“Putin ağıllı olsa...”

Yusif Bağırzadə: “Dağlıq Qarabağ probleminin həlli istiqamətində real addımlar atmaqla Rusiyanın itirilmiş mövqeyini geri qaytara bilər”


Artıq 2014-cü ilin birinci rübü başa çatmaq üzrədir. Bu müddət ərzində ölkədə xeyli sayda səsli-küylü etiraz aksiyaları baş verib. Bunlara BDU tələbələrinin keçirdiyi aksiyaları, "Sovetski” sakinlərinin etiraz nümayişləri, metro keçidlərində ticarətlə məşğul olan sahibkarların keçirdiyi aksiyaları və digərlərini misal göstərmək olar. Cəmiyyətdə olan narazılıqlar özünü bu cürə etirazlarda büruzə verməkdədir. Müxalifət cəbhəsində isə durğunluq müşahidə olunur.

Demək olar ki, bu müddət ərzində müxalifət düşərgəsində yaddaqalan və ciddi ajiotaj doğuracaq hər hansı bir siyasi proses baş verməyib. Hətta sözügedən cəbhədə ciddi bir süstlük hiss olunur. Dünyada gedən proseslər fonunda Azərbaycan müxalifətinin qış yuxusuna çəkilməsinin səbəbləri, ümumilikdə isə ölkədəki ictimai-siyasi durum, Ukrayna hadisələrinin Azərbaycana təsirləri barəsində "Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə hazırda Azərbaycanda ictimai-siyasi vəziyyətin normal olduğu qənaətindədir:

- Bildiyiniz kimi, prezident seçkiləri arxada qalıb, qarşıda bizi bələdiyyə seçkiləri gözləyir. Bəzi partiyalar seçkilərdə tək iştirak edəcəyi haqqında artıq bəyanat yayıb. Bəziləri isə blok yaradaraq seçkilərə qatılacağını açıqlayıb. Hesab edirəm ki, hər bir partiyanın bələdiyyə seçkilərində iştirak etməsi lazımdır. Çünki bələdiyyə seçkiləri parlament seçkilərinə hazırlıq prosesidir. Əslində faktiki olaraq, bələdiyyə seçkiləri parlament seçkilərinin taleyini həll edir. Odur ki, bəzi partiyalardan fərqli olaraq, biz bələdiyyə seçkilərinə kifayət qədər ciddi yanaşır və hazırlaşırıq. Hələlik AMİP seçkilərə necə gedəcəyi barədə qərar verməyib. Partiyada müzakirələr zamanı da fikirlər haçalanır. Partiyanın tək təmsil olunmasını təklif edənlərlə yanaşı, AMİP-in bələdiyyə seçkilərinə Demokratik Qüvvələrin Birliyi ilə getməsini istəyənlər də var. AMİP olaraq, biz mütəmadi olaraq fəaliyyətimizi partiyanın genişlənməsi, strukturlarımız təşkilatlanması, beynəlxalq əlaqələrin gücləndirilməsi və gənclər və qadınlar təşkilatlarının formalaşdırılması istiqamətində qurmuşuq. Fikrimiz var ki, bu ilin bələdiyyə seçkilərinə qadınların kifayət qədər cəlb olunmasını təşkilatlandıraq. Bilirsiniz ki, bələdiyyələr üzrə həm hakim partiyada, həm də müxalifətdə qadınların təmsilçiliyi azdır.

- Bəzi müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak etməyi vaxt itkisi hesab edir. Çünki bələdiyyə səlahiyyəti olmayan qurumdur...

- Məndə olan məlumata görə, bələdiyyələrlə bağlı hökumətdə layihə hazırlanır. Yəni, bələdiyyələrə bir sıra səlahiyyətlərin verilməsi və onların statuslarının qaldırılması gözlənilir. Bütün dünyada bələdiyyələrə diqqət böyükdür və bizdə də belə olmalıdır.

- Ətrafımızda baş verən hadisələrin Azərbaycana təsiri hansı səviyyədə özünü göstərəcək?

- Təbii ki, geopolitika bizim üçün kifayət qədər önəmlidir. Bölgədə baş verən proseslər Azərbaycan üçün təsirsiz ötüşməyəcək. Faktiki olaraq, Ukrayna hadisələrindən sonra Rusiya ilə Avropa İttifaqı ölkələri və ABŞ arasındakı ənənəvi gərginlik bir xeyli dərinləşib. Postsovet ölkələrindən hansısa Avropaya doğru meyillənirsə, o dövlət müəyyən itkilərə məruz qalır. Faktiki olaraq, Qarabağı işğal etməklə, ölkəmizin Avropaya inteqrasiyasının qarşısını almaq idi. Dağlıq Qarabağ məsələsi Avropa dövlətləri tərəfindən həll edilsəydi, Moldova, Gürcüstan, Ukrayna hadisələri olmayacaqdı. Rusiya bu cür addımlarla həmin dövlətləri əlində saxlamağa çalışır. Rusiya özü federativ dövlətdir, bu addımlar Rusiyanın özünə qarşı yönələcək. İqtisadi sanksiyalar Rusiyanı çökdürəcək. Rusiyanın iqtisadiyyatı yalnız xammal satışı üzərində qurulub. Rusiyanın sənaye bazası çox zəifdir. Təbii ki, biz də hadisələri izləyib, Qarabağ məsələsini gündəmə gətirməliyik. Söz yox ki, baş verən proseslər fonunda Rusiyanın MDB dövlətlərinə

təzyiqləri artacaq. İndiki şəraitdə Rusiya ilə Azərbaycan münasibətlərində kifayət qədər sabitlik hökm sürsə də, şimal qonşumuzdan bizə qarşı təhdidlər həmişə var. Xüsusən də, Azərbaycanı Gömrük İttifaqına daxil etmək üçün Rusiya mütləq rıçaqlardan istifadə edəcək. Odur ki, biz dünyada təklənməmək üçün Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına qoşulmalıyıq.

- Hazırda müxalifətin durumunu necə qiymətləndirirsiz?

- Müxalifət düşərgəsində durğunluq hökm sürür. Bu da bəzi siyasilərin seçkiöncəsi taktikanı düzgün seçməməsi ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycandan adətən seçkiöncəsi siyasi partiyalar aktivləşir. Hazırkı durğunluq prezident seçkilərindən sonrakı ətalətlə bağlıdır. Çünki seçkilərdən öncə yenidən böyük bir birliyin yaradılması və insanların müəyyən dərəcədə ümidləndirilməsi prosesi baş verdi. Sonradan seçkilərdən sonra baş verən proseslər müxalifəti ciddi xəyal qırıqlığına uğratdı. Hesab edirəm ki, bu durğunluq aradan qaldırılmalı və siyasi partiyalar bələdiyyə və parlament seçkilərinə hazırlaşmalıdır. Yuxarıda da qeyd etdiyim kimi, biz AMİP olaraq hazırda bu il keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşırıq.

- Azərbaycanda seçki ilə bağlı xeyli birlik yaradılıb, seçkidən sonra isə dağılıb. Yaradılan birliklər effekt vermir. Müxalifətin bir araya gələ bilməmələrinin səbəbi nədir?

- Şəxsi ambisiyalar. Azərbaycanda müxalifət ittifaqlara düzgün münasibət sərgiləmir. Yaradılan biriliklərin hər biri müvəqqəti xarakter daşıyır. Ona görə də, yaradılan birliklər heç bir effekt vermədən fiaskoya uğrayır.

- Yusif bəy, parlament seçkilərindəki proporsional seçki sisteminin bərpa olunacağını deyirlər. Sizcə, buna gedəcəkmi hakimiyyət?

- Məncə, hakimiyyət özü də anlayır ki, ortada bir məntiqsizlik var və onu tezliklə aradan qaldırmalıdırlar. Əslində siyasi partiyalar haqqında qanunun qəbul olunmasıyla proporsional seçki sistemi bərpa olunmalıydı. Siyasi partiyaların maliyyələşməsi ilə bağlı siyasi partiyalar haqqında qanuna edilən əlavə və dəyişikliklər də birbaşa proporsional seçki sisteminə aiddir.

Yəni bu qanun məhz o sistem üçündür, bu qanunun majoritar seçki sisteminə aidiyyəti və dəxli yoxdur. Odur ki, Azərbaycan ya qarışıq sistem təbiq etməlidir, ya da proporsional sistemə keçməlidir. Mən başqa yol görmürəm. Hakimiyyət də anlamalıdır ki, hər bir ölkədəki siyasi partiyalar həmin ölkədə siyasi münasibətlərin və vətəndaş sülhünün dayağıdır.

- Yusif bəy, AMİP olaraq, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlar prosesini necə dəyərləndirirsiniz?

- Dağlıq Qarabağ probleminin həlli istiqamətində təcili olaraq, Konfiliktologiya İnstitutu yaradılmalı və ciddi bir proqram hazırlanmalıdır. Münaqişənin həll olunması üçün həmin proqram çərçivəsində biz bütün imkanlarımızı səfərbər etməli və işğal altında qalan torpaqlarımızı azad etməliyik. Qarabağ və ətraf rayonlar 24 ildir ki, erməni tapdağı altındadır ki, bu da yolverilməzdir. Hələ 2011-ci ildə AİMP sədri olaraq bəyanat verdim ki, ATƏT-in Minsk Qrupu ancaq və ancaq münaqişəni "dondurmaq”la məşğuldur. Sanki həmsədrlərin missiyası problemi aradan qaldırmaq yox, münaqişənin həll olunmaması üçün vaxt qazanmaqdır. Bundan sonra da, Minsk Qrupunun səyi ilə DQ probleminin həll olunacağına ümidim yoxdur. Bir şeyi qeyd edim ki, Rusiya faktiki olaraq, Krımın ilhaqından sonra dünyanı qarşısına alıb. Putinin ağlı olsa, Dağlıq Qarabağ probleminin həlli istiqamətində real addımlar atmaqla Rusiyanın itirilmiş mövqeyini geri qaytara bilər.

Şəymən