Xalq artisti Rafiq Hüseynov İstanbuldan Bakıya qayıdıb. Məlumdur ki, R.Hüseynovun ağ ciyərində xərçəng xəstəliyi aşkarlanmışdı və Xalq artisti Heydər Əliyev Fondunun dəstəyi ilə İstanbul klinikalarından birində əməliyyat olundu.
Amma tanınmış diktorun ikinci dəfə əməliyyat olunmasına ehtiyac yaranacağı ehtimalları da səslənirdi. Dünən Xalq artisti ilə əlaqə saxlayıb səhhəti ilə maraqlandıq. Səsinin zəif gəlməsi sevimli diktorumuzun çox danışa bilməyəcəyinə işarə idi:
- Hələ zəifəm. Həkimlər özümü yormamağı, çox danışmamağı tapşırıblar.
- İkinci bir əməliyyata ehtiyac olacaqmı?
- Yox. Əməliyyat qurtardı. Daha olmayacaq.
- Demək olar ki, xəstəliyə qalib gəldiniz?
- Hələlik qalib gəlmişəm. Mənə dəstək olan bütün insanlara, dostlarıma, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma təşəkkürlərimi bildirirəm.
- Həkimlər nə dedi, kimyaterapiya lazım gələcək?
- 2 aydan sonra kimyaterapiya olmalıdır. Hələ ona baxacağıq. Bəlkə burda oldu, ya da ola bilsin ki, yenidən İstanbula qayıdaq.
- Ümumiyyətlə, müalicədən razı qaldınızmı?
- Çox razıyam. Müalicəmdən də, həkimlərdən də.
- Can sağlığı, Allahdan şəfa arzulayırıq, Rafiq müəllim.
Məlahət Rzayeva