçün qonşuluqdakı xırda dövlətlərə edilən təzyiqləri reallaşdırıb, onları müxtəlif bəhanələrlə bir-birinin üzərinə qaldırmaq (bəzi xırda dövlətlərdən qoçu dəstələri kimi istifadə etmək və s.). Az inkşaf etmiş ölkələrə yeni, özünəuyğun başçıların yeridilməsi, demokratiya adı altında işlək-dayanıqlı strukturların çökdürülməsi ( məsələn, Latın Amerikası , ərəb ölkələrində və s.). Böyük dövlətlər zamanı gözləmək deyil," bu gün və indicə " prinsipi ilə köhnə strukturları yeniləri ilə əvəz etmək istəyirlər. Bütün bu hadisələr onsuz da baş verəcək, elmin, texnikanın, geniş internet şəbəkələrinin yayılması millətlərin yekdilliyini asanlaşdıracaq. Millyardlar xərcləmək, insan tələfatına yol vermək, insanlığın gələcəyi naminə yolverilməzdir. İndi gizli iş görmək mümkün deyil ( Vikileaksi yadınıza salın! ). Həm də qan yerdə qalan deyil. Bugünki hegemon dövlətlərin övladlarını gələcəkdə nə gözlədiyini heç kim bilmir. Qüdrətli dövlətlərin ( tarixə nəzər salın ) nəvə-nəticələri indi səhralarda dovşan qovurlar. Yeni oxuduğum Murad Acının " Qiyamətin nəfəsi " (Dıxanie armoqeddona ) əsəri gözəl örnəkdir. Axırıncı 10 ildə müxtəlif bəhanələrlə, yəqin ki, bir

milyon ərəb məhv edilib. Həmin şəraitdə olan qonşu dövlətlərdəki xalqların nə cür hisslər keçirdiyini duymaq çətin deyil. İndi böyük dövlətlər də böhran kütləsindədir. Yəni daxildən parçalanmaq qorxusu həmişə mövcuddur və heç nə əbədi deyil!

Sosial-məişət tərəfinin də 90%-i siyasi tərəfdən gəlir. Resursların qeyri-bərabər paylanması, müharibə qorxusu imkan vermir ki, xırda dövlətlər gəlirlərini bərabər bölgüyə sərf etsinlər. Böyük pullar böyük dəliklərə yönəldiyindən orta və aşağı təbəqələr əziyyət çəkir. Belə vəziyyətdə müftəxorlar və həris işbazlar yeni metodlarla xalqın var-yoxunu sorub, talan edirlər . Keyfiyyətsiz yemək-içmək və istirahət-şou proqramları insanları bir tərəfdən xəstələndirir ( QİÇS, narkomaniya, alkoqolizm, depressiyalar və s.), digər tərəfdənsə ləyaqətsizləşdirir, yaşamaq zülmə çevrilir. Boşanmaların sayı artır, cavan ailələr yaşlı nəslin nümayəndələrini bəyənmir, yaşlılar isə savadsız gəncləri görmək istəmirlər. Ailə konfiliktləri zəminində ölüm hallarının sayı təşviş doğurur. Sui-qəsdlər və intiharlar artır. İnkişaf etmiş kapitalist ölkələrində bu hallar keçən əsrin ortalarında başlayıb. Yadımdadır, keçən əsrin 60-cı illərində 26 yaşlı milyonçu oğlu özünə qəsd etmişdi. O yazıb qoymuşdu ki,” bu dünyada əlçatmaz nə varsa, hamısına nail oldum. Artıq bu dünyada mənim üçün maraqalı bir şey qalmayıb".

İndi bütün ölkələrdə güclü təbəqələşmə gedir. Xüsusilə, postsovet məkanında yeni ruslar, yeni qazaxlar, özbəklər, azərbaycanlılar və s. bütün dünyaya ayaq açıblar. Artıq vətən duyğusu, demək olar ki, aradan çıxıb. Para məhəbbəti hər şeyi üstələyib. Mən həmişə cavanlara, tələbələrimə cavanlığında bir tacir oğlu kimi böyük pullar görmüş, sonra sovet hökumətinin " lütfü " ilə müflisləşmiş atamın dediyi sözləri xatırlayıram: "Arzunun hüdudu yoxdur, Allahdan nə istəyirsiniz, istəyin, yalnız pul istəyəndə ehtiyatlı olun. Ondan elə pul istəyin ki, onu ağlınız idarə edə bilsin. İnsanın bədbəxtliyi onu pul idarə edəndə başlayır". Bütün fəlakətlərin əzəli bununla bağlıdır. İndi nisbətən az müddətdə üst qatda elə pullar əmələ gəlib ki, onu heç bir ağıl idarə edə bilməz. Qalanları – məvacibə baxan gənclər görürlər ki, pulun miqdarı nə onların ağlından, nə də fəaliyyətinin növündən asılı deyil. Halal pul haram pulun kölgəsindədir. Çıxılmazlıq yaranır. Lakin ifrat pul da dərd və əzab verəndir. Heç vaxt pulluların dərdi kasıbların dərdindən az olmayib. bu mənada xeyriyyəçiliyin gətirdiyi rahatliq başa düşüləndir. Lakin əsl xeyriyyəçilik də hər insana nəsib olmur. Əslində xeyriyyəçilik kökdən gəlir .

Ağır iqtisadi durumda , veteranların yardımlarının 70-80, müəllimlərin və həkimlərin real əmək haqlarının təxminən 150 manat olduğu bir vaxtda, bəzi şirnikləşmiş cərrahlarımızın işbazlarla əlbir olub, bahalı özəl klinikalarda adi cərrahiyyə əməliyyatlarını 1000 – 2000 manata etmələri, lazımsız bahalı dərmanlar, mənasız tomoqrafiyalar, rentgenoqramlar, bahalı analizlər, "UZİ”-lər, doplerlər, apteklərdən alınan faizlər və s . xəstə, həmçinin onların qohum-əqrəbaları üçün stress deyilmi? Həkimlər Hippokrat (Loğman) andına xəyanət etdilər və Qilyotinə (məlum Fransa inqlabı zamanı edama məhkum edilmişlərin başlarını asanlıqla üzmək üçün xüsusi qurğu ( gilyotin ) icad etmiş həkimə )” rəhmət " oxutdururlar, heyif onlara olan hörmətə. Ümumiyyətlə, səhiyyə sahəsində qüsurlarımız çoxdur və ən yaralı

yerimizdir. Çünki burada " bacarana can qurban” prinsipi getmir. Səhiyyə işçiləri ( xüsusən nazirlik ) babalın çox hissəsini öz üzərinə götürür: bura birinci növbədə, mümkün vasitələrlə tibbi sığortanın ləngidilməsi, xaricə müalicəyə gedənlərə yaradılan əngəllər, xaricdən gələn həkimlərə xəstələrdən alınan məbləğin yaxşı halda cəmi 25 % - nin verilməsi. Yəni xəstələrdən mümkün qədər çox pulun qoparılması! Məgər xəstələrin dərdi özlərinə bəs deyilmi? Bunlar hamısı tez görünən, milləti gözdən salan və dərd gətirən əməllərdir.

