10 erməni əsgəri öldürüldü - hər an müharibə başlaya bilər!

Yanvarın 20-də Qarabağda və Ermənistanla sərhəddə başlayan gərginlik artıq qaynar cəbhə xəbərlərinə çevrilməkdədir



Bütün sərhədboyu düşmənlə döyüş xəbərləri gəlir; Ermənistanın müdafiə naziri təcili mətbuat konfransı keçirdi; Azərbaycan Müdafiə Nazirliyi ərazimizə soxulmaq istəyən diversiya qrupunun tərkibində qeyri-erməni dilində danışanların olduğunu bəyan etdi; Xocalı və Füzuli istiqamətlərində ermənilərin 10-a qədər itki verdiyi xəbəri var
Yanvarın 20-də Qarabağda və Ermənistanla sərhəddə başlayan gərginlik artıq qaynar cəbhə xəbərlərinə çevrilməkdədir.
Beşinci gündür ki, hər iki tərəfdən atəşkəsin pozulması, itkilərlə bağlı rəsmi və qeyri-rəsmi məlumatlar yayılır.
Yanvarın 23-də "azeridefence.com” saytı cəbhə xəttindəki Azərbaycan Ordusunun yüksək rütbəli hərbçisinə istinadən Füzuli rayonu istiqamətində cəbhədə provokasiyalara cəhd edən 7 erməni hərbçisi öldürülməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan tərəfi ermənilərin provokasiya planları barədə əvvəlcədən məlumatlı olub. Həyata keçirilmiş preventiv tədbirlər nəticəsində Qorqan istiqamətində 3, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində isə 4 erməni hərbçisi öldürülüb. "Öldürülmüş erməni əsgərlər Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmışlardır. Onların üçü düşmənin xüsusi təyinatlı dəstələrinin hərbçiləridir. Onların meyitlərinin görüntüləri belə var” deyə, zabit vurğulayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərməsi barədə məlumat yayıb. "Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib” deyə, Müdafiə Nazirliyinin xəbərində deyilir.
Müdafiə Nazirliyi cəbhənin Tovuz istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin avtomobilinin sıradan çıxarılması barədə də xəbər yayıb, amma qarşı tərəfin itkiləri barədə məlumat verilmir. "Müdafiə Nazirliyi 7 erməni əsgərinin məhv edilməsi ilə bağlı xəbərlərə heç bir şərh vermir”. Bunu axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O, deyib ki, Müdafiə Nazirliyi bu səpkili məlumatlara heç bir şərh vermir.
Cəbhə xəttində vəziyyətlə əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri də hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri yanvarın 24-də cəbhə boyu uçuşlar həyata keçirib.
Məlumata görə, hərbi aviasiyanın təmas xətti boyu uçuşlar keçirməsi həm düşmən qüvvələrinin cəmləşməsini izləmək, həm də Azərbaycan ordusunun vəziyyətin daha da gərginləşəcəyi halda daha sərt cavab zərbələri endirməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Belə ki, hərbi aviasiya Azərbaycanın hazırda Qarabağ cəbhəsində erməni qüvvələri üzərində malik olduğu əsas üstünlüklərdən biridir. Azərbaycan çoxlu sayda pilotsuz kəşfiyyat təyyarələrinə, hücum vertolyotlarına və modernləşdirilmiş döyüş təyyarələrinə malikdir.
Yanvarın 24-də sosial şəbəkələrdə cəbhə xəttində döyüşlərin şiddətləndiyi barədə videogörüntülər və məlumatlar yayılıb. Məsələn, Gəncədə fəaliyyət göstərən QHT rəhbəri Gülnarə Əmiraslanova facebook səhifəsində yazıb: "Gəncə Hərbi Hospitalına döyüş bölgələrindən çoxsaylı yaralı gətirilib”.
Yanvarın 24-də yayılan rəsmi xəbərdə ən sensasion sayıla biləcək məqam düşmənin Tərtər istiqamətində diversiya qrupunun geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınması barədədir. Müdafiə Nazirliyi əmrlərin konkret hansı dildə verildiyini açıqlamır. "Qeyri-erməni dili” dedikdə söhbətin Çin və ya fransız dilindən getməsi ağlabatan deyil. Bir sıra ekspertlər hesab edir ki, son günlər cəbhə xəttində yaranmış gərginlikdə Rusiyanın barmağı var. "Qeyri-erməni dili” dedikdə də ilk yada düşən rus dili olur. Nəzərə alsaq ki, Azərbaycan hərbçiləri də əmrlərin rus dilində verildiyini digər dillərdən daha yaxşı anlaya bilir. Müdafiə Nazirliyi bu iddianı sübuta yetirə bilsə, bu beynəlxalq aləmdə ciddi skandala səbəb ola bilər. Hər halda indilikdə Rusiyanın münaqişəni qızışdırması ehtimalı daha real görünür.
