“Ukraynadakı vəziyyət həddindən artıq təhlükəlidir”

Asim Mollazadə: “Biz də əlimizdən gəldiyi qədər çalışırıq ki, beynəlxalq qurumların diqqətini Ukraynaya, xüsusilə də Krıma yönəldək”


Bu dəfə prezident Yanukoviçin devrilməsindən sonra Ukraynada yaranan gərginliyi, xüsusilə də Krımdakı qarşıdurmanı Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə şərh edib. "Şərq”in suallarını cavablandıran deputat Ukrayna məsələsinin həddindən artıq ciddi olduğunu vurğulasa da, problemin hüquqi müstəvidə həll olunmasının tərəfdarı olduğunu deyib.

- İstiqmətini qərbə çevirən Ukrayna üçün bu gün ən böyük "təhlükə” Krımdır. Çünki Rusiya bu bölgədəki hərbi və sosial bazasından istifadə edərək Ukraynaya təzyiq göstərir. Sizcə, Moskvanın Krımla bağlı planı nədir?

- Krım bölgəsini və orada baş verənləri daha çox Dağlıq Qarabağ probleminə bənzədirlər. Necə ki, 1990-cı illərin əvvəllərində yeni yaranmış dövlətlərin inkişafının qarşısını almaq üçün Qarabağ hadisəsini ortaya atdılar, Gürcüstanda və Moldovada separatçılığa dəstək verildi. İndi də həmin modellərə oxşar şəkildə Krımda gərginlik yaradıblar. Bununla yanaşı, xüsusi qeyd etmək istərdim ki, Krıma qayıtmış tatarlara qarşı müvafiq erməni qruplaşmalarından da istifadə edirlər. Yəni Ukraynadakı vəziyyət həddindən artıq təhlükəlidir. Ona görə də bütün beynəlxalq ictimaiyyəti Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə məşğul olmağa çağırıram. Biz də əlimizdən gəldiyi qədər çalışırıq ki, beynəlxalq qurumların diqqətini Ukraynaya, xüsusilə də Krıma yönəldək. Düşünürəm ki, bu məsələ yenə də bizə imkan verir ki, beynəlxalq aləmin diqqətini Krımla oxşar olan Qarabağ məsələsinə cəlb edək. Bilirsiz ki, bu yaxınlarda Respublika Baş Prokurorluğu ilə bir neçə jurnalist araşdırmalarında Sumqayıt və Qarabağla bağlı çox maraqlı yeni faktlar ortaya çıxdı. Görünən odur ki, bu məsələ ilə o zaman yaradılan problemlər arasında çox böyük oxşarlıq var. Demək olar ki, proseslər eyni mərkəzdən idarə olunur.

- Ukrayna üçün ciddi təhlükə hesab olunan Rusiya bu ölkəyə birbaşa hərbi müdaxilə edərmi?

- Yox, zənn etmirəm ki, Rusiya Ukraynaya ordu yeridəcək. Çünki onsuz da Krımda Rusiyanın hərbi donanması var. Əlavə risk almağa ehtiyac yoxdur. Kreml nəzərdə tutduğu Qarabağ modelini Krımda ordusuz da həyata keçirə bilər. Bunun üçün həmin bölgədə bir qrup silahlı dəstənin olması kifayət edir.

- Rusiyanın Avropa qapısı sayılan Ukrayna ilə son ipləri də qırılsa, Kreml hansı siyasəti izləyəcək? Təzyiqini davam etdirəcəkmi?

- Ukraynanın sonrakı taleyi beynəlxalq güclərin ədalətli mövqeyindən və Rusiyaya göstərəcəyi ciddi təzyiqlərdən sonra bəlli olacaq. Ancaq nəzərə almaq lazımdır ki, Ukrayna xalqı Avropaya inteqrasiya yolunu seçib və bu məqsədlə yüzminlərlə insan günlərcə küçələrdə aksiya keçirib. Hətta bu uğurda neçə nəfər həyatını itirib. Hesab edirəm ki, qərb dairələri Ukrayna xalqının bu israrlı qərarına sayğı ilə yanaşacaq və onlara sahib çıxaraq Rusiyanın əlinə verməyəcək. Bu məsələdə bizim istəyimiz də ondan ibarətdir ki, bütün siyasi məsələlər zor tətbiq etməklə deyil, siyasi hüquq müstəvisində öz həllini tapsın.

- Ukraynadakı hadisələrin digər postsovet ölkələrinə keçmə ehtimalı nə qədərdir? Məsələn, Azərbaycana...

- Belə ehtimal çox azdır. Hər ölkənin özünəməxsus reallıqları var. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan kifayət qədər güclü və stabil ölkədir. Əlbəttə, Ukrayna bizim bölgə üçün çox böyük əhəmiyyətə malik bir ölkədir. Azərbaycanın müttəfiqidir və dövlətimizlə bərabər bir neçə qurumda təmsil olunur. Bu baxımdan Ukraynada baş verənlər bizi çox narahat edir. Ona görə də qısa müddət ərzində Ukraynada tam sabitliyin əldə olunmasını istəyirik və bunun üçün əlimizdən gələni edirik.

İsmayıl