Elmi tərəfin bünövrəsində əsasən günəşin aktivliyi və ekoloji problemlər durur. İnsanların özlərini cəmiyyətdə, ailədə necə aparması birbaşa günəşin aktivliyi ilə bağlıdır. Hələ keçən əsrin 20-ci illərində böyük rus alimi professor A.L.Çijevski Yer kürəsində baş verən siyasi-ictimai-sosial və təbii hadisələrin əsas səbəbkarı kimi günəşin aktivliyini görürdü. O çoxlu sayda tədqiqatların nəticələrini araşdıraraq, isbat etmişdi ki, müxtəlif xəstəliklərin yaranması və artması periodik səciyyə daşıyır. Sürünənlərin və quşların müxtəlif populyasiyalarındakı növlərin sayının sürətlə dəyişməsi, mikrobların və virusların qədərindən artıq olması məhz günəşin aktivliyi ilə bağlıdır. Son illər günəşdə güclü partlayışlar müşahidə olunur və onun aktivliyi normadan xeyli artıqdır.

İnsan və digər canlıların orqanizmlərində gedən biofiziki və biokimyəvi proseslərin mərkəzində suyun təsiri birinci yerdədir. Çünki bildiyimiz kimi, insanların beyninin 90 %, bədəninin isə 70 % -i sudan ibarətdir. Dünya alimlərinin apardığı çoxsaylı tədqiqat işləri artıq bəhrəsini vermək üzrədir. Suyun xeyli möcüzələri izahını tapmışdır. İndi müxtəlif xarici təsirlərlə suyun parametrlərini idarə etmək mümkün olur. Bu parametrlərdən biri də suyun səthi gərilmə əmsalıdır. BDU-nun fizika fakultəsinin əməkdaşlarının apardıqları elmi işlərin nəticələri göstərir ki, suyun səthi gərilmə əmsalı kiçildikçə aktivliyi artır. Aktivliyi ( fizioloji terminlərlə desək, suyun potensialı ) çox olan suyun hüceyrələrə və orqanlara daxilolma sürəti də çox olur. Günəş aktivliyi zamanı suyun hər vahid həcmi əlavə enerji aldığından onun səthi gərilmə əmsalı azalır aktivliyi isə artır. Orqanizmlərdə maddələr mübadiləsi, fizioloji və bioloji proseslərin sürəti nəzərə çarpacaq dərəcədə dəyişir. Xüsusilə günəş aktivliyinin ekstremal ( orta qiymətə nəzərən ən böyük və ən kiçik ) qiymətlərində bütün xəstəliklər tüğyan edə bilər. İnsanların davakar olmaları, psixi halların pisləşməsi, qəza hallarının çoxalması məhz günəşin aktivliyi ilə bağlıdır.

Bəs məişətdə istifadə olunan cihazların gətirdiyi şüalanmaların fona əlavə olunması azdırmı? Bəs kompüterlərin gətirdiyi müxtəlif nasazlıqlar, göz və əsəb xəstəlikləri, mobil telefonların İfrat Yüksək Tezliklər diapazonunda verdiyi şüalanmalar ? Həm də mobil telefonlar Elektromaqnit Dalğaların santimetrlik diapazonunda işləməklə yanaşı, fondan min dəfələrlə çox enerji şüalandırırlar. Mikrodalğa sobalarından 1,5 metr məsafədə şüalanmanın GSS-i normadan 300 dəfə çox olur. Normal yaşamaq üçün şərait tükənir. Bütün bunlara ekoloji təlatümlərin digər komponentlərini də əlavə etmək olar. Birinci növbədə, havanın və suyun çirklənməsini, avtomobil nəqliyyatının gətirdiyi qarşısıalınmaz və misilsiz ekoloji çirklənmələri nəzərə almaq lazımdır. İldə dövrünü başa vurmuş təxminən 100 min nəqliyyat

vasitəsi ölkəyə gətirilir. Avropalıların dəyər-dəyməzinə başlarından etdikləri maşınları biz bəh-bəhlə salonlara doldurub üçqat qiymətə, vətəndaşlarımıza böyük faizli kreditlə sırıyırıq.

