Azərbaycanda hərbi xidmət zamanı həlak olmuş və dünyasını dəyişmiş hərbçilərin dəfni üçün xüsusi qaydalar hazırlanır. APA-nın məlumatına görə, qaydalarda xidməti-döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişmiş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili ilə bağlı məsələlər əksini tapacaq. Dəfn və bununla bağlı xərclərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Xatırladaq ki, indiyədək xidməti-döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişmiş hərbi qulluqçuların dəfn mərasimləri bəzi hallar istisna olmaqla, adi qaydada təşkil olunurdu. Qaydalar təsdiq olunandan sonra dəfn mərasimlərində iştirak etmək üçün qarnizonlarda xüsusi bölmələr hazırlanacaq. Qaydaların hazırlanmasında Türkiyə Silahlı Qüvvələrinin analoji təcrübəsindən istifadə olunub.
"Şərq”ə danışan hərbi ekspert Üzeyir Cəfərov isə əslində hərbi qulluqçuların dəfni ilə bağlı qaydaların mövcud olduğunu qeyd etdi: "Sadəcə, hansı xüsusi qaydalar hazırlanır, başa düşmədim. Dünyasını dəyişmiş şəxslə bağlı hansı xüsusi qaydalar ola bilər? Hərbçilərin dəfn mərasimlərinin qaydalarında aydın göstərilir ki, dəfni həyata keçirmək üçün qarnizonlarda Müdafiə Nazirliyinin əmri ilə hərbçilər ayrılır. Həmin hərbçilər yüksək rütbəli və yaxud dövlət qarşısında xususi xidmətləri olanların dəfni zamanı müəyyən ritualları həyata keçirirlər. Yəni onların müsəlman qaydası ilə hazırlanması, son mənzilə yola salınmasıdır. Əgər yüksək rütbəli hərbçidirsə, məzarı önündə fəxri qaravulun düzülməsidir, havaya atəş açılmasıdır. Bunlar hamısı qaydalarda var. Sadəcə mən hörmətli dövlət qurumlarını anlaya bilmirəm, xususi qaydaların hazırlanmasına nə ehtiyac var? Hərbçinin qadın və kişisi olmur. Bizdə bir sıra güc strukturlarında qadın generallar da var. İstər qadın general və ya polkovnik olsun, ayrı-seçkilik yoxdur. Həyatdır, hər şey ola bilər. Allah etməsin. İndiyə kimi dünyasını dəyişən hərbçilərimiz və generallarımız olub. Başqa ölkələrə də nəşiləri aparılaraq, dəfn olunub. Həmin qarnizonlarda onsuz da xüsusi bölmələr də var. Guya bunlar yeni əsgər və qadın hərbçilərin yer alacağı bölmələr, xüsusi rituallar təşkil edir. Belə yersiz, mənasız şeylərə vaxt sərf etmək lazım deyil. Guya bunlar yenilik etmək istəyirlər. Daha ciddi işlərlə məşğul olsunlar. Bir müddət əvvəl kəmər və formanın dəyişilməsi məsələsi ortalığa atıldı. İndi hərbçilərin dəfni ilə bağlı məsələ gündəmə gəlib.
Sadəcə, dəfn mərasimlərini həyata keçirən komissiyalara müəyyən bilgilər və tapşırıqlar verilməlidir. Bəzən dəfn mərasimlərində həyat təcrübəsi olmayan əsgərlər olurlar. Hətta tabutdan qorxurlar, çəkinirlər. Hərtərəfli hazırlıqlı əsgərlər olmalıdır”.
Türkiyədəki dəfnolunma təcrübəsindən də danışan hərbi ekspert Türkiyə Silahlı Qüvvələrində xüsusi geyimdə, hazırlıqlı, avtomobili olan əsgərlərin olduğunu qeyd edib: "Və o əsgərlər də göz qırpmadan üzərinə düşən vəzifələrini layiqincə həyata keçirir. Məsələn, bu yaxınlarda Dövlət Sərhəd Xidmətində bir general dünyasını dəyişdi. Hazırlıqsız olanda, əslinə qalsa normal qarşılanmır. Hazırlıqlı olmaq lazımdır.
Xüsusi qaydaların hazırlanmasını və bunun üçün şəxsiyyətin ayrılmasını alqışlamıram. Sadəcə olaraq mövcud bölmələrlə müvafiq lazımi işlər görülməlidir ki, onlar da üzərinə düşən vəzifələri (ritualları) ən yüksək səviyyədə həyata keçirə bilsinlər. Ancaq qaydalar təkmilləşməlidir. Yenidən insan resursları və dövlət vəsaitləri cəlb etməyə ehtiyac yoxdur. Bu, dövlət büdcəsinin artıq istifadəsidir. Bu məsələlər işini bilən şəxslərə həvalə edilməlidir. Yüksək səviyyədə peşəkarlıqla dəfn mərasimi həyata keçirilsin. Misal olaraq, müharibənin ağrı-acısını görmüş, polkovnik rütbəli mərhum Ümid Şirinovu Müdafiə Nazirliyinə müraciət etməyimizə baxmayaraq hərbi qaydada, ritualla dəfn edilməsinə nail ola bilmədik. Digər nümunə İlqar Verdiyev MN-in mətbuat xidmətinin keçmiş əməkdaşı hərbi vəzifəsini yerinə yetirərkən vəfat etmişdi. Düzdür, nazirlik maşın ayırdı, dəfnində hərbçilər iştirak etdi. Lakin mülki qəbiristanlıqda dəfn olundu. Buna görə deyilən məsələlərə önəm artırılmalıdır”.
Vüqar Şahinoğlu