Xaricdən gətirilən ət məhsullarının həcmində də artım var
“Alıcılıq qabiliyyəti nə qədər aşağı düşsə də, hava şəraiti pisləşdikdə yemə olan tələbat artacaq və fermerlər yem almağa başlayan kimi ətin qiyməti qalxacaq”
Son bir neçə gündə Bakıda dana və quzu ətinin qiymətinin ucuzlaşması iddia olunur. Bir neçə gün əvvələ qədər 11-12 manata təklif edilən dana ətinin qiyməti 10 manata, 13 manata təklif edilən quzu ətinin qiyməti isə 11 manatda qərarlaşıb. Heç şübhəsiz, bütün məhsulların gündən- günə bahalaşdığı bir dövrdə ətin ucuzlaşması maraq doğurur.
Bəzi iddialara görə, mal ətinin ucuzlaşmasına səbəb olan başlıca amil bazara digər ət növlərinin çıxmasıdır. Belə ki, son vaxtlar donuz ətinin istehlakının çoxalması və qoç ətinin bazara axını müşahidə edilir. Digər maraqlı məqam ölkədə donuz saxlayanların sayının artmasıdır.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bir müddət əvvəl ət yarmarkalarının yaradılacağı və orada ətin daha ucuz qiymətə satılacağı ilə bağlı müəyyən təsəvvür formalaşmışdı. Satıcıların da bu səbəbdən qiymətləri 50 qəpik -1 manat dəyərində aşağı salması iddia olunur:
"Əslində isə qiymətlərin aşağı düşməsindən danışırıqsa, buna təsir edən yeganə səbəb son zamanlar alıcılıq qabiliyyətinin aşağı düşməsi ola bilər. Yəni birmənalı olaraq bu amil bazara təsir edə bilər. Qiymətlərin son vaxtlar sürətlə artması ətə olan tələbatın azalmasına səbəb olur. Yəni əvvəllər daha çox ət məhsullarından istifadə edənlər daha az almağa başlayırlar. Bu da bu işlə məşğul olanların həm dövriyyələrinin, həm də gəlirlərinin azalmasına səbəb olur” .
N.Cəfərlinin sözlərinə görə, burada söhbət təkcə ət satanlardan yox, həmçinin də istehsalçılardan gedir. Adətən yay aylarında fermerlər yemə daha az pul xərcləyir. Hələ ki, havaların xoş keçməsi regionlarda yemə əlavə vəsaitin xərclənməsinin qarşısını alır. Düşünürəm ki, alıcılıq qabiliyyəti nə qədər aşağı düşsə də, hava şəraiti pisləşdikdə yemə olan tələbat artacaq və fermerlər yem almağa başlayan kimi ətin qiyməti qalxacaq. Onsuz da ilin əvvəlindən yemin qiymətində bahalaşma hiss olunur:
"Noyabrın sonu və dekabrda daha da qiymətlərdə artım gözlənilir. Bu zaman məcburən bu işlə məşğul olanlar topdansatış qiymətləri qaldırmağa məcbur olacaqlar. Bu da pərakəndə qiymətlərə təsir göstərəcək. Dekabrdan başlayaraq əhali yeni il hazırlıqlarına başlayacaq və qiymətlər Azərbaycanda "pis ənənəyə” uyğun olaraq xeyli artacaq. Bu amili də nəzərə alsaq, hesab edirəm ki, dekabrda ətin qiymətlərində yenidən bahalaşmanı gözləyə bilərik. İstənilən halda mövsümi amillər qiymətlərə təsir edir. Bu baxımdan, Yeni il qabağı ətin və digər ərzaq məhsullarının qiymətinin qalxmasının şahidi ola bilərik. Bayramdan sonra isə ətə tələbat yenidən azalsa və əhalinin alıcılıq qabiliyyəti aşağı düşsə, satıcılar və istehsalçılar ətin qiymətində müəyyən korreksiyalar edə bilərlər”.
Bazarda donuz ətinin istehlakının artmasının qiymətlərə bir o qədər də təsir etmədiyini qeyd edən iqtisadçı xaricdən gətirilən ət məhsullarının həcminin artmasının qiymətlərə təsir göstərmə ehtimalını daha real hesab edir:
"Donuz əti azərbaycanlıların ağız dadına və davranış qaydalarına uyğun olmadığı üçün ciddi tələbat yoxdur. Çox az sayda insan bu ətdən bilərəkdən istifadə edir. Ötən il ölkəyə idxal edilən ətin həcmində ötən illə müqayisədə az qala 2 dəfə artım olub. Bu idxal daha çox dövlət sifarişli obyektlər üçün gətirilsə də, həmin ətin bir qisminin bazarlara daxil olması da istisna deyil. Bu ehtimal donuz ətinin kütləvi istehlakından daha çox təsirlidir”.
Şəymən