Ukrayna ordusu döyüş vəziyyətinə gətirildi




 
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkənin ərazi bütövlüyünün təmin olunması üçün təxirəsalınmaz tədbirlərin keçirilməsi ilə bağlı 1 mart 2014-cü il tarixli qərarı qüvvəyə minib. Bununla bağlı fərman prezident səlahiyyətlərini icra edən parlament sədri Aleksandr Turçinov tərəfindən imzalanıb. Şuranın katibi Andrey Parubiy Ali Radadakı brifinqdə qeyd edib ki, qərara əsasən Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisinə və təhlükəsizlik qüvvələrinin rəhbərlərinə silahlı qüvvələri tam döyüş vəziyyətinə gətirmək tapşırılıb. Qərarın ikinci hissəsi isə gizli saxlanılır. Bundan başqa Müdafiə Nazirliyinə ehtiyatda olan hərbçilərin toplanması işinin təşkili əmri verilib. Nazirlər Kabinetinə isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək üçün təxirəsalınmaz maliyyə və digər resursların ayrılması işi tapşırılıb.