Avtovağzalda yığılan 1 manat ETİRAZ DOĞURDU: "Hansı əsasa görə..."

Fərhad Eyyubov: "Necə gəldi daxil olan nəqliyyat vasitələrindən 1 manat toplana bilməz"


"Hər bir avtovağzalın özü xüsusi mülkiyyətə malikdir”.

Bunu Sherg.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) daxil olan nəqliyyat vasitələrindən 1 manat məbləğində pul alınmasının səbəblərini izah edərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

O bildirib ki, avtovağzal özü xüsusi təsərrüfat, hüquqi şəxs olduğundan qurumu inkişaf etdirmək üçün mənfəət qazanması lazımdır:

"Dayanmaq üçün yaxşı şərait yaradılsa, gələn şəxslər hiss etsə ki, doğrudan da ödəniş etmək münasibdir, onda heç kim pulu verəndə inciməz. Bəzi başqa şəhərlərin avtovağzallarında isə nəqliyyat vasitəsi saxlanılırsa, pul mütləq ödənilməlidir. Qurumun özünün daxili nizamnaməsinə əsasən dayanacaqlarda pul yığmağın nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirmək lazımdır. Amma ümumi götürdükdə hər bir müəssisənin özünün mənfəət əldə etmək üçün şərtləri var. Bir məsələ diqqətə alınmalıdır ki, xidmət yüksək səviyyədə göstərilsin və ödənilən vəsait xidmətə uyğun olsun”.

Təhlükəsizlik baxımından avtovağzallarda xidmət haqqı tutulmalı olduğunu diqqətə çatdıran F. Eyyubovun sözlərinə görə, bu məbləğin nə qədər olması onların öz tarif sistemi ilə müəyyənləşdirilməlidir:

"Həmin pulun hara xərclənməsi də daxili nizamnaməyə uyğun olaraq, mənfəət modelində bilinməlidir. Çünki avtonəqliyyat vasitəsi vergilər verir. Amma xidmət səviyyəsinin müəyyən olunmasını necə təşkil ediblər bu başqa məsələdir. Hüquqi cəhətdən tam müsbət və ya mənfi qiymət vermək düzgün deyil. Ora xidmət alınmamalı olduğunu desək, göstərilən xidməti təmin etmək çətinləşər.

Avtovağzalın tarif sistemini analiz etmək lazımdır ki, hansı əsasa görə, bu qədər ödəniş nəzərdə tutulub. Amma düşünürəm ki, xidmət haqqında və məsrəflərinə uyğun şəkildə xidmət haqqı müəyyənləşməlidir. Necə gəldi daxil olan nəqliyyat vasitələrindən 1 manat toplana bilməz. Həmçinin nəqliyyat vasitələrinin tarifləri avtovağzalda dayanma müddətinə görə də, hesablanmalıdır. Vağzalda 5 dəqiqə və 1 saat dayanan nəqliyyat vasitələrinin hamısından eyni pul tələb olunmamalıdır. İstifadəçilər də bu vəziyyətdən narazılıq etməməlidir. Onlar öyrənməlidirlər ki. xidmət səviyyəsi ilə tarif haqqının mütənasibliyi nə formadadır”.

Qeyd edək ki, son günlərdə BBAK-ın ərazisinə daxil olan bütün nəqliyyat vasitələrindən 1 manat məbləğində ödəniş tələb olunması müzakirə olunur. Əhali bunun qanunsuz olduğunu hesab edir və nəqliyyat vasitəsinin avtovağzal daxilində dayanma vaxtına uyğun tarif haqqı hesablanmamağına etiraz edir.
Ayyət Əhməd