Aİ 95-i maşınlarına təkcə varlılar tökmür ki?

Əli Məsimli: “Benzinin qiymət ilə bağlı tələsmək lazım deyil”


İctimaiyyətdə və mətbuatda müzakirə olunan önəmli məsələlərdən biri də benzinin qiymətinin yenidən bahalaşacağı ilə bağlıdır. Yayılan xəbərlərə görə, yüksək oktanlı benzin (Aİ 95, Aİ 98) yanacaqdoldurma məntəqələrində baha qiymətə satılacaq. Qeyd edək ki, hələlik Aİ 95-in qiyməti 80 qəpik, Aİ-98 isə 1,5 manatdır.

Məsələyə münasibət bildirən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Aİ 95 və Aİ-98 benzinin qiymətinin liberallaşmasının tərəfdarı olduğunu deyib: "Dövlət niyə CİP sahiblərini subsidiyalaşdırmalıdır? Şirkət Aİ-92-nin piqmentləşməsini ona görə dəyişib ki, onu Aİ-95 ilə qarışdırmasınlar. Kompleks tədbirlər görmək lazımdır. Əks təqdirdə, kütləvi saxtakarlıq olacaq”. İqtisadçı Vüqar Bayramov da yüksək oktanlı benzinin bahalanmasının tərəfdarıdır. Onun fikrincə, liberallaşma zamanı Aİ-95 20 faiz bahalaşa bilər: "Bu, sosial vəziyyətə təsir etməyəcək. Aİ-92 və dizel yanacağının qiyməti sabitdir. Aİ-95 və Aİ-98 isə bahalı maşınlara tökülür”. 

Yüksək oktanlı benzinin bahalaşacağı ilə bağlı gedən söz-söhbətə və bununla bağlı yaranan narazılığa münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli "Şərq”ə verdiyi açıqlamada məsələni belə şərh edib: "Hökumət istəyir ki, Aİ 92 (93) oktanlı benzini özü istehsal etsin və qiymətləri də özü tənzimləsin. Aİ 95 və Aİ 98 oktanlı benzinləri isə kənardan, xaricdən gətirsin və onların qiymətlərini liberallaşdırsın. Yəni müstəqil qiymət olsun. Hazırda bu variant üzərində müzakirələr aparılır. Ancaq mən hesab edirəm ki, Azərbaycanda benzinin qiymətinin artması ölkədəki bütün məhsulların qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Ona görə də ciddi məsələlərdə tələsmək lazım deyil. Deyirlər, Aİ 95 və 98 oktanlı benzindən varlılar istifadə edir. Axı Azərbaycanda varlıların sayı nə qədərdir ki? Bir ovuc zəngin insan var. Bəs qalan vətəndaşlarımızı niyə düşünmürük? İnsanların sosial həyatına təsir göstərən addım atarkən dəqiq hesablamalar aparmaq lazımdır”. Millət vəkili vurğulayıb ki, istənilən halda benzinin qiymətinin qalxması insanların sosial həyatı ilə yanaşı, onların psixologiyasına da ciddi təsir göstərir. Bunu nəzərə almaq lazımdır: "Yəni Aİ 92 oktanlı benzinin qiymətinin qalxması əksəriyyətə maddi yönü ilə təsir edirsə, Aİ 95-98 oktanlı benzinin qalxması psixoloji təsir göstərir. Aİ 95-i təkcə varlılar və bahalı maşın sürənlər tökmür ki? Xeyli sayda insan benzini az yandıran, kiçik həcmli xarici maşınlardan istifadə edir. Onların sahibləri isə digər benzin markalarının keyfiyyəti arzuolunan səviyyədə olmadığına və avtomobillərinə zərər yetirdiyi üçün 95 və ya 98 oktanlı benzindən istifadə etməyə məcbur olurlar”.

İsmayıl