Kreml əcnəbilərə vətəndaşlıq verilməsini asanlaşdırır

Çünki həmin adamlar vergidən yayınırlar ki, bu da Rusiya iqtisadiyyatına zərbə vurur



Rusiya hökuməti vətəndaşlıq məsələsini yenidən gündəmə gətirib. Bir müddət öncə miqrantlara vətəndaşlığı külli miqdarda vəsait hesabına verməyi düşünən ölkə rəhbərliyi hazırda bu qaydaları sadələşdirməyi düşünür. Rusiya Dövlət Duması spikerinin I müavini Aleksandr Jukov bildirib ki, MDB ölkələrinin vətəndaşlarına Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsinə dair qanun layihəsi hazırlanır.

O, məsələnin gündəmdə olduğunu söyləyib: "Vətəndaşlığın verilməsi prosedurunun sadələşdirilməsi məsələsi təkcə Dumanın fraksiyalarında deyil, Prezident Administrasiyası və hökumətdə də nəzərdən keçirilir”.

A.Jukovun açıqlamsını dəyərləndirən Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev "Şərq”ə açıqlamasında qeyd edib ki, sözügedən proqram əvvəldə mövcud idi: "Bu indi də davam edir. Proqrama əsasən Rusiyaya gedənlər 6-7 aydan sonra vətəndaşlıq əldə edə bilərlər. Həmin proqramla ölkəmiz çox uğurlu işləyir”.

Mərkəz rəhbəri onu da əlavə edib ki, Rusiya bu yolla qanunsuz miqrantlardan təmizlənmə prosesini həyata keçirir: "Rəsmi Moskva düşünür ki, vətəndaşlıq verilmə prosesinin şərtlərini asanlaşdırmaqla, qanunsuz miqrant məsələsini aradan qaldıra bilər. Çünki əcnəbilər ölkənin ərazisində xarici vətəndaş kimi yaşayırlar. Dövlət vergisindən yayınırlar ki, bu ad Rusiya iqtisadiyyatına zərbə vurur. Ona görə də rəsmi Moskva hesab edir ki, MDB ölkələri vətəndaşlarına sadələşdirilmiş qaydada vətəndaşlıq verərsə, problem həllini tapmış olar”.

Ayyət Əhməd