Tələbələr kredit sisteminə öyrəşməyiblər

Problemi yalnız rektorların üzərinə atmaq doğru deyil


Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakı Dövlət Universitetində imtahan kəsirləri ilə bağlı pul tələbi sanksiyasının tətbiqi tələbələrin etirazına səbəb olub. Sözügedən ali təhsil ocağında tələbələr aksiya təşkil ediblər. Tələbələrin narazılıqlarının aradan qaldırılması üçün Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə universitet rektoru Abel Məhərrrəmov tələbələrlə görüş keçirib.

Görüşün nəticəsi olaraq imtahanının keçid balı 25-dən 17 bala endirilib. Bu güzəşt tələbələri qane etməyib. Ona görə də BDU rəhbərliyi hazırda islahatlara və təmizləmələrə başlayıb. Belə ki, Universitetin Tarix fakültəsinin dekan müavini Asif Bayramov və fakültənin tyutoru vəzifəsində çalışan Cəfər Xanəliyevin işdən çıxarılmaları barədə məlumatlar yayılıb. Bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsi xəbər verib. Məlumatda göstərilib ki, dekan müavini səhhəti ilə əlaqədar tutduğu vəzifədən çıxmaq üçün müraciət edib: "BDU-nun Tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kitçiyevanın özünün də etiraf etdiyi kimi, dekan müavini A.Bayramovun işdən çıxarılması onun şikayəti ilə əlaqəli deyil. C.Xanəliyevin xaric olunmasına gəldikdə isə bu barədə əmr yoxdur”.

Bəs görəsən, kadr dəyişikliyi etməklə universitetdə korrupsiya və rüşvətxorluq hadisələrinin qarşısını almaq mümkün olacaqmı? Yoxsa rektor başqa tədbirlərə əl atmalıdır?

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında bildirib ki, korrupsiyanı müəllimi işdən azad etməklə ləğv etmək düzgün prinsip deyil: "Korrupsiyanın qarşısının alınması üçün iqtisadi mexanizmlər və siyasi iradə olmalıdır”.

BDU-dakı etirazlara münasibət bildirən ekspert qeyd edib ki, kredit sisteminə nöqsan tutmaq ədalətsizlikdir: "Uzun müddətdir ki, ölkəmizin ali təhsil müəssisələri tələbələrə öyrədiblər ki, "pul ver, imtahanı keç”. Bu, tələbənin vərdişinə çevrilib. İndi də gətirib sivil ölkələrin şəffaf sistemini tətbiq etmək istəyirlər. Azərbaycanlı tələbələr isə buna öyrəşməyiblər. Yeni sistemi qəbul edə bilmirlər. Sistem tətbiq edilməzdən öncə maarifləndirmə işləri aparılmalıdır. Ona görə də tələbələr etiraz edirlər. Hesab edirəm ki, Azərbaycan ali məktəblərinin təhsil mühitində kredit sistemini birbaşa tətbiq etmək anormal haldır. Çıxış yolunun tapılmasını yalnız universitet rektorlarının üzərinə buraxmaq olmaz. Aidiyyəti nazirlik də bu işə dəstək verməlidir”.

Ayyət Əhməd