Ekspertlər əmək kitabçalarının ləğv olunmasını bəyənir

Elektron sistemin üstünlüyü özünü onda göstərəcək ki, daha süni şəkildə iş stajını artırmaq mümkün olmayacaq


Artıq əmək kitabçaları ləğv olunur. Yaxın günlərdə elektron müqavilələrin rəsmiləşdirilməsinin e-sisteminin tətbiqinə başlanacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, bundan sonra əmək kitabçalarını elektron bildirişləri əvəz edəcək.

Onun sözlərinə görə, cəmiyyətdə hər bir işəgötürən işə götürdüyü yeni adamla müqavilə bağlayan zaman onun haqqında bütün məlumatı elektron bazadan ala biləcək.

Əmək kitabçalarının ləğvini məqsədəuyğun hesab edən ekspertlər də artıq əmək kitabçalarına ehtiyac duyulmadığı qənaətindədirlər.

İqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, sənədləşmə işləri elektronlaşdığından əmək kitabçasının tətbiqi indiki dövrə bir o qədər də uyğunlaşmır. "Bu baxımdan əmək kitabçalarının ləğvi inkişaf istiqamətində atılan addımdır. Fərdi uçota əsaslanan pensiya sistemində insanlara Dövlət Sosial Fondundan şəhadətnamələr verilir ki, bu şəhadətnamə unikal qeydiyyat nömrəsinə malikdir. Hər bir şəxsin öz unikal nömrəsi olacaq. Neçə yerdə işləməyindən asılı olmayaraq, həmin işlər üzrə maaşlar, gəlirlərdən Sosial Müdafiə Fonduna ayırmalar olur. Bütün ayırmalar nəticədə bir nömrə altında cəmləşir”. S.Əliyevə görə, problem ondan ibarətdir ki, şəhadətnamələrin bir neçə ildir verilməsinə baxmayaraq, hələ də işləmir. "İndi bəziləri bir neçə yerdə işləyirlər. Amma həmin ödənişlər SMF-də onların adına açılmış hesaba köçürülmür”.

Ekspert əlavə edib ki, şəhadətnamələrdə işçinin adı ilə yanaşı, qeydiyyat nömrəsi olacaq ki, bu nömrənin əsasında da həmin insan haqqında məlumat toplanılacaq. "Burada həmin insanın aldığı maaşı, nə vaxt işə daxil olması və işdən çıxması, ödənişlər haqqında məlumat öz əksini tapacaq. Fərdi uçota əsaslanan pensiya sistemində imtiyazlı pensiyalar da nəzərə alınacaq”.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə hesab edir ki, bu məsələ əslində bir qədər gecikmiş sayıla bilər: "Hələ elektron sistemin tətbiqinə başlandığı ilk illərdə - 10-15 il bundan əvvəl təklif etmişdik ki, əmək kitabçası artıq bir sənəd olaraq mahiyyətini itirdiyindən onu elektron portalla əvəzləmək lazımdır. Əmək kitabçası sovet dönəmində işçinin pensiyaya çıxması üçün yeganə sənəd idi. Burada işçinin mükafatlandırılmasından tutmuş cəzalandırılmasına qədər bir çox məlumatlar qeydə alınırdı Amma son illər bu sənəd "SV” rolunu oynayır və ancaq əmək stajının qeyd olunduğu sənəd sayılır. Bütün müavinətlərin sığorta stajı ilə hesablandığı bir vaxtda əmək kitabçası funksiyasını itirib”.

Liqa rəhbərinin sözlərinə görə, əmək müqavilələrinin qeydiyyatı ilə bağlı vahid portal yaradılmalıdır. Burada işçinin əmək stajını göstərən elektron çıxarışlar verilə bilər: "Bunu hər kəs ona verilən kodla özü daxil olub, çıxarış edə bilər, ya da sorğu göndərməklə yerinə yetirmək olar. Yaxşı olardı, portalda daha bir baza əmək stajının göstəriciləri üzrə yaradılsın və hər kəsin özünün fərdi çıxışı olsun ki, stajı barədə məlumatı özü öyrənə bilsin”.

Sahib Məmmədov deyir ki, elektronlaşdırma saxta məlumatların da qarşısını alacaq: "Hazırda onsuz da əmək kitabçasında saxta məlumatların yerləşdirilməsinin, əlavə staj yazdırmağın əhəmiyyəti yoxdur. Çünki ötən müddət ərzində Sosial Müdafiə Fonduna sosial ödəmə olmayıbsa, əmək kitabçasındakı staj nəzərə alınmır. Amma elə yerlər var ki, çalışmaq üçün 5 illik staj tələb olunur. Belə olan təqdirdə elektron sistemin üstünlüyü özünü onda göstərəcək ki, bura süni şəkildə iş stajını artırmaq kimi məlumatları da yerləşdirmək mümkün olmayacaq”.

Şəymən