Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Qrexin və Pedro Aqramuntun gələn ilin əvvəlində Azərbaycana gələcəklər. Həmməruzəçilər Azərbaycanda rəsmi şəxslər, siyasi partiyalar və QHT nümayəndələri ilə görüşlər keçirəcəklər.
Səfərin əsas məqsədi, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı vəziyyəti müşahidə etməkdir. Həmməruzəçilərin Bakıda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi məsələsini də qaldıracaqları gözlənilir. Xatırladaq ki, iyun səfəri zamanı D.Qrex və P.Aqramunt, Azərbaycan üzrə yeni məruzənin hazırlanmasına başladıqlarını və bu sənədin yaxın 2-2,5 ilə hazır olacağını bildiriblər.
Həmməruzəçilərin səfərini dəyərləndirən Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı komitə üzvləri ilə mütəmadi əlaqə saxladıqlarını bildirib: "Həmməruzəçilərlə daimi işləyirik. Artıq Azərbaycanla, yəni burdakı problemlərlə bağlı kifayət qədər məlumatlıdırlar. Çünki ölkədəki məlumatları günbəgün onlara ötürürük. Gələn il öz hesabatları ilə əlaqədar Azərbaycana gələcəklər. Ona görə də həmməruzəçilərin diqqətinə əlavə nəyisə çatdırmaq, onlara yeni şey göstərmək fikrimiz yoxdur. Yəni buna ehtiyac görmürük”.
S.Qocamanlının sözlərinə görə, AŞ PA həmməruzəçilərinin hansı formada hesabat hazırladıqlarını qısa vaxtdan sonra hamı biləcək: "Onların gəlişində konkret məqsəd nədir, deyə bilmərəm. Hər halda bizimlə görüşəndən sonra məsələni dəqiq biləcəyik. Yəqin ki, onlar da ölkəmizdə olduqları zaman öz narahatlıqlarını, fikir və iradlarını bizimlə və aidiyyəti dövlət strukturlarla paylaşacaqlar. Görüşüb danışmamış bəri başdan nəsə demək olmur”.
İsmayıl