Şahin Həsənli: "Evlərə zəng edilib, təriqətlər reklam olunursa..."




"Evlərə zəng edilib, təriqətlər reklam olunursa, sakinlər mütləq müvafiq qurumlara müraciət etməlidir”.

Bunu Sherg.az-a Bakıda sakinlərin evlərinə zəng edib, dini təriqət reklamlarının aparılması ilə bağlı danışarkən hacı Şahin Həsənli deyib. 

O bildirib ki, Dini Qurumlar üzrə Dövlət komitəsi bunların qarşısını almaq üçün addımlar atır:

"Azərbaycanda nümayəndələri olmayan təriqətlərin xalq arasında məzhəb fərqi yaratmasına qarşı addımlar atılır. Ölkədə zorakılığı təbliğ edən və qarşıdurma yaradan cərayanların fəaliyyəti qadağan olunub. Xaric və daxildə bəzi qüvvələr bunu Azərbaycanda etiqad azadlığının məhdudlaşdırılması kimi qəbul edir. Lakin bu tam şəkildə konstitusiya qanunlarına uyğun şəkildə həyata keçirilir”.

Ş.Həsənli deyib ki, fəaliyyətində qanunsuzluq olan təriqətlərə qarşı qanuni yollarla ölçü götürülməlidir:

"Azərbaycanda dini zəmində ixtilaf yaratmaq istəyən bir sıra qruplar var ki, onların havadarları din adı ilə hansısa siyasi maraqları təbliğ edirlər. Ona görə, bu məsələlərdə insanlar diqqətli olmalı, qanunsuz təbliğatlar aparan cərəyanlara qarşı müraciət etməli, ölçü götürülməsinə köməklik göstərməlidir”.

Qeyd edək ki, müxtəlif dini təriqət nümayəndələrinin evlərə zəng edib, reklam aparması ilə bağlı sosioloq Lalə Mehralı özünün feysbuk profilində yazıb. Sosioloq əlavə edib ki, hər dəfə zəng edən şəxslər müxtəlif təriqətlərin adlarını çəkir, bəzən fərqli dillərdə onun təbliğini aparırlar.

Aysel Aslan