Empatiya insan sağlamlığına ziyan vurur

“Yaxşı olar ki, kimlərə empatiya mənfi təsir göstərir, həmin şəxslər ona zərərli olan duyğuları və emosiyaları yaradan görüntülərdən uzaq dursunlar”


Alimlər empatiya (özünü başqasının yerinə qoyma) və dərdə həyan olmaq hissinin insan sağlamlığına ziyan vurduğunu müəyyən ediblər.

Elm adamlarının fikrincə, empatiya hissinin növlərini ayırd etmək vacibdir. Birinci, qarşısındakı insanı müşahidə edərkən və ya ünsiyyətdə olarkən onun nə hisslər keçirdiyini özündə hiss etməkdir. İkinci növ empatiya isə özünü əqlən qarşısındakı insanın yerinə qoyaraq onun bütün narahatçılıq və emosiyalarını özündə hiss etməkdir. Alimlər ikinci növün daha təhlükəli olduğunu bildiriblər. Onların fikrincə, məhz bu növ ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Əslində isə empati keçici, şüur və ya şüuraltı ilə sərhədlənmiş, reqressiv olmayan, asanlıqla geri dönə bilən bir xarakteristika ilə uyğunlaşmışdır.

Onun məqsədi, digər insanları duyğusal olaraq anlamaqdır. Empatinin bioloji açıqlanması ayna neyronlarının kəşfi ilə başlayıb. Empati digər insanın niyyət və məqsədini anlamaq, zehnini oxumağımıza yardım edər. Empatidə digər önəmli bir faktor da insanın öz hisslərinin fərqində olmasıdır. Məhz empatiya sayəsində, antisosial şəxsiyyət pozuntusu olan insanların müalicəsi və s. müxtəlif məqsədlərlə hədəflənmiş çalışma-inkişaf etdirmə proqramlarında sosial və koqnitiv müdaxilələr mümkündür. 

Empatiya həmçinin mimiki reaksiyaların, davranışların və jestlərin köməyi ilə başqasının emosional durumunu anlamaq bacarığıdır. Ancaq empatiyanın da həddi var. Artıq dərəcədə empatiya cəmiyyətdə, dünyada balansı poza və insanlar arasında çox daha fərqli vəziyyətlər yarada bilər. Ekspertlərin sözlərinə görə, nəsillərarası münasibətlərdə empatiyanın rolu çox böyükdür. Bu gün cəmiyyətimizdə baş verənləri müşahidə etdikdə empatiyanınn aşağı səviyyədə olduğunu gənc nəsillə köhnə nəslin arasında ciddi anlaşılmazlıqlar olduğunu aydın şəkildə görə bilirik. 

Yəni empatiya prosesinin sağlam formada reallaşması üçün bizim ünsiyyət qurmaq bacarıqlarımız doğru olmalıdır. Digər önəmli məqam isə stereotiplərdir. Stereotiplərdən azad olub dünyaya maskimum dərəcədə obyektiv prizmadan baxdıqda empatiya avtomatik refleks olaraq gerçəkləşir.

"Əgər biz bir filmə baxarkən, qurduğumuz empatinin nəticəsində gözlərimizdən yaş gəlirsə və ya həyəcanlı hər hansı bir epizoda baxarkən həyəcan keçiririksə, sözsüz, bu o deməkdir ki, empati hissi hansısa formada orqanizmə təsir edir”. Bu sözləri isə alimlərin fikrini "Şərq”ə şərh edən "Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc deyib.

Onun sözlərinə görə, bu təsirlər bəzən müsbət, bəzən də mənfi ola bilər: "Əgər ürək-damar xəstəliyindən əziyyət çəkən biri, adrenalinli bir filmə baxarsa, kəskin emosional reaksiyalara səbəb olacaq səhnələr görərsə, sözsüz ki, bu mənfi təsir edəcək”.

Orxan Orucun sözlərinə görə, empatiya hissinin sağlamlığa zərər vurmaq kimi təsirlərinin olması o demək deyil ki, empati hissindən uzaq durmaq lazımdır: "Bu, ümumiyyətlə, mümkün olan hal deyil. İnsan faktoru varsa, emosiyaları normal olan şəxsin empatiya yaşaması tamamilə təbii bir prosesdir. Daha yaxşı olar ki, kimlərə ki empatiya mənfi təsir göstərir, həmin şəxslər ona zərərli olan duyğuları və emosiyaları yaradan görüntülərdən uzaq dursunlar”.

İnsanın məhz bütün emosiya və duyğuları ilə insan olduğunu vurğulayan psixoloq deyib ki, empati, qarşımızdakı insanın emosional vəziyyətini dərketmə prosesi olmasaydı, insanlar biri-birlərinə qarşı hədsiz dərəcədə laqeyd olardı. Bir şeyi də nəzərə almalıyıq ki, insanın sosial həyatını davam etdirməsi üçün digər insanları anlaması vacibdir.

Şəymən