"Ermənilərin fəallaşmasında Rusiyanın rolu var”. Bunu mediaya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, Ermənistanın cəbhə xəttində fəallaşmasını Rusiyanın Azərbaycanı cəzalandırmaq istədiyini göstərmək niyyəti ilə izah edib: "Cavab çox sadədir. Əvvəl İlham Əliyev Brüsseldə NATO-nun rəhbəri Rasmussenlə görüşmüşdü. Təbii ki, bu, Rusiyanın xoşuna gəlməmişdi. Bundan sonra Rusiya sehrli düyməsinə basaraq Ermənistanı fəallaşdırıb. Bununla demək istəyir ki, əgər Qərblə hər şeyi yaxşılaşdırsan, başın ağrıyacaq”.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc modern.az-a bildirib ki, müharibə hər vaxt başlaya bilər. "Çünki ortada qoruyucu bir qüvvə yoxdur. Sülhməramlı qüvvələr iki düşmən tərəf arasında vasitəçilik etmir. Hər iki tərəf arasında məsafə 50-70 metr olması və atışmaların intensivliyi lokal toqquşmaları, böyük miqyaslı savaşları bərqərar edə bilər. Amma düşünürəm ki, müharibənin başlanması bir tərəfin özünün qərarı ilə olsa da müharibənin qurtarması birtərəfli qaydada reallaşmaya bilir. Çünki müharibənin öz qanunları və tələbləri var. Bu səbəbdən beynəlxalq qüvvələri bu prosesə cəlb etməli, bütün beynəlxalq aləmə günü bu gün daxil olmaqla cəbhə xəttindəki gərginliyin əsl səbəblərini çatdırmalıyıq”. Deputat cəbhədə vəziyyətin Rusiya tərəfdən gərginləşdirilməsi barədə məlumatlara da toxunub: "Ayrı-ayrı qərb dairələri açıq şəkildə Rusiyadan belə mesajlar verirlər ki, bölgənin ağası şimaldadır. Düşünürəm ki, bütün addımlar Ermənistanın siyasi rəhbərliyindən onların söykəndiyi Moskva dairələrindən qaynaqlanır”.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan yanvarın 24-də İrəvanda mətbuat konfransı keçirib. Erməni nazir deyib ki, müharibə təhlükəsi həmişə var və erməni tərəfi buna hazırdır: "Amma obyektin yanaşsaq, indiki halda hərbi əməliyyatların təhlükəsini biz kifayət qədər az qiymətləndiririk”.
Ohanyanın iddiasına görə, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla artıq həll olunub: "Bu müharibəyə cəlb olunaraq biz özümüzü müdafiə etməyi bacarmışıq”.
Ohanyan deyib ki, situasiyanın gərginləşməsi Azərbaycanda qeyd edilən "qara yanvarla” bağlıdır: "Onlar bunu edərək hətta başa düşmürlər ki, nə vaxtsa qara gün və genosid erməni xalqına qarşı həyata keçirilib”.
Müdafiə nazirinin sözlərinə görə, erməni tərəfindən adekvat cavab alacağından və böyük itki verəcəyindən çəkinən Azərbaycan tərəfi fasiləsiz atəşi davam etdirir: "Biz bu atəşlərə cavab vermirik, yalnız snayperlərin hərəkətlərinə cavab veririk. Beynəlxalq strukturlar situasiyaya müvafiq reaksiya verməlidirlər və Azərbaycan rəhbərliyi anlamalıdır ki, sülh danışıqlarının alternativi yoxdur”.
Ermənistanın Milli Təhlükəsizlik nazirinin müavini vəzifədən uzaqlaşdırılıb. Məlumata görə, Ermənistanın general-leytenant Romik Arutyunyanın vəzifəsindən qovulmasının səbəbləri sırasında cəbhənin təmas xəttində Azərbaycan ordusu ilə münasibətlərdə Ermənistanın zəif tərəf kimi görünməsi də göstərilib.
Cəbhənin Ağdam istiqamətində atışma səsləri eşidilib. "Axar.az” xəbər verir ki, ANS-in çəkiliş qrupu birbaşa atəş səslərinin içindən xəbər hazırlayıb.
Ağdamın Orta Qərvənd kənd sakinlərinin sözlərinə görə, son vaxtlar atəş səsləri heç dayanmır. Kənd bələdiyyəsinin sədri Habil Abbasov qeyd edib ki, atəş səslərindən dolayı kənd sakinləri heç əkin sahələrinə də gedə bilmir.
ANS Xocalı və Füzuli istiqamətlərində ermənilərin 10-a qədər hərbi qulluqçusu məhv edildiyini xəbər verib. (musavat.com)