Dəlixanadan qaçan şəxsdən silah-sursat tapıldı

Razim Hacıyevin evindən 1 ədəd “Kalaşnikov” markalı avtomat və digər silah sursat aşkar edilərək götülüb



 Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu, noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin qaçmaları faktı ilə bağlı birgə məlumat yayıblar.
Bakı Şəhər prokurorluğunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə cinayət işi başlanılıb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq, 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

Dekabrın 26-da axtarışda olan Razim Hacıyev də paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılıb. Baxış zamanı R.Hacıyev və onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd "Kalaşnikov” markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça, 1 ədəd pnevmatik tapança və 1 ədəd süngü bıçaq aşkar edilərək götülüb.

Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.