“Facebook” yenə ortalığı qarışdırdı

Sevil Nuriyeva “Yeni Müsavat”ı qınadı
Azər Ayxan: "Əgər kimsə hansısa xəbərin yayılmasını istəmirsə, onda zəhmət çəkib sosial şəbəkədə yazmasın”


Azərbaycanın tanınmış jurnalisti, hazırda Türkiyədə yaşayan Sevil Nuriyeva "facebook” profilində paylaşdığı statusu xəbər kimi ictimailəşdirən media orqanlarını sərt tənqid edib. S.Nuriyeva profil səhifəsində konkret olaraq, "Yeni Müsavat”ın adını çəkərək, qəzeti peşə əxlaqına zidd hərəkət etməkdə ittiham edib:

"Hörmətli Müsavat qəzeti, budurmu sizin peşəkarlıq anlayışınız? Əvvəla, dostlar arasında bir yazışma əsasında ifadə etdiyim fikri hansı peşəkar ağılla rəsmi açıqlama kimi təqdim etmisiniz? Hansı peşə əxlaqı ilə iki-üç adam arasındakı yazışmanı yayımlamısınız? Yazıqlar olsun, sizin peşə əxlaqınıza”. Qeyd edək ki, S.Nuriyeva öz profilində Xədicə İsmayılova ilə bağlı yaranan "casus” qalmaqalı haqqında fikirlərini yazıb. Jurnalist millət vəkili Ceyhun Osmanlını X.İsmayılovanın səsini gizlicə yazaraq Baş Prokurorluğa verməsini qınayıb.

S.Nuriyevanın "Yeni Müsavat”ı ittiham etməsinə münasibət öyrənmək üçün qəzetin baş redaktorunun birinci müavini Azər Ayxanla əlaqə saxladıq. "Şərq”ə danışan redaktor həmin materialı jurnalistin profilindən deyil, başqa xəbər saytından gördüklərini deyib: "Xəbəri biz yaymamışıq. Məlumatı başqa sayta istinad edərək paylaşmışıq. Səhv etmirəmsə, "Axar.az” saytına istinad etmişik. Necə olur ki, xəbəri üç-dörd portal yayır, amma ittiham olunan təkcə biz oluruq? Kimsə hansısa xəbərdən xoşu gəlmirsə, istinad mənbəyinə diqqət yetirmədən "Yeni Müsavat” qəzetini suçlamasın. Çox təəssüf edirəm ki, S.Nuriyeva kimi peşəkar bir jurnalist istinad məsələsində bu cür yanlışlığa yol verib”. A.Ayxan deyir ki, media qanunları jurnalistin sosial şəbəkədə olan materialı götürüb paylaşmasını qadağan etmir: "Jurnalist üçün hər şey xəbərdir. O cümlədən də tanınmış adamların "facebook”da paylaşdıqları statuslar bizim üçün xəbər mahiyyəti daşıyır. Heç kim başqasına qadağan edə bilməz ki, sosial şəbəkədə yazdığı statusu götürüb yaymasın. Çünki sosial şəbəkədə yazılmış bir fikir artıq ictimailəşmiş sayılır. Xüsusən, burda söhbət hər yerdə informasiya axtaran jurnalistdən gedir. Əgər kimsə hansısa xəbərin yayılmasını istəmirsə, onda zəhmət çəkib sosial şəbəkədə yazmasın”.

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyev də qeyd edib ki, sosial şəbəkədə yazılan ifadələr, bölüşülən fikirlər bütövlükdə ictimaiyyətə açıqlanmış olur: "Hamı üçün açıq olan "facebook” sosial şəbəkəsindən götürülən hər hansı statusun informasiya olaraq qəzet və internet portallarında yayılması heç kimdə hiddət doğurmamalıdır. Çünki indiki media ənənələri baxımından burda heç bir qanun pozuntusu yoxdur. Klassik mediada da belə bir anlayış var idi. Əgər məlumat bir qəzetdə dərc olunubsa, artıq onun digər mətbu orqanlarda paylaşılması onlar üçün məsuliyyət yaratmır. Bununla bağlı hüquqi tənzimləmədə hər hansı bir məhdudiyyət də nəzərdə tutulmayıb. Burda peşə etikasına zidd olan məsələ də yoxdur”. X.Ağaliyev bildirir ki, mövcud qanunvericilik belə situasiyalarda jurnalistə kimdənsə icazə almaq şərti qoymur: "Bu gün sosial şəbəkə iştirakçılarının sayı bizim ən tirajlı qəzetlərimizin oxucularından yüz dəfə

çoxdur. Necə olur ki, bir insan onun statusunun sosial şəbəkədə olan minlərlə insan tərəfindən görülməsinə etiraz etmir, amma hansısa qəzetdə dərc olunmasına qarşı çıxır? Bu, məntiqli yanaşma deyil axı”.

İsmayıl