“Qənirə Paşayeva ilkin qaynağı axtarmaq istəyirsə, bu onun haqqıdır”

“Nurçu deputatlarla” bağlı ANS-də gedən materialla Mirşahin Ağayev də tanışdı



Milli Məclisin 24 deputatının Türkiyədə olan "nurçu”lar cərəyanı ilə əlaqədar olması ilə bağlı iddialar son günlər ölkə mətbuatının əsas müzakirə obyektinə çevrilib. ANS telekanalının "Xəbərçi” proqramında yayımlanan "nurçu deputatların siyahısı” ilə bağlı süjetdə həmçinin onların siyasi dairələrdə himayədarlarının olduğu və Gülən camaatından həmin deputatlara aylıq maaş kəsildiyi də deyilib.

"Nurçu deputatların siyahısı”nda adı çəkilən millət vəkilləri isə bir-bir təkzib verməkdədir. Bəziləri ANS telekanalının bu süjetini cəfəngiyyat adlandırıb, bəziləri isə sadəcə təkzib verməklə kifayətlənib.

Sözügedən siyahıda adı hallanan millət vəkili Qənirə Paşayeva isə birbaşa "ANS”-i hədələyib. Xanım millət vəkili sözügedən telekanalın yoxlanılmadan, dəqiq mənbəyi olmadan bu məsələ ilə bağlı süjetdə adının hallandırılmasını təəssüflə qeyd edib və bildirib ki, Bakıya qayıtdıqdan sonra bu məlumatın ilkin mənbəyi və onların rəyi alınmadan məlumatın yayılması ilə bağlı məsələni ciddi araşdırıb, xəbəri yayanlarla bağlı hüquq çərçivəsində tədbirlər görəcək. Qeyd edək ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev nurçuluqda adları çəkilən millət vəkili Qənirə Paşayevanın və digər şəxslərin ANS-dən şikayətçi olmasına münasibət bildirib.

Vitse-prezident "Şərq”ə açıqlamasında millət vəkilinin haqqında yayılan məlumatlarla bağlı araşdırma aparmasının normal bir şey olduğunu deyib: "Bildiyim qədəri ilə Qənirə Paşayeva ANS-i məhkəməyə verəcəyi barədə hər hansı bəyanat verməyib. O deyib ki, onun haqqında yanlış məlumat verən ilkin qaynaqları hüquq-mühafizə orqanlarının köməyilə axtarmaq istəyir. Hesab edirəm ki, bu da onun haqqıdır”.

M.Ağayev həmçinin qeyd edib ki, efirdə adları çəkilən şəxslərin hər birinə mövqe bildirmək üçün müraciət olunub: "Efirə gedən həmin materialla mən tanışam. Orada adları çəkilən və təsvirləri göstərilən şəxslərin hər birinə müraciət olub. Bu adamlar bu və ya digər səbəblərdən ya danışıblar, ya da danışmaq istəməyiblər. Müxbir də bu məlumatın efirə onların bildirdiyi və bildirmədiyi mövqelərlə getməsini təmin edib. Buna görə də kimlərinsə ANS-də hər hansı qərəz axtarmaq və guya, məqsədli şəkildə bunu işıqlandırmasını düşünməyə heç bir əsas görmürəm. Jurnalist öz fəaliyyətini yerinə yetirib. O ki qaldı cəmiyyətdə mövcud olan bu və ya digər məsələnin aydınlaşmasına, adları çəkilən şəxslərin özləri maraqlı olmalıdır ki, onların barələrində yayılmış informasiyalara aydınlıq gətirilsin. Əgər onlar bu məlumatların aydınlaşdırılmasında maraqlı olmadıqlarını bu və ya digər şəkildə göstərirlərsə, buna görə mətbuatı günahlandırmaq doğru deyil”.

Şəymən