4 günlük müharibə hamıya dərsini verdi
Ən əsası dünya gördü ki, azərbaycanlıları Qarabağsızlığa alışdırmaq mümkün deyil
Millət vəkili Sahib Alıyev Azərbaycanın hərbi və diplomatik uğurlarından danışıb. O, "Şərq”-ə açıqlamasında 4 günlük müharibədən 4 nəticə çıxardığını söyləyib: "Birincisi, ermənilər və onların havadarları rolunda çıxış edənlər gördülər ki, azərbaycanlıları Qarabağsızlığa alışdırmaq mümkün deