Erotik serialların efir vaxtı dəyişəcək

Media ekspertləri Qulu Məhərrəmli və Zeynal Məmmədli MTRŞ-nin qərarını normal hesab edirlər


Ölkə telekanallarında yayımlanan seriallarda erotik səhnələrin yer alması son günlərin ciddi müzakirə mövzusuna çevrilib. Bu cür rolların səhnələşdirilməsi ictimaiyyətdə etiraz doğurub. Əksər adamlar bunu mental düşüncəmizə zidd sayaraq pisləyir.

Xatırladaq ki, bu günlərdə ATV-də yayımlanan "Qız yükü” teleserialındakı erotik səhnə sosial şəbəkələrdə böyük səs-küy yaradıb. Sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən serialın rejissoru serialda erotik səhnələrin olmasına haqq qazandırıb: "Anlaya bilmirəm, həyatda o cür işlərlə məşğul deyillər? Erotika insanın bir hissəsidir, hamımız ondan yaranmışıq. Burada qeyri-adi heç nə yoxdur”.

Yerli seriallardakı erotik səhnələrdən danışan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycan televiziya kanallarında erotik səhnələri olan serialların yayım vaxtı dəyişdiriləcək. Onun sözlərinə görə, teleməkanlarda canlandırılan verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı məsələ, Şura tərəfindən daim nəzarətdə saxlanılır: "Çox təəssüf ki, Azərbaycanın televiziya kanallarında gedən bəzi verilişlərdə bu dəyərlərə hörmətsiz yanaşılır. Təbii ki, Azərbaycan televiziyalarında yayımlanan seriallardakı erotik səhnələr tutaq ki, Avropa səhnəsində adi şəkildə qarşılanardısa, ölkəmizdə bu, müsbət qəbul edilmir. Televiziya kanalları bu cür məsələləri ciddi nəzərə almalıdırlar”.

Seriallardan erotik səhnənin tamamilə ləğvinin əleyhinə olan N.Məhərrəmli deyib ki, belə səhnələr ifrat dərəcəyə çatdırılmamalıdır: "Ancaq açıq-saçıq səhnələrlə bağlı Şura qaydalar müəyyənləşdirib. Qaydalara əsasən, süjet xətti erotik səhnələr üzərində qurulan filmlər və digər proqramların yayımına saat 23:00-dan sonra icazə veriləcək”.

MTRŞ-nin addımını normal sayan Bakı Dövlət Universitetinin professoru, media eksperti Qulu Məhərrəmli "Şərq”ə bildirib ki, erotik səhnələr bir qayda olaraq bəlli vaxtlarda efirə getməlidir: "Bu, günorta saatlarında və 22:00, 23:00-dan sonra da ola bilər”.

Professorun fikrincə, Azərbaycanda seriallar sırf erotika üzərində qurulmur: "Ola bilər ki, hansısa serialda bu cür səhnələr olsun. Həmin ssenarilər MTRŞ-nin rəyindən sonra ekranlaşdırılır. "Teleşura” bunu əvvəlcədən ölçüb-biçməlidir”.

Erotik səhnələrin ləğvinə gəldikdə isə Q.Məhərrəmli bunun yolverilməz olduğunu deyib: "Bir daha qeyd edirəm ki, ən yaxşı çıxış yolu belə səhnələrin bəlli saatlarda göstərilməsidir”.

Nazirlər Kabinetinin bu barədə tövsiyələrinin olduğunu bildirən media eksperti Zeynal Məmmədlinin qənaətincə, serialların nümayişində yetkinlik yaşına çatmayan uşaqlar nəzərə alınmalıdır: "Ona görə də bu tipli verilişlər uşaqlar yatandan sonra göstərilməlidir. Belə səhnələr saat 23:00-dan sonra verilə bilər. Bu baxımdan MTRŞ-nin yanaşmasını düzgün hesab edirəm”.

Ayyət Əhməd