“Kimsə erməni ilə görüşəndə vətən xaini elan edilməməlidir”

Sərdar Cəlaloğlu amerikalı həmsədrin “xalq diplomatiyası” çağırışını dəstəkləyir


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Azərbaycan və Ermənistanı tolerantlıq və etimadı gücləndirmək üçün "xalq diplomatiyası”nı dəstəkləməyə çağırıb. Amerikalı həmsədr bu barədə öz "twitter” səhifəsində Sumqayıt hadisələrinə münasibət bildirərkən yazıb. C.Uorlikin təklifinə münasibət bildirən siyasi partiya rəhbərləri məsələyə birmənalı yanaşmayıb.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, politoloq Araz Əlizadə deyir ki, Sumqayıt hadisələri ilə "xalq diplomatiyası”nın heç bir əlaqəsi yoxdur. Məqsəd hansısa bəhanə ilə "xalq diplomatiyası”nı yenidən gündəmə gətirməkdir: "Xalq diplomatiyası” qərb siyasətçilərinin əlində bir alətdir. Qərbin siyasi dairələri Azərbaycandakı qeyri-hökumət təşkilatlarını maliyyələşdirərək istədikləri məcraya yönəldir, daha sonra onlara sifarişlər verirlər. "Xalq diplomatiyası” da bu şəkildə ortaya atılmış oyundur və problemin həllini yubatmaqdan başqa mahiyyət kəsb etmir. Dəfələrlə demişəm, yenə də deyirəm, Azərbaycana "xalq diplomatiyası” lazım deyil”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə həmsədrin təklifini dəstəkləyir: "Xalq diplomatiyası” kökündən qarşı çıxılacaq bir vasitə deyil. Burda söhbət siyasi partiyalar, QHT-lər, yazıçılar arasındakı birbaşa əlaqələrdən gedir. Bu cür əlaqələr Ermənistan-Azərbaycan münasibətlərinin müəyyən qədər normallaşmasında müstəsna rol oynaya bilər. Bütün dünyada da "xalq diplomatiyası”ndan istifadə olunur”. S.Cəlaloğlunun sözlərinə görə, problemin həlli üçün hər iki ölkənin rəsmi dairələri ilə yanaşı, qeyri-rəsmi dairələri də əllərindən gələni etməlidir: "Çünki rəsmi görüşlərdə siyasi maraqlar ön plana çıxır, ancaq "xalq diplomatiyası”nda sadəcə xalqın maraqları əsas olur. Əlbəttə, cəmiyyət də buna hazır olmalıdır. Yəni bu gün müxalifətdən və ya ictimaiyyətdən kimsə erməni ilə görüşəndə dərhal o vətən xaini elan edilməməlidir”.

İsmayıl