Suraxanıda kəsilmiş insan ayağının tapılması heyrət doğurur

Belə olmamalı...

Paytaxtın Suraxanı rayonu ərazisində kəsilmiş insan ayağının tapılması heyrət və təəccüb doğurub. Ərazidə əməliyyat keçirən hüquq-mühafizə orqanları ilkin olaraq ayağın amputasiya nəticəsində kəsilməsi versiyası üzərində dayanıblar. Onların bu nəticəyə gəlmələrinə səbəb tapılmış bədən əzasının üzərində qanqren ləkələrinin olmasıdır. İnsan bədəninin bir parçası olan kəsik ayaq 3 saylı xəstəxananın meyitxanasına aparılıb. Kəsik nahiyə üzərində tibbi ekspertiza aparıldıqdan sonra qəti qərar veriləcək, hüquq-mühafizə orqanları isə kəsik ayağın kimə məxsusluğu, hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı əməliyyat tədbirləri aparacaqlar.

Bəlkə də bu hadisə heç bir kriminal xarakter daşımır. Bəlkə həqiqətən də kiminsə bədəninin amputasiya olunmuş bir nahiyəsidir. Amma niyə küçənin ortasındadır? Məsələ budur. İnsanın bədəninin hansısa nahiyəsi kəsilibsə, onu küçəyəmi atırlar? Dinimiz bu cür məsələlərə diqqətlə, şəriətə uyğun davranılmasının tərəfdarıdır.

"Şərq”ə açıqlamasında ilahiyyatçı Elşad Miri qeyd etdi ki, vətəndaşların kəsilmiş bədən əzaları, bədən üzvləri ilə belə davranışı qəbuledilməzdir:

- Ola bilsin, hansısa vətəndaşın ayağı, qolu, bədəninin digər hansısa bir üzvü kəsilsin, amputasiya edilsin. Bu, heç bir halda insana haqq vermir ki, kəsilmiş hissəni istədiyi yerə aparıb atsın. Bədən üzvləri ilə, əzalarla bu cür laqeydcəsinə rəftar yolverilməzdir. Bu, həm dini baxımdan düzgün deyil, həm də etik cəhətdən. İnsan bədəninin hansısa nahiyəsi amputasiya edilirsə, vacibi budur ki, həmin nahiyə ilk növbədə xəstənin doğmalarına, yaxınlarına təhvil verilsin. Yəni, onlara təklif olunsun ki, aparın bu nahiyəni bir yerdə torpağa basdırın. Bu yer də

təbii ki, küçə, park olmamalıdır. Gözdən uzaq yerlər və yaxud da məzarlıq olmalıdır. Hətta mümkündür ki, xəstənin yaşadığı əraziyə yaxın məzarlıqlardan biri olsun. Elə bir məzarlıq ola bilər ki, həmin şəxsin vəfat edərkən orada basdırılacağı ehtimalı böyükdür. Doğrudur, kim harada vəfat edəcəyini, harada dəfn olunacağını bilə bilməz. Amma daha çox ehtimal olunan məzarlıqda basdırılmasına önəm verilməlidir. Yəni, bu ailə üzvlərinin, yaxın qohumların uyuduğu məzarlıq da ola bilər. Çünki böyük ehtimalla həmin şəxs vəfat edərkən orada basdırılacaq. Burada məqsəd vəfat etmiş şəxsin bədən əzası ilə mümkün qədər eyni yerdə torpağa basdırılmasıdır. Bu, şəriətdə mütləq, vacib deyil. Çünki vətəndaş şəhər xəstəxanasında müalicə oluna, amma yaşayış yeri kənd ola bilər. Hətta xarici ölkələrdə əməliyyat keçirənlər də var. Mütləq deyil ki, hər kəs bədəninin kəsilmiş hansısa nahiyəsini özüylə daşıyıb gətirsin. İmkan varsa, yaxşı olar ki, şəxsin yaşadığı əraziyə yaxın bir yerdə, yaxud da məzarlıqda basdırılsın. Yoxsa ki, kəsik nahiyəni hara gəldi, apar at, bu, düzgün deyil. Nə şəriət bunu təqdir edir, nə də etika. Sanitar-gigiyenik baxımdan da belə hallar yolverilməzdir. Ümumiyyətlə, təəssüf ki, bizdə bu cür məsələlərə diqqət göstərilmir. Bəzən körpələr anadan doğulanda, yaxud da ana bətnindəykən tələf olur. Çox zaman ölmüş körpəni xəstəxana personalının, sanitarların öhdəsinə qoyub çıxırlar. Onlar da heç bilinmir cansız bədənlə necə rəftar edirlər. Halbuki döl ananın bətninə düşəndən artıq diridir, canlıdır. Onunla insanlarla davranılan kimi davranılmalıdır. Yəni, islam qaydasına uyğun kəfənlənməlidir, cənazə namazı qılınmalıdır və qayda-qanunla dəfn edilməlidir. Canlı olub, sonra tələf olmuş körpəyə qarşı yaramaz hərəkətlər edilirsə, bədənin kəsilmiş hansısa hissəsinin küçəyə atılmasına təəccüb etməməliyik. Əslində isə islam dini bədənin hansısa bir nahiyəsinin vəfat etmiş şəxslə eyni qəbirdə basdırılmasını daha məqbul sayır. İslamın qaydası budur ki, insan öldüyü yerdə dəfn edilməlidir. Yəni, burada təbii ki, ev, mənzil nəzərdə tutulmur. Şəxsin yaşadığı ölkə, şəhər, evinə yaxın ərazi nəzərdə tutulur. Müəyyən istisnalar da var. Məsələn, Kərbəla faciəsi zamanı şəhid olanların mübarək başlarının bir, bədənlərinin, hətta bədənlərinin kəsilmiş nahiyələrinin başqa yerdə dəfn edildiyi məlumdur. Amma bu, məlum hadisələr nəticəsində olub. Hələ peyğəmbərimiz (s.ə.s) zamanında döyüşlər zamanı şəhid olanların qolu, ayağı, başı bəzən ayrı-ayrı yerlərdən tapılırdı. Biz döyüş, müharibə vəziyyəti ilə dinc zamanı eyniləşdirməməliyik. Tutalım, iddia edə bilmərik ki, Qarabağ savaşlarında əlini, ayağını itirənlərin həmin əzaları haradadırsa, özləri də orada dəfn olunsun. Döyüşçü minaya düşmüş əl-qolunu özüylə gətirib gələsi deyildi. Bu, absurddur. Yəni, hər qərar vəziyyətə, şəraitə uyğun verilməlidir. Yaxşı olar ki, vətəndaşlarımız bədənlərinin amputasiya olunmuş nahiyələrinə ləyaqətlə yanaşsınlar.

Məlahət Rzayeva