Xalq Ərdoğan və komandasına ciddi dərs verməyə hazırlaşır

“Biz mart ayında Türkiyədə bir sıra sensasion hadisələrin şahidi olacağıq”


Türkiyənin məlum korrupsiya qalmaqalından sonra hadisələr eyni istiqamətdə inkişafını davam etdirir. Belə ki, bir neçə oliqarxın həbsi, nazirlərin övladları ilə bağlı araşdırmalar, nazirlərin istefası, Türkiyə gündəmini tamamilə dəyişib. Son günlərdə Ərdoğanın oğlu ilə bağlı araşdırmalar da məsələni daha da gərginləşdirib. Baş nazirlə oğlu Bilal Ərdoğanıla telefon danışıqlarının ardından daha bir şok səs yazısı çıxıb. Bu dəfə danışıq Əminə Ərdoğanla oğlu Bilal arasında baş verib. Youtobe-da yerləşdirilmiş bu telefon danışığının da mövzusu əldəki böyük məbləğdə nəğd pulun gizlədilməsidir.

Qeyd edək ki, Türkiyəni silkələyən səs yazılarının bir ucu da Azərbaycana qədər sıçrayıb. Fətullah Gülənin son səs yazısında camaatın Azərbaycanla əlaqələrindən bəhs edilir. Qeyd edək ki, Türkiyənin daxili savaşı olan bu mübarizədə Azərbaycanın da adının hallanması açıq suallar ortaya çıxarır.

Ərdoğan ailəsinin telefon danışıqları ilə bağlı danışan politoloq Qabil Hüseynli onların montaj olması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb: "Bu sahə ilə məşğul olan şirkət nümayəndələrinin böyük əksəriyyəti həmin səs yazılarının montaj yox, həqiqət olduğunu təsdiqləyib. Hətta Amerikada səs yazısı ilə məşğul olan rəsmi şirkətlərdən biri də yayımlanan telefon danışıqlarında heç bir montaj əlaməti olmadığını açıqlayıb. Artıq Ərdoğan ailəsinin telefon danışıqları ilə bağlı Türkiyədə birmənalı rəy formalaşıb ki, yazı həqiqətdir”. Bu səs yazılarının baş nazirin "kirli” işlərini üzə çıxaran çoxsaylı faktlardan yalnız biri olduğunu vurğulayan politoloq bildirib ki, korrupsiya əməliyyatları zamanı oğul Ərdoğanı istintaqa cəlb

edən prokuror işdən çıxarıldığı üçün həmin işə xitam verilib. Hətta baş nazirin qızı ilə bağlı da prokurorluq orqanlarında araşdırmalar aparılır. O, qızıl əməliyyatlarını həyata keçirən şəxslərdən biri kimi sorğuya da çəkilib”.

- Məlum səs yazıları Ərdoğanın və rəhbərlik etdiyi partiyanın nüfuzuna necə təsir göstərəcək?

- Ərdoğan gec ya tez öz əkdiklərini biçəcək. Türkiyədəki gərginliyə əsas səbəb ölkədə cümhuriyyət tarixində misli görünməmiş bir rüşvətxorluğun baş verməsi, bu rüşvətxorluq olaylarına Nazirlər Kabinetinin əksər üzvlərinin qatışması, rüşvətxorluqla yanaşı ölkənin nazirlərinin Ərdoğanın uşaqları da daxil olmaqla qızıl alverinə qurşanması, bu məsələdə Cənubi Azərbaycandan olan Rza Zərrabın vasitəçilik etməsi, əsas məqsəd də İrana qarşı tətbiq edilən sanksiyaları yarıb keçmək üçün qızıl alverindən istifadə edərək əldə edilən mənfəətin bir hissəsini, məsələn, 78 milyard avronun İrana Xalq Bank vasitəsilə ötürülməsi oldu. Əgər Ərdoğan ailəsi ilə bağlı üzə çıxarılan faktların yüzdə biri Avropa ölkələrində olsaydı, indi baş nazir çoxdan məsuliyyətə cəlb olunub, haqqında cinayət işi qaldırılmışdı. Ancaq gördüyünüz kimi Ərdoğan öz əməllərini ört-basdır etmək üçün qeyri-etik yollara əl atır. Özünün populist çıxışları ilə fəaliyyətinə haqq qazandırır, əməllərinin qanuni olduğunu iddia edir. İstintaq aparan hakimləri, prokurorları işdən çıxarır, yerdəyişmə aparır. Haqqında yayılanları xarici ölkələrin sui-qəsdi və paralel dövlət iddiasında olanların ona qarşı kampaniyası kimi dəyərləndirir. Ancaq qarşıdan seçkilər gəlir. Seçkilərdə "Gülən camaatı” və bu rüşvət olayları AKP-nin reytinqini alt-üst edəcək. Mən əminəm ki, AKP yerli seçkilərdən məğlubiyyətlə çıxacaq. Üstəlik də, AKP başçısı Rəcəb Tayyib Ərdoğan prezidentliyə can atır. Onun prezidentlik arzusu da gözündə qalacaq. Məncə, AKP-nin hakimiyyətinin sonu yaxınlaşmaqda və Ərdoğan erası bitmək üzrədir. Türkiyə əhalisinin çox böyük hissəsi rüşvət olaylarından sonra AKP-nin hansı mənəviyyata malik olduğunu görürdülər. Seçkilərdə də onların etdikləri əməllərə uyğun hərəkət edəcəklər.

- Qabil bəy, dünən Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın həbsdən azad edilməsi haqqında qərar qəbul edib. Həmçinin rüşvət qalmaqalı ilə bağlı həbs olunan daha 5 nəfər də azadlığa buraxılıb. Türkiyə xalqı buna necə reaksiya verəcək?

- Bu qərar onsuz da Türkiyəni bürüyən etiraz aksiyalarının daha da geniş vüsət alması ilə nəticələnəcək. Ərdoğan hakimiyyətinin yeritdiyi siyasət birmənalı şəkildə ölkə əhalisinin konstitusion hüquqlarının kobudcasına pozulması və tapdalanması prosesidir. Xalq buna səssiz qalmayacaq. Aksiyaların bütün ölkə ərazisini əhatə etməsi qaçılmazdır. Faktiki olaraq, hakimiyyət çox böyük və ciddi qanun pozuntusunun üstünü basdırmağa çalışdı. Bununla da, Türkiyə haqqında dünyada və cəmiyyətdə formalaşmış demokratik, hüquqi dövlət anlayışını dəfn etmiş oldular. Bu nöqteyi-nəzərdən çox güman ki, xalqın böyük əksəriyyəti Ərdoğan və onun komandasına ciddi dərs verməyə hazırlaşır. Hesab edirəm ki, dünən verilən qərar və Ərdoğanın yeritdiyi siyasət mütləq seçkilərdə öz nəticəsini verəcək və biz mart ayında Türkiyədə bir sıra sensasion hadisələrin şahidi olacağıq.

- Bəs, AKP camaatın Azərbaycanla əlaqələrinə dair səs yazıları ortaya çıxartmaqla nəyə nail olmaq istəyir?

- Hesab edirəm ki, bu məsələ çox ciddi araşdırılmalıdır. Hətta azərbaycanlı deputatların, məmurların Fətullah Güləndən pul alması ilə bağlı faktlar da yoxlanılmalıdır. Həqiqətən də siyahıda adı keçən insanların "nurçu”larla hansısa bir formada əlaqəsinin olub- olmadığı hüquq- mühafizə orqanları tərəfindən araşdırılmalı və açıq qalan bütün suallar cavablandırılmalıdır.

Şəymən