Seyid vəsiqəsinə ETİRAZ: "Allah buna dair heç bir açıqlama vermir"




"Seyid vəsiqəsinin dinlə heç bir əlaqəsi yoxdur”.

Bunu Sherg.az-a ilahiyyatçı Elşad Miri deyib. 

O bildirib ki, seyidlik məsələsini guya peyğəmbər nəslindən gələnlər kimi ortaya atırlar:

"Bəs o zaman digər peyğəmbərlərin nəslindən gələnlərə nə ad verilir? Yaxud onların nəsli tükənib, sadəcə Məhəmməd Peyğəmbərinmi nəslimi qalıb? Bütün bunları araşdırdıqda bir çox uydurma məsələlər üzə çıxır.

Məsələn, Məhəmməd Peyğəmbərin həzrəti Fatimədən nəsli artıb və beş övladı olub. Həmin beş övladından isə cəmi iki övlad – İmam Həsən və İmam Hüseyn olub. İmam Hüseynin nəslindən olanlara seyid deyildiyi halda, İmam Həsənin nəslindən gələnlərə şərif deyirlər. Bunun nə ilə əlaqədar olması araşdırılmalıdır.

İslamda hansısa ailənin peyğəmbər nəsli olsa belə başqalarından heç bir üstünlüyü yoxdur. Çünki bu Allahın ədalət prinsiplərinə zidd olar. Faktiki olaraq Allah Quranda bildirir ki, Allah yanında yeganə üstünlük meyarı sadəcə təqvadır. Bu isə yalnız məsuliyyətli, həssas, ədalətli davranış deməkdir. Peyğəmbər nəslindən olmaqla bağlı seyidlik verilirsə, Quranda tənqid olunan peyğəmbər övladları və onların yaxınları, qohumları var. Məsələn, Adəm peyğəmbərin iki övladı – Habil və Qabil birinin digərini öldürməsindən bəhs olunur. O zaman onlar da peyğəmbər nəsli sayılır. Digər tərəfdən, Nuh peyğəmbərini oğlunun və arvadının kafir olduğu qeyd olunur. Başqa bir peyğəmbər – İbrahim peyğəmbərin atası büt düzəldib, insanlara satan şəxs olub. Yusif peyğəmbərin qardaşları isə həm onun, həm də atasını başına pis oyunlar gətiriblər. Bəs bütün bu davamçılar peyğəmbər nəsli deyilmi?

Ona görə, məsələlərə bu aspektdən yanaşdıqda görürük ki, Allah hər hansı peyğəmbər ailəsinin, nəslinin başqalarından üstünlüyü ilə bağlı heç bir açıqlama vermir”.

Elşad Miri bu kimi dindən sui-istifadə etmələrin, seyidlik anlayışının Azərbaycanın müxtəlif bölgələrində yayıldığını qeyd edib. Onun sözlərinə görə, İranla sərhəd olduğuna görə, cənub zonasında belə fakt yayılıb:

"Ümumilikdə isə bir çox bölgələrimizdə belə hallar var. Seyidlər Azərbaycanın bir çox bölgələrində yayılıb, hətta şəkilləri evlərdə, maşınlarda saxlanılır. Məsələn, Qarabağ bölgəsindən olan seyidlər bir müddət məşhur idi.

Elə dövrlər olub ki, peyğəmbər nəslindən gəldiyi iddia olunan şəxslər bəzi dövlət qurumlarının hakimiyyətlərin, iqtidarların əllərində başqalarına təsir etmə mexanizmi olub, ictimai kəsimə təsir üçün istifadə olunub. Osmanlı imperiyasında bu insanlar yaşıl çarıq geyinirdilər və seyid olduqlarına görə, hərbi xidmətə aparılmazdılar. Bəzi vergilərdən azad olunur, hətta maaş alırdılar. Bəziləri bu imtiyazlardan istifadə etmək üçün müxtəlif üsullara əl atır. Müxtəlif sənədlər alıb, özlərini bu cür təqdim edirdilər.

Ərəbistanın özündə bu qədər seyid anlayışı yoxdur. Nədəndirsə, nə hikmətdirsə, İran, Azərbaycan, Türkiyə kimi ərazilərdə daha çox yayılıblar. Xeyir ola? Bu, sadəcə o dövrün sosial mediasını təşkil elən faktorlar olub. Bu gün də müxtəlif şəxslər vəsiqələr vasitəsilə dindən sui-istifadə edir”.

Qeyd edək ki, cənub bölgəsində verilən seyidlik vəsiqələrdən birinin fotoşəkili sosial şəbəkədə müzakirə mövzusu olub. Belə ki, Tağıyev Elnur Mirverdi oğlunun "seyidliyini təsdiqləyən sənəd" QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilib və onun imzası, şəxsi möhürü ilə təsdiqlənib.

Aysel Aslan