Pediatrdan xəbərdarlıq: "Uşaqlarda qurd xəstəlikləri geniş yayılıb" - Valideynlər, OXUYUN !

Kəmalə Əmrahova: "Qurdun sürfələri toplanaraq yumaq şəklində bağırsaq mənfəzinə tam tıxanır, bağırsaq keçməzliyi baş verir. Klinik olaraq, bağırsaq keçməzliyi cərrahi əməliyyata qədər fəsadlar törədə bilər"
"Qurd xəstəlikləri uşaqlar arasında ən geniş yayılmış xəstəliklər sırasındadır”.
Bu barədə "Sherg.az”a pediatr Kəmalə Əmrahova bildirib.  Həkimin sözlərinə görə, ən çox rast gəlinən qurd növləri qıl qurdu (enterebioz), askaridoz, lyambliya və tükbaş qurddur:
"Qurd xəstəliklərinin əsas yaranma səbəbləri gigiyenik qaydalara əməl olunmaması, əllərin yuyulmaması, uşaqların dırnaqlarını yeməsidir. Bunlara əməl etməyən uşaqlar qurd xəstəliklərinə daha tez yoluxurlar. Buna görə də, uşaqlara gigiyenik qaydaları mütləq öyrətmək lazımdır.
Qurd xəstəliklərinin əsas əlamətləri iştahsızlıq, ürək bulanma, səhər yeməyindən imtina, halsızlıq, gecə yatan zaman ağız suyunun ifrazı, uşaqların dişlərini qıcaması, əsəbilik kimi göstəricilərdir. Əslində qurd xəstəliyi olan uşaqlarda bu əlamətlər olmaya da bilər.
Lyambliya mədə-bağırsaq traktının ən üst qatında, on iki barmaq bağırsaqda oturur. Bu qurdu müəyyən etmək üçün nəcis analizini təkrar bir neçə dəfə vermək lazımdır. Lyambliya düzgün müalicə olunmadıqda uşaqlarda dəmirin sorulmaması, ümumi qan azlığı, iştahsızlıq, halsızlıq, həzmsizlik qidanın həzmə getməməsi kimi fəsadlar olacaq.
Askaridoz qurdu isə nazik bağırsaqda yerləşir və çox ağır fəsadları olur. Askaridoz qurdunun bədəndə gəzmə (invaziya) kimi özünə məxsus xüsusiyyəti var. Askaridoz nazik bağırsaqda invaziya edərək, nazik bağırsağın selikli qişasını zədələyir. Nəticədə xroniki qan itgisinə qədər gətirib, çıxarır. Askaridoz qurdunun süfrəsi invaziya edərək ağciyərdə sağ ürəkdən keçir. 
Bundan sonra ağciyərdə toplanaraq, öskürək vasitəsilə təkrar mədə-bağırsağa düşür, invaziya mərhələsi başa çatır. Nəticədə formalaşmış qurda çevrilir. Uzun müddət davam edən öskürək zamanı qurddan şübhələnmək və analiz vermək lazımdır.
Qıl qurdu adlandırılan (enterebioz) anal dəliyi ətrafında yumurtaladığına görə yumurtaları gecə saatlarında anal dəliyin ətrafına yumurtalarını qoyur. Buna görə, uşaqda gecə narahatlığı, yuxusuzluq, sinir oyanıqlığı olur. Bundan başqa anal nahiyədə qaşınmalar olur, qaşınmalar nəticəsində infeksiyaya gətirib çıxarır.
Tükbaş qurdunun isə əsas əlamətləri sinir uclarını qıcıqlandırdığına görə, nevroloji əlamətlər olur. Uşağın yuxuda tez-tez oyanması, yuxu narahatçılığı yaranır”.
K.Əmrahova əlavə edib ki, qurd xəstəliklərinin ağırlaşması, uşaqlarda bağırsaq keçməzliyinə gətirib çıxarır:
"Qurdun sürfələri toplanaraq yumaq şəklində bağırsaq mənfəzinə tam tıxanır, bağırsaq keçməzliyi baş verir. Klinik olaraq, bağırsaq keçməzliyi cərrahi əməliyyata qədər fəsadlar törədə bilər.
Qurd xəstəlikləri əleyhinə dərman preparatları vaxtında içilməlidir. Xəstəliyin profilaktikası ildə iki dəfə qurdun analizi və gigiyenik qaydalara əməl edilməsidir. Əgər gigiyenik qaydalara əməl olunmasa, yenidən qurd invaziyasına yoluxacaq”.
Aysel Aslan