Gecələr səhərə kimi böyük mağazaların həyətlərində, ya da elə camaatın gözü qarşısında, küçələrdə, konteynerlərdə zibillər yandırılır. Xlorlu birləşmələrdən hazırlanmış müxtəlif torbalar ... yananda ən güclü zəhər – dioksin əmələ gəlir. Zibili daşıyıb - aparmaq əvəzinə, zibilxanalarda yandırırlar. Yüksək dərəcədə zəhər udan insanlardan orijinal düşünmək və ya yaxşı əməl gözləmək olarmı? Sadəcə bu bizim gördüklərimizdir. Yəqin ki, hələ xeyli bilmədiklərimiz də var. Hələ indi yazırlar ki, sosialist düşərgəsinin çökdürülməsi ərəfəsində xaricdən yardım adı ilə göndərilən qida məhsullarının tərkibinə qatılan, insanlarda kütləvi psixoz yaradan U6 maddəsi, əhalidə narazılıq əhval-ruhiyyəsini qat-qat gücləndirir, sonra isə depressiyalara məruz qoyur.

Bəs geni dəyişdirilmiş kənd təsərrüfatı məhsulları, qida məmulatları əhalinin kasıb təbəqələri üçün deyilmi ?

Rusiyanın " PEH " telekanalının verdiyi məlumata görə, özündən müştəbeh ölkələr, ücüncü və dördüncü dərəcəli ölkələrə, müxtəlif dərmanların içərisində hətta sağalmaz xəstəliklər (məsələn onkoloji xəstəliklər ) törədən tərkibləri də daxil edirlər.

Bütün bunlardan xəbərdar olan insanlar nə etməlidirlər? Övladlarının gələcəyi fəlakətə sürüklənən valideynlərin yuxusu qaçsın, qaçmasın?

Tərs kimi evlərimizə gələn su da içiləsi deyil!

Mən yazılarımın birində təklif etmişdim ki, Bakı şəhərində içməli su kimi yalnız Şollar suyundan istifadə etmək lazımdır. Qalan sularımız hamısı keyfiyyətsizdir. Şollar suyunu hər hansı su ilə qatmaq günahdır və onu texniki su kimi işlətmək cinayətdir. Hökümətimiz Şollar suyunu ayrıca xətlə şəhərin müxtəlif yaşayış massivlərinə çatdırmalıdır. O, Bakı camaatının sərvətidir.

Görkəmli fizik, atom enerjisi sahəsində tanınmış mütəxəssis, gəncliyindən ailəsi ilə birlikdə nüvə reaktorlarında işləmiş, atası və qardaşları yüksək radiasiya alaraq şikəst olduqlarından ömrünü, təhlükəsiz enerji mənbələrinin yaradılmasına həsr etmiş rus alimi İ.S. Flimenko yazır ki, " Ağcaqayının ömrü 250 il, şam ağacının 500 il, sidrin 1500, sakfoyanın 5000, baobabın ömru isə 10000 ildir ! Adəm peyğəmbər 930 il, Nuh peyğəmbər 962 il yaşamışlar. İndi isə orta ömür çox olsa, 57-58 ildir. Belə dəhşətli dərəcədə qısa ömürlülüyün səbəbi ətraf mühitin radioaktiv maddələrlə çirklənməsidir ". (Orakul. №3, 2006, səh.4) Onun hesablamalarına görə, insan orqanizminin hər santimetr kubunda dəqiqədə 15 kalium-40 izotopu parçalanır. Bundan başqa, orqanizmimizdə uran, radium-226, torium radioaktiv zərrəcikləri də var. Hər bir radioaktiv zərrəcik parçalandıqda 1025 canlı hüceyrəni məhv edir. Əgər radioaktiv şüalanmalar nəticəsində hüceyrənin bir atomu ionlaşır və ya həyəcanlanırsa, hüceyrə öz fəaliyyətini dayandırır. Həmin atom normal

halına qayıtdıqda hüceyrə yenidən, daha da böyük sürətlə böyüməyə başlayır. Orqanlarda bəd xassəli şişlərin əmələ gəlmə mexanizmlərinin biri də belədir ! Radiasiya hesabına infarktların, insultların, trombların və göz xəstəliklərinin sayı artır, insanların səhhəti korlanır, ağır xroniki xəstəliklərin təməli qoyulur.

Həm də insan işlərin belə gedişində acizdir. Hamı dünyanı elə - belə qəbul edir: yəni olanı budur. İnsanlar öz əməllərinin qurbanlarına çevrilirlər.

Beləliklə, ağıllı və düşünən insan ətrafda baş verənlərə görə əzab və acizliyinə görə isə xəcalət çəkir.

Belə çıxır ki, nə dolanışıq, nə sağlamlıq, nə də əməllərimiz bizdən asılı deyil ! Fərəhləndirici də bir şey yoxdur! Yeganə ümid Allahın mərhəmətidir!

İnsan acizliyini görəndə gücsüzləşir. Ona görə Dünya Səhiyyə Təşkilatı indidən 2030 -cu ili kütləvi depresiya ili elan etmişdir.

Biz " yağlı əppək " olduğumuzdan " təəssübkeşlərimiz " də çoxdur. Özümüzə ayıq başla, təmkinliklə qayıtmalıyıq. Dünyəvi probləmlərə gücümüz çatmasa da, gələcəyimiz naminə bəzi işləri görə bilərik.

Bakıya qonaq gələn bir çinli iş adamı əhalimizin sayını biləndə təəccüblənərək deyib ki, siz , yəqin, hamınız bir-birinizi tanıyırsınız. Bəli, doğrudan da, tanıyırıq. Onda açıq və dürüst işləmək lazımdır. Onsuz da hamı hər şeyi bilir. Vaxtı itirmədən nəfsimizlə mücadiləyə başlamalıyıq. Dahi Füzulinin "öz zəmanəsinin padşahı " adlandırdığı Şah İsmayıl Xətai deyib:

"Bu dünyada mal- mülküm

Vardır " deyən yalan söylər.

Mal-mülkə sitayiş edənin vətəni olmaz.

Hamılıqla əl-ələ verib, fəxarətlə və cəsarətlə respublikamızın qayğısına qalmalıyıq. Birinci növbədə, kimliyindən asılı olmayaraq, qanunun aliliyini qəbul edərək, qanunları işlətmək lazımdır. Yuxarıda sadalanan və çoxlu sayda sadalanmayan nöqsanlarımızın böyük əksəriyyətinin nizamlanması üçün qanunlarımız mövcuddur. Dünyada dövlətçiliyin əsasını qoyanlardan biri sayılan Konfutsi hələ 2500 il bundan əvvəl deyib:

" Dövlət onda güclü olur ki, gəlirləri bərabər bölünmüş olsun.”

Çalişıb buna nail olmaq lazımdır.

Söhbətimizi su ilə tamamlayaq. Çünki su aydınlıqdır, onsuz həyat yoxdur. Səfərə çıxanın arxasınca su atırlar ki, yolu uğurlu olsun. Hamımız ömür yolundayıq. İndi uzun

ömürdən söhbət gedə bilməsə də, heç olmasa, ömrümüz insan ömrü kimi keçsin: nə az, nə çox, düz Allah verən qədər. Arzum budur ki , ümidimiz Allahdan qırılmasın!

Sonda 1935 və 1947-ci illərdə, 2 dəfə Sovet məhbəsinə salınmış Nina İvanovna Qagen-Tornun ömrünün ən ümidsiz çağlarında yazdığı poemadan insanlara sonsuz ümidlər bəxş edən parçanı təqdim edirəm:

Sən insansan! Yaşayacaqsan!

Əsrlərdə, aləmlərdə,

Axar suların səsində,

Vərəqlərin yaddaşında,

Hərəkətdə, təkamüldə

Sən əbədi qalacaqsan!

Nemət Məmmədov,

Lütfi Zadə adına BMEA-nın

həqiqi üzvü