Vüqar Bayramov: "Universitetlər ölkə iqtisadiyyatında olan çağırışlara uyğun şəkildə ixtisaslı kadrların hazırlanmasına nail olmağa çalışmalıdır"
"Qeyri-neft sektorunun bəzi qollarında kadr yetişdirilib, amma bəzilərində hələ də bu problem qalmaqdadır".
Bunu Sherg.az-a qeyri-neft sahəsinin inkişafına əngəl törədən kadr çatışmazlığı ilə bağlı danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, mütəxəssis baxımından kənd təsərrüfatı sahəsində çatışmazlıqlar hələ də var:
"Neft bumu dövründə ənənəvi sektorların zəif inkişaf etməsi aqrar sahədəki güclü kadrların sayının azalmasına gətirib çıxarıb. Kadr azlığı barədə ölkə Prezidenti cənab İlham Əliyev Yevlax rayonunda keçirilən müşavirədə qeyd etmişdi.
Diqqət ayrılmalı məsələ məhz aqrar sahədə mövcud olan ixtisaslı kadrların təmin olunmasına nail olmaqdan ibarətdir. Çünki burada sektorun texnologiyadan istifadə etməklə yönləndirilməsi, intensiv şəkildə aqrar sahənin inkişafı önəmlidir. İxtisaslı kadrlar praktik olaraq aqrar sektorda məhsuldarlığın artırılması baxımından vacibdir. Kadr ixtisaslı olursa, daha yüksək gəlir və irəliləyişə nail olmaq mümkündür”.
Aqrar sektorda ixtisaslı kadrların artırılması ilə bağlı fəaliyyətin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayan ekspertin fikrincə, hazırda kadr hazırlığı baxımından ən aktual problemlərdən biri universitetlərlə biznes arasında əlaqələrin güclü inkişaf etməməsidir:"Bizneslə universitetlər arasında qarşılıqlı əlaqələr hər zaman olmalıdır. Xüsusən tələbələrin biznes və başqa sahələrdə fəaliyyət göstərən qurumlarda təcrübə keçməsi formal deyil, daha praktik olmalıdır. Universitetlər isə mövcud əmək bazarının strukturuna, ölkə iqtisadiyyatında olan çağırışlara uyğun şəkildə ixtisaslı kadrların hazırlanmasına nail olmağa çalışmalıdır.
Artıq neft dövrü deyil. Digər prioritet əhəmiyyətə malik sektorlarda kadr potensialının artırılmasına çalışmalıyıq. İndiki məqamda qeyri-neft sahəsinə olan tələbin ödənilməsi üçün universitetlərin də çevik təhsil və müttəfiq siyasətinə ehtiyac yaranır”.
Aysel Aslan