Bir atəş səsi...Krımı da qana boyaya bilər




Ukraynada prezident Viktor Yanukoviç devrildikdən sonra paytaxt Kiyevdə, konkret olaraq inqilabi hadisələrin mərkəzi sayılan Maydan meydanında vəziyyət nisbətən sakitdir. Artıq yeni hökumətin qurulması, seçkilər keçirilməsi kimi proseslər başlanılıb. Amma Yanukoviçin devrilməsi Ukraynanın probleminin həlli anlamını vermir. Bu da Ukraynanın parçalanma prosesinin ilkin işartılarının görünməsidir. Dünən Ukrayna tərkibində olan Krım Muxtar Vilayətində baş verənlər vəziyyətin daha dramatik olduğundan xəbər verir.

Krım hökumətinin binası tutuldu

Ötən gün Krımda baş verənlərlə bağlı daxil olan informasiyalar Ukraynanın bütövlüyünün pozulma ərəfəsində olduğu qənaətini yaradır. "RİA Novosti” agentliyinin məlumatına görə, fevralın 26-dan 27-nə keçən gecə Krım Ali Sovetinin və Nazirlər Şurasının binalarını naməlum şəxslər zəbt ediblər. Bu haqda Krım Ali Sovetinin mətbuat xidmətinin nümayəndəsi məlumat verib: "Biz işə gəldik, lakin Ali Şuranın binasına daxil ola bilmirik. Bina milis tərəfindən mühasirəyə alınıb. Bizə dedilər ki, bu gün iş olmayacaq. Krım Nazirlər Şurasında da eyni vəziyyətdir”. Bu arada isə Krım sahillərinə Rusiyanın Qara dəniz eskadrasının yaxınlaşdığı haqda məlumat yayılıb. Yerli mətbuatın yazdığına görə, hərbi gəmilərdə 11 min nəfər əsgər var. Simferopol rayonunun Qvardeyski qəsəbəsinin aerodromuna isə bir neçə "Tu-154” təyyarəsi enib. Təyyarələrdə hərbçilərin olduğu bildirilir.

"Krımın rusdilli əhalisinin özünümüdafiə təmsilçiləri”

Dünən gündüz saatlarında isə Krım hökumətinin və parlamentinin binasını ələ keçirən silahlı şəxslərin kimliyi bilinib. Onlar özlərini "Krımın rusdilli əhalisinin özünümüdafiə təmsilçiləri” kimi təqdim ediblər. Bu barədə "İnterfaks”a yerli mənbələr bildirib. RİA Novosti agentliyi də öz mənbələrinə istinadla analoji məlumat yayıb. Mənbə onu da bildirib ki, bütün Krım yarımadası boyu rusdilli əhali özünümüdafiə dəstələri formalaşdırır və Simferepola göndərilir.

Məlumatlara görə, Krım parlamentinin və hökumət binasının üzərində Rusiya bayraqları qaldırılıb. Binalara silahlı hücum edənlər mühafizə polislərinin əllərini bağlayıb və səs qumbaraları atıblar. Parlament binasının girişində barrikada qurulub. Binanın özünü isə milis dəstələri əhatəyə alıb. Simferepolun mərkəzi avtomobillərin hərəkəti üçün dünən bağlı olub.

Rusiya ordusu Krıma girdi

Krımda hökumət və parlament binasının silahlı ruslar tərəfindən tutulması ilə bağlı Ukrayna daxili işlər naziri Arsen Avakov daxili qoşunların və milisin bütün şəxsi heyətini həyəcan siqnalı ilə ayağa qaldırıb. Bu barədə Avakov özünün "facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, binaları tutanlar avtomat və pulemyotlarla silahlanıb. Mülki şəxslər arasında tələfata yol verməmək üçün Simferepolda bütün hökumət kvartalı blokadaya alınıb: "Ekstremist hərəkətlərin qarşısını almaq və şəhərin mərkəzində silahlı toqquşmaların qarşısını almaq üçün digər tədbirlər də görülür. Soyuq başların, sağlam qüvvələrin konsolidasiyasının və dəqiq hərəkətlərin vaxtıdır”.

Gələn məlumatlara görə, Krımın inzibati mərkəzi Simferopolun müxtəlif hissələrində Rusiya ordusunun 50-dən çox BTR-i qeydə alınıb. Bu barədə Krım-Tatar məclisinin rəhbəri Refat Çubarov "facebook” səhifəsində yazıb. Onun bildirdiyinə görə, zirehli texnika şəhərin mərkəzinə doğru irəliləyib.

Digər məlumata görə, Yevpatoriya şossesi ilə Rusiya BTR-lərinin kalonu şəhərin mərkəzinə doğru hərəkət ediblər. Həmçinin Simferopoldan bir neçə kilometr məsafədə və Çistenkoe kəndinin yaxınlığında da BTR-lər görünüb.

