Paytaxt sakinləri "qaynar xətt"lərin nömrələrini bilirmi və xidmətlərdən razıdırlarmı ? -SORĞU
Son illər ölkəmizdə dövlət qurumları fəaliyyətlərinin effektini, keyfiyyətini gücləndirmək məqsədilə müxtəlif yeni xidmətlər tətbiq edirlər. İnsanlara daha yaxşı xidmət üçün nəzərdə tutulan bu vasitələrdən biri də "qaynar xətt”lərdir. Demək olar ki, bütün dövlət qurumlarının "qaynar xətt”ləri mövcuddur. Maraqlıdır, bəs insanlar bütün bu "qaynar xətt” nömrələrini bilirmi? Ondan istifadə edənlər xidmətlərdən razıdırlarmı?
Sherg.az olaraq suallarımıza cavab tapmaq məqsədilə paytaxt sakinləri arasında sorğu keçirdik. Məlum oldu ki, insanların çoxu "qaynar xətt” nömrələrindən xəbərsizdir. Nömrələri əzbər bilən və xidmətlərdən istifadə edən sakinlərin əksəriyyəti isə xidmətdən narazıdır.
Xidmət keyfiyyətinə görə, ən çox narazılıq doğuran isə Təcili Tibbi Yardım xidmətidir.
Tələbə Fidanə Sofiyeva lazımi qurumların hamısının "qaynar xətt” nömrələrini bildiyini deyib. Yanğın söndürmə xidməti olan 101-dən istifadə etdiyini diqqətə çatdıran müsahibimiz xidmətin keyfiyyətindən məmnun qalmayıb:
"Cəmi bir dəfə məcbur olub, yanğınsöndürmə xidmətinə zəng etmişəm. Lakin onların gəlməsi uzun çəkdiyinə görə, xidmətdən narazı qaldım”.
Şəhər sakini Nihad Camalov isə polis xidmət olan 102-dən istifadə edib:
"Bütün "qaynar xətt” nömrələrini bilirəm. Amma yalnız 102-dən istifadə etmişəm. Xidmətin keyfiyyətinə gəlincə, deyim ki, bu məsələdə fikrim neytraldır”.
Müsahibimiz Ariz Yusubov da "qaynar xətt”indən istifadə etdiyi qurumun xidmətindən narazı qalıb. O bildirib ki, yalnız təcili yardım - 103 xidmətindən istifadə edib:
"Fövqəladə Hallar Nazirliyinin 112, Bakı şəhəri məlumat bürosu 109, dəqiq vaxt - 106, qaz qəza xidməti 104, polis 102 və yanğınsöndürmə 101 "qaynar xətt”ləridir. Bildiyim bu qədərdir. Lakin istifadə etməmişəm sadəcə yadda saxlamışam ki, lazım olar.
Xidmətdən istifadə və keyfiyyət baxımından deyim ki, 103 – təcili tibbi yardım xidməti zəng edəndə "103 saata” gəlir. Çox gecikirlər. Ona görə, xidmətin keyfiyyəti barədə müsbət rəy bildirməyəcəm”.
Aysel Balabəyova isə təcili tibbi yardım və polis xidmətlərinin qaynar xəttini bilir. Lakin müsahibimiz yalnız təcili tibbi yardımdan istifadə edib:
"Kifayət qədər razı qalmışam. Ola bilər, elə də təcili şəkildə ehtiyac olmayıb deyə nə qədər müddətə gəlmələri önəm daşımayıb. Amma narazılığım yoxdur”.
Şəhər sakini Elnur Ağayev də "qaynar xətt”lərin hamısını bildiyini deyir:
"FHN-nin "qaynar xətti” olan 112 nömrəsindən istifadə etmişəm. Müraciət yüksək səviyyədə müraciət icra olunub”.
Əksəriyyət kimi təcili tibbi yardım xidmətindən istifadə edən Vəfa Fərəc xidmətdən narazı qaldığını deyir:
"Təcili tibbi yardım həkimləri demək olar, "dejurni” işlər görür. Evə gəldilər, içəri girdikdə ayaqqabını çıxartmadan keçdilər. Çoxlarında bu xasiyyət var.
Həkimlərin bir faydası toxundu, desəm yalan olar. Kağız yazdılar onu götürüb poliklinikaya getdim. Açığı elə poliklinika həkimləri də başdan sovdu edirlər”.
Müsahibimiz Daxili İşlər Nazirliyinin (DİN) qaynar xətti olan 102 xidmətindən də bir neçə dəfə istifadə edib. Xanımın sözlərinə görə, bircə dəfə peşəkar DİN işçisinə rast gəlib:
"Bundan başqa Dövlət Yol polisinin "qaynar xətti”ni xüsusilə qeyd etmək istərdim. Onlayn şikayət etdiyimdə şikayətim araşdırılıb, lazımi tədbirlər görülüb”.
Jurnalist İlkin Mustafayev "qaynar xətt”lərin öz işlərinin öhdəsindən lazımınca gəldiyinə şübhə edir. Bu məsələdə müşahidə aparan İ.Mustafayev nəticədə bəzi xidmətlərin adlarını doğrultmadığının şahidi olub:
"Özüm 101 - Yanğınsöndürmə, 102 - Polis, 103 - Təcili tibbi yardım, 104 - Qaz qəza xidməti və 112 - Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt”lərinin nömrələrini əzbər bilirəm. 101, 102 və 112 qısa nömrələri fikrimcə, işlərinin öhdəsindən məharətlə gəlir. Lakin bəzi bu tip qısa nömrələr var ki, nəinki işinin öhdəsindən gəlmək, heç telefonlara əksər hallarda cavab da vermirlər. Xüsusilə soyuq günlərdə ən çox imdadımıza çatmayan isə "Azəriqaz”ın "qaynar xətti”dir”.
