"Ermənistan həm süldən danışır, həm də silah alır" - ALDANMAYAQ !

Tofiq Abbasov: "Ermənilərin bu kimi sürüşkən bəyanatları əməlləri ilə uzlaşmır "

"Sülh mümkündür, zərurətdir, vacibdir. Bunu həm xalqlar, həm də münaqişə bölgəsində yaşamaq imkanından məhrum olan insanlar istəyir”.

Bunu Sherg.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutması planlaşdırılan görüş haqqında danışarkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, Ermənistan rəhbərliyi də sülh barəsində çox danışır, lakin onun bərqərar olunması üçün tək bir addım atmaq istəmir, heç niyyəti də yoxdur:

" Elmar Məmmədyarovun sülhün mümkünlüyü haqqında açıqlamalarının əsası var. Çünki 27 il bundan əvvəl Azərbaycanın heç müharibəyə niyyəti də yox idi. Hazırda ziyanlarını çəkdiyimiz dağıdıcı fəaliyyət Ermənistan tərəfindən həyata keçirilib. Ona görə də 2016-cı ilin aprelində artıq Azərbaycan ordusu vəziyyətin, qüvvələr nisbətinin necə olmasını dünyaya bəlli etdi. Bu zaman ermənilər həm qorxuya düşdülər, həm də sülh haqqında danışırlar. Buna aldanmaq olmaz. Onlar sülh barədə danışıb, müxtəlif fikirlər söyləyərək, xeyli sayda silah-sursat alırlar. Ordunun döyüş qabiliyyətini qaldırmağa çalışırlar, Naxçıvanın azad olunması məsələsini aktuallaşdırırlar. Ermənilərin bu kimi sürüşkən bəyanatları əməlləri ilə uzlaşmır. E.Nalbandyan həqiqətən, sülhə hazır olmaları barədə real fikirlər səsləndirib, E.Məmmədyarov da buna dəstək veribsə, ola bilər, daxildə hələ də vəziyyət dəyişmir. Müharibə məsələsi yavaş-yavaş mövqelərini itirməkdədir. Serj Sarkisyan administrasiyası ən yaxın zamanda, referendumdan sonrakı islahatlar nəticəsində ümumiyyətlə, siyasi səhnədən gedə bilər”.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan həmsədrlərin regiona səfərindən sonra nazirlər səviyyəsində görüşün mümkün olduğunu bildirib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə açıqlamasında bunun prinsip etibarilə mümkün olduğunu söyləyib.

Aysel Aslan