İTV-də 5 aparıcı işdən çıxarıldı

“Müqavilədə göstərilən fəaliyyət müddəti bitibsə, artıq rəhbərlikdən asılıdır”



İTV-də işçilərin işdən çıxarılması prosesi davam edir. Adıçəkilən televiziyanın daha beş əməkdaşı işdən azad olunub. AzNews.az-a daxil olan məlumata görə, onlar əsasən İnformasiya departamentinin əməkdaşlarıdır. Onlardan 3 nəfərinin adı məlumdur. Aparıcılar Tamella Şirinova və Səlminə Ələkbərli, radio aparıcısı isə Şakir Qurbanovdur.

İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva isə xəbəri nə təsdiq, nə də təkzib edib: "Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar”. "Əgər yaxşı işçidirlərsə, niyə uzaqlaşdırılırlar” sualını M.Quliyeva belə cavablandırıb: "Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır”. Çıxarılan əməkdaşlardan Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: "İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq”. Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: "Artıq bu gündən İTV-yə işə çıxmıram”.

Xatırladaq ki, aparıcıların işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.

"Yeni Nəsil Jurnalistləri Birliyi”nin sədri Arif Əliyev "Şərq”ə jurnalistlərin işdən çıxarılmasını hüquqi zəminlə əlaqələndirib: "Hər hansı jurnalistlərin və ya jurnalist qrupunun işdən çıxarılması onun peşəkarlığından çox hüquqi müqavilələrlə tənzimlənir. Buna görə də müqavilədə göstərilən fəaliyyət müddəti bitibsə, artıq rəhbərlikdən asılıdır. Bizim KİV-lərdə jurnalistlərin 99 faizi hüquqsuz vəziyyətdədirlər”. A.Əliyev peşəkarlıq məsələsinə də toxunaraq İTV-də aparılan kadr islahatlarının televiziyanın fəaliyyətinə müsbət dəyişiklik gətirəcəyini düşünmür: "Onların işə götürülmə və işdən çıxarılma zamanı peşəkarlıqdan başqa nəzərə alınan cəhətlər də çoxdur. Buna görə də İctimai TV-nin nə isə itirdiyini demək çətindir. Amma təəssüf ki, söylənilən televiziya heç nə qazanmır. Rəhbərliyin də dəyişikliyi TV-də ciddi fərqlərə səbəb olmadı. Lap TV heyətini də tamamilə dəyişdirib, başqa komanda gətirilsə belə, kanallardan yüksək peşəkarlıq gözləmək əbəsdir.” Onun sözlərinə görə, jurnalistin azad, sərbəst olması və peşəkarlığını göstərməsi üçün mütləq mühit lazımdır: "Əgər o mühit yoxdursa, istənilən qədər peşəkar jurnalist və ya yeni texnika cəlb et, faydasızdır. Bu gün bizim TV-lərin texnikası dünyanın aparıcı televiziyalarında yoxdur. Amma efirlərimizə baxanda adamın ürəyi ağrıyır. Odur ki, bir çox cəhətlər var, peşəkarlıqdan əlavə jurnalistin həm dini, həm ideoloji fəaliyyətinə sərbəstlik verilməlidir. Əlbəttə, hər bir şəxsin işini itirməsi, bu çətin və ağrılıdır”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə İctimai Yayım şurasının gördükləri iş haqqında cəmiyyətdə qarşısında hesabat verilməsini tələb edir. Ə.Məmmədlinin fikrincə, normal qaydada işçini işdən çıxarmaqla İctimai TV-nin işçisini çıxarmaq prosesləri fərqlidir: "Yəni İTV haqqında ayrıca qanun var, İctimai TV ilə bağlı Avropa Nazirlər Kabinetinin yayımla əlaqədar 22 prinsiplik tövsiyələri mövcuddur. Bunlar zəruri olan prinsiplərdir. Prinsiplərdən biri də işçilərin əmək hüququları ilə bağlı təminatıdır. Yəni İTV rəhbərliyi istədiyi vaxt işçiləri uzaqlaşdırmalı deyil. İTV işçilərinin ayrıca həmkarlar təşkilatı olmalıdır. Onların işdən çıxarılması həmkarlar təşkilatı ilə razılaşdırılmalıdır. Əgər lazım gələrsə, işdən çıxarıla bilər. İşçi işlədiyi zaman özünü güvəndə hiss etməlidir. Bu İctimai TV-nin təməl prinsiplərindən biridir.

İctimai televiziya sistemi yaradan zaman onun ANK-nin tövsiyəsini uyğun yaratmaq barəsində öhdəliyi var.

Bütün bunları düşündükdə İctimai TV rəhbərliyi özəl şirkət idarə etdiyini düşünə bilməz. Orada isə istədiyi şəxsi "iş müddəti bitdi” deyə işdən çıxara bilməz. Deyilən TV rəhbərliyi bunları bilmirsə, bununla bağlı beynəlxalq sənədləri oxusunlar, mövcud standartları öyrənib ona uyğun addım atsınlar”. Ə.Məmmədli onu da bildirib ki, İctimai Yayım Şurası demək olar yoxdur: "Bunu rəsmən deyirəm. Bu günə qədər qeyd edilən TV-də baş verənlərlə bağlı cəmiyyətə ən xırda mesaj ötürülmədi. Yəni biz də cəmiyyət olaraq bu prosesdə iştirak edirik, bizimlə yayım şurası məsləhətləşmir. Cəmiyyət bu televiziya üçün hər il milyonlarla manat pul xərcləyir. Biz insanların ödədikləri pullar əsasında büdcə formalaşır. Dövlət bücəsi kiminsə atasının pulu deyil, cəmiyyətin, camaatın puludur. Burada İctimai TV-yə pul ayrılırsa, həmin TV bizə hər qəpiyimizin hesabını verməlidirlər. Onlar nə edirlər? Nə etdilər? Niyə etdilər və hansı qanuna istinad etdilər? Buna görə də orada çalışan istənilən jurnalistə "müqavilə müddəti bitdi” deyə qapı göstərilməli deyil. Çünki həm də Əmək Məcəlləsinə görə, 5 ildən çox bir müəssisədə çalışan şəxsin müddətdə və müqavilədə müddətsiz işçi hesab olunmağa haqqı var. Sonra müddətsiz əmək müqaviləsinə xitam vermə qaydaları tətbiq olunur.

İkinci məsələ, yalnız işçi münasibətlərini pozma deyil, burada yaradıcı heyət məsələsi və struktur məsələləri tənzimlənir. Peşəkarlığa gəlincə, heç kim deyə bilməz, orada işləyənlərin hamısı qeyri-peşəkardır, əgər belədirsə, niyə onlar işə götürülərək 5 il müddətinə maaş verilib? Bütün hallarda cavabdehlik var. Bu halda cavabdeh olan rəhbərlik cəmiyyətə hesabat verməlidir.

Ona görə də İctimai TV rəhbərliyini bir an öncə cəmiyyətə baş verənlər haqqında gerçək açıqlamalar verməsini və qanunauyğun şəkildə televiziya prosesini idarə etməsini tövsiyə edirəm”.

Vüqar Şahinoğlu