"Bu, birbaşa hərbi təcavüzdür”

Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov isə dünən Ali Radanın iclasında bəyan edib ki, Rusiyanın Qara dəniz donanmasının hərbi qüvvələrinin ikitərəfli razılaşmalardan kənara çıxaraq Simferopolda hərəkəti "birbaşa hərbi təcavüz” kimi qiymətləndiriləcək: "Mən Qara dəniz donanmasının hərbi rəhbərliyinə müraciət edirəm - bütün hərbçilər ikitərəfli razılaşmalar çərçivəsində nəzərdə tutulan ərazilərdə qalmalıdır. Hərbçilərin bu ərazilərdən kənarda istənilən hərəkəti, xüsusən də silahla, bizim tərəfimizdən hərbi təcavüz kimi qiymətləndiriləcək”.

BTR-lərinin kolonu saxlanılıb və geri qaytarılıb

Ukrayna parlamentinin UDAR partiyasından olan deputatı, Krım Muxtar Vilayətinin keçmiş baş naziri Sergey Kunitsın dünən bütün günü Simferopolla əlaqə saxladığını bildirib: "120-dən çox silahlı şəxs Krım Ali Sovetinin və hökumətinin binasını ələ keçirib. Peşəkar hazırlıq keçmiş, yaxşı silahlanmış adamlardır. Avtomatlar, pulemyotlar, qumbaralar və qumbaraatanlarla təchiz olunublar. Əllərindəki silahlar bir ay döyüş aparmağa bəs edər”.

Silahlılar "Krımın rus əhalisinin özünümüdafiə təmsilçiləri” kimi təqdim olunsa da, istisna olunmur ki, onlar əslində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı məxfi dəstəsinin üzvləridir. Bir gün əvvəl Rusiya və Ukrayna mənbələri QRU xüsusi təyinatlılarının Krıma yeridildiyi haqda xəbərlər yaymışdı. Hazırda Krımdakı Rusiya bazasında 11 minə qədər Rusiya xüsusi təyinatlısının olduğu bildirilir. "İnterfaks” agentliyi isə xəbər verib ki, Simferopol yaxınlığında Rusiya BTR-lərinin kolonu saxlanılıb və geri qaytarılıb. Zirehli texnikanın üzərində tanınma nişanı yoxdur, lakin onların Rusiya hərbi bazasına aid olduğu bildirilir. Əsgərlər Simferopola doğru irəliləmələrinin səbəbini "planlaşdırılmış təlim”lə izah ediblər, lakin yol polisi postunda saxlanılıblar və geri qayıdıblar. Krım prokurorluğu isə parlament və hökumət binalarının tutulması ilə bağlı terror maddəsi ilə cinayət işi qaldırıb.

Krım Qarabağın taleyini yaşaya bilər

"Sülh və Münaqişələrin Həlli” Mərkəzinin direktoru Elxan Mehdiyev Krımda baş verənlərlə bağlı danışarkən deyib ki, Rusiya bilərəkdən Ukraynada vəziyyət gərginlikdə saxlayır. Onun sözlərinə görə, Kreml Ukraynada yeni hökumətin hakimiyyətə gəlməsindən razı deyil. E.Mehdiyev hesab edir ki, Moskvanın Ukrayna daxilində bu ölkəyə qarşı təsir etmək üçün geniş imkanları var: "Rusiya şübhələri özünə çəkməmək üçün kənarda dayanırmış kimi görüntü yaradır. Etnik amil rusların planında əsas rol oynayır. Lakin bütün bunlara baxmayaraq Rusiyanın geosiyasi maraqları üçün Ukraynaya qoşun yeridəcəyi inandırıcı deyil. Amma daxildəki separatçı qüvvələrə dəstək formasında müəyyən siyasi addımlar ata bilər”. Rus kəşfiyyatının Krımda təxribat törətməsi məsələsinə toxunan politoloq bildirib ki, Rusiya Ukraynanı Krım vasitəsilə təsir dairəsinə almaq niyyəti güdür. Krımın Rusiya üçün strateji əhəmiyyətinin böyük olduğunu deyən konfliktoloqun sözlərinə görə, yarımadada rusların çoxluq təşkil etməsi də vacib məsələdir: "Artıq Krımda baş verən hadisələr, mitinqlər, Rusiya bayraqları ilkin işartıların nədən ibarət olduğunu göstərir. Düşünürəm ki, Krımda baş verən proseslər Ukrayna üçün ciddi təhlükədir. Orada Ukraynanın suverenliyini tanımayan strukturların formalaşması və həmçinin rus qoşunlarının olması Rusiyaya böyük avantaj verəcək. Rusiya Azərbaycan, Gürcüstan və Moldovada həyata keçirdiyi işğalçılıq ssenarisini Krım vasitəsilə Ukraynada təkrarlaya bilər. Moskvanın bu cür yollarla Ukraynaya təsir etmək cəhdləri gözləniləndir”.

Anar Bayramoğlu