Ülkər Çələbiyeva hələ heç bir "qaynar xətt”i olan qurumun xidmətindən bu şəkildə istifadə etməyib. Buna baxmayaraq müsahibimiz qısa nömrələrin çoxunu bilir:
"Eşitdiyim qədərilə, "qaynar xətt”lərə zəng vurduqda müraciətə gec baxırlar. Dəqiq bilmirəm, bütün qurumlarda xidmət belə zəifdir, yoxsa sadəcə bəzilərində. Yanğınsöndürmə xidməti – 101, Polis – 102, Təcili tibbi yardım – 103, Qaz qəza xidməti – 104. Başqa hansı "qaynar xətt” lazım olar bilmirəm. Amma bu haqda siyahını dərc etsəniz, mənim də yaddaşımda qalar. Minnətdar olaram sizə”.
Digər şəhər sakini Günay İbrahimova əksəriyyətdən fərqli olaraq 103 xidmətinin operativliyindən razı qalıb:
"103 qısa nörməsindən (Təcili Tibbi Yardım) istifadə etmişəm. Xidmətdən razıyam”.
Bəzi "qaynar xətt”lərin xidmətindən razı qalan bloqçu Günel Fərhadqızı isə gələcəkdə də bu xidmətlərdən istifadə edəcəyini vurğulayıb:
"Təcili tibbi yardımın xidmətindən razı qalmamışam. Çünki ünvanı tapmaqda və hadisə yerinə vaxtında gəlməkdə çətinlik çəkirlər.
Polisə də zəng etmişəm, operativ olublar. Buna baxmayaraq, FHN "qaynar xətt”i işə yaramır. Qaz qəza xidmətinə gəldikdə isə rayon qaz, su, işıq idarəsinin də qaynar xətlərindəki nömrələrə zəng edərkən ya zəng çatmır, ya cavab vermirlər, ya xətt daim məşğul göstərir. Bu xidmətlər "qaynar xəttə cavab verəndə də, başqa nömrə verib, öhdəliyi üzərlərindən atırlar. Verdikləri nömrələrə zəng etdikdə də eyni situasiya yaşanır. Beləcə bürokratik yolla ən azı 4-6 nömrəyə zəng etmiş olursan”.
Paytaxt sakini, filoloq Mehranə Məmmədova da təcili tibbi yardımın "qaynar xətt”indən istifadə edib:
"Bir az gecikmə müşahidə etsəm də, ilkin tibbi yardım uğurlu olub”.
Cəmi 3 nömrəni – 103 (təcili tibbi yardım), 102 – Polis və 101 – Yanğınsöndürmə "qaynar xətt”lərini əzbər bilən Şəhla Hüseynova xidməti qənaətbəxş hesab etmir.
Müsahibimiz Fariz Bayramov təcili yardım – 103, Polis – 102, Yanğınsöndürmə - 101 xidmətlərini sadalayıb. F.Bayramov Polis xidmətindən razılığını ifadə edib:
"Polisdən istifadə etməli olmuşam bircə dəfə, operativ reaksiya almışam, şikayətim həll olub.
Əksinə olaraq, təcili tibbi yardım barədə isə eyni fikirdə deyiləm. Özüm və qonşularım tərəfindən çağırılan zaman gecikmə və məsuliyyətsizliklərlə üzləşmişəm”.
Əlavə olaraq, müxtəlif dövlət qurumlarının, vacib təsisatların əhaliyə operativ xidmət üçün nəzərdə tutulmuş "qaynar xətt" nömrələrini təqdim edirik:
Yanğın söndürmə xidməti - 101
Polis - 102
Təcili yardım - 103
Qaz xidməti - 104
Dəqiq vaxt - 106
Şəhərlərarası telefon rabitəsi - 107
Bakı şəhəri məlumat bürosu - 109
Fövqəladə Hallar Nazirliyi - 112
Yol-nəqliyyat hadisəsi Təcili yardımı - 113
Boru kəməri (Təhlükəsizlik mərkəzi) - 114
Mərkəzi seçki komitəsi - 115
Gənclər və İdman Nazirliyi - 119
Mərkəzi təmir bürosu - 122
Xaricdə yaşıyan Azərbaycanlılarla iş üzrə dövlət komitəsi - 140
Tələbə qəbulu üzrə dövlət komitəsi - 141
Səhiyyə Nazirliyi - 9103
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi -142
Təhsil Nazirliyi yanında təsilin sisteminin informatizasiyası idarəsi - 146
Mədəniyyət və Turizm Nazirliyinin məlumat mərkəzi -147
Daşınmaz əmlak reyestrı üxrə dövlət xidməti -148
Daxili İşlər Nazirliyi yanında insan alveri ilə mübarizə üzrə qaynar xətt- 152
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 157
Dövlət Sosial Müdafiə fondu - 190
Dövlət gömrük komitəsi - 192
Dövlət əmlakın idarə edilməsi komitəsi - 193
Vergilər Nazirliyi - 195
İqtisadiyyat və Sənaye Nazirliyi - 195 (2)
Bakı elektrik şəbəkəsi - 199
Sahil bulvarı - 480-18-36, (055)282-70-00
Dəniz vağzalın məlumat bürosu - 493-08-68
Dəmir yol vağzalın məlumat bürosu - 493-93-66
GİÇS-mərkəzi - 494-99-24
Aeroportun məlumat bürosu - 497-27-27
Avtovağzalın məlumat bürosu - 499-70-38/39
Mərkəzi Neftçilər Xəstəxanası - 903
Hazırladı: Aysel ASLAN