5-ci kalon...

Azərbaycanda ruspərəst qüvvələrin əksəriyyəti keçmişdə vəzifədə oturmuş adamlardır
Qabil Hüseynli: “Milli azlıqların içərisində də müəyyən təxribatçılar var”


"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə həyəcan təbili çalıb. Ekspert Rusiyanın ölkəmizdə güclü beşinci kolonu olduğunu deyib. O, hazırda Azərbaycana ehtimal olunan hücumla bağlı yayılan bütün məlumatların Rusiyanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını bildirib:

"Artıq bütün ictimaiyyətə məlum oldu ki, Azərbaycanda güclü beşinci kolon var. Bu beşinci kolon Rusiya tərəfindən idarə olunur. Kolon öz vətəndaşlarımızdan təşkil olunub. Hamısı azərbaycanlılardır. Əmr gələnə qədər öz işləri ilə məşğuldurlar. Bunların kimi həkimdir, kimi mətbuat işçisidir. Hər biri öz işi ilə məşğuldurlar. Əmr gələndə hamısı baş qaldıracaq. İndi əmr gəlib ki, Rusiyanın Krıma müdaxiləsini dəstəkləyin, şayiə yayın ki, Azərbaycana Rusiya zərbə vura bilər. Bunun hamısı göz qabağındadır. Əminəm ki, Azərbaycanda artıq güclü Milli Təhlükəsizlik Nazirliyi var. Bunların fəaliyyəti nəzarət altındadır. Lazım olanda bunlar üçün tədbir görüləcək”.

5-ci kolona müəyyən qüvvələrin daxil olduğunu söyləyən politoloq Qabil Hüseynlinin qənaətincə, onlar sovet dönəmində yüksək postlarda oturmuş, hazırda isə vəzifədən kənarlaşdırılmış adamlardı: "Bir qismi Moskvaya sığınıb. Azərbaycan üçün ən təhlükəli qüvvə Moskvada olan diaspora qrupudur. Ölkə daxilində də ruspərəst qüvvələr mövcuddur. Buna misal olaraq kommunist partiyalarını misal göstərə bilərik. Sözügedən partiyalardan biri Krımın Moskvaya birləşdirilməsini alqışlayan bəyanat vermişdi. Bu insanlar dünyada gedən prosesləri Lelinçi baxışlarla idarə etməyə çalışırlar. Proletar beynəlmiləlçiliyi Azərbaycan vətənpərvərliyindən qabağa qoyurlar. Düşünürlər ki, rus ölkəmizə gəlsə, Sovet İttifaqı dönəmində olduğu kimi arzularına uyğun cəmiyyət qurulacaq. Anlamırlar ki, Rusiyanın özündə də xüsusi mülkiyyəti hökmranlığı olan cəmiyyət yaradılıb. Şimal qonşumuzda da korrupsiya, rüşvətxorluq, oliqarxların hökmranlığı, əməyin istismarı və aşağı təbəqənin hüquqlarının tapdanması məsələsi hökm sürür. İndiki Rusiyanı Sovet İttifaqı dönəmi ilə eyniləşdirirlər. Düşüncələrində yanılırlar”.

Ekspert qeyd edib ki, Azərbaycandakı milli azlıqların içərisində də müəyyən təxribatçılar var: "Əksəriyyəti Moskvadan istiqamətləndirilir. Fəallarının çoxu Moskvadadır. Azərbaycanda separatçılıqla məşğul olmaq istəyən qüvvələr arasında Sadvalın olması da istisna deyil”.

Q.Hüseynli onu da diqqətə çatdırıb ki, ölkəmizdəki ruspərəst qüvvələr Azərbaycana ciddi təhlükə vəd etmir: "Onlar sadəcə danışmaqla kifayətlənirlər. Ciddi təşkilatlanmayıblar. Sıraları geniş deyil. Bəlli bir hədəfləri yoxdur. Cəmiyyəti öz ideoloji təsirləri altına salmaları imkanları sıfırın altındadır. Bu baxımdan hesab edirəm ki, 5-ci kolon Ukraynada olduğu kimi Azərbaycanda fəal ola bilməz. Ölkəmiz əleyhinə hansısa addım atmaları mümkünsüzdür”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib ki, Rusiya belə insanlardan siyasi məqsədləri üçün istifadə edir: "Bunların hamısı Moskvanın oyunudur”.

Ölkəmizdə ruspərəstləri bir araya gətirən Azərbaycan Kommunist Partiyasından söz açan S.Cəlaloğlu qeyd edib ki, bu partiya ləğv olunmalıdır: "Kommunistlər Azərbaycan xalqı qarşısında çox böyük cinayətlər törədiblər. Rusların Azərbaycan xalqına qarşı apardığı deportasiya və soyqırım siyasətində aktiv iştirak ediblər. 1937-ci il repressiyalarında müəyyən fəaliyyətləri var. Hesab edirəm ki, ölkəmizdə bu partiyanın fəaliyyətinə xitam verilməlidir”.

S.Cəlaloğlu ölkədəki rusmeyilli qüvvələrin heç bir güclərinin olmadığını vurğulayıb: "Onların heç bir təsiri yoxdur. Lakin belə insanlar bəhanə kimi ortaya çıxa, Rusiyanın ölkəmizi işğal etməsinə dəstək ola bilərlər. Məsələn, Birinci Dünya müharibəsi Frans Ferdinandın ölümü üzərində quruldu. Üstəgəl, Rusiya konstitusiyasında belə bir maddə var ki, harada rusların hüquqları pozulur, Rusiya həmin ölkəyə hücum edə bilər. Məlumdur ki, Rusiyanı Ukraynaya oradakı kommunistlər dəvət etdilər. Bu baxımdan Azərbaycandakı rusmeyillilər təhlükəli ola bilərlər”.

Ölkəmizdə ruspərəst insanların aktivləşmələrində Putinin roluna gəlincə, qurum rəhbəri bunun mümkün olduğunu deyib: "Bu bir siyasətdir. Hansı partiya hansı dövlətin maraqlarına uyğun fəaliyyət göstərirsə, həmin dövlətdən siyasi və maddi dəstək alır. Ölkəmizdə də belə hallar mövcuddur. Azərbaycanın iqtidarında, eləcə də cəmiyyətdə elə rusyönümlü qüvvələr var ki, Moskvadan dəstək almasalar da, Rusiyanın siyasətinə uyğun diplomatiya yürüdürlər”.

Ayyət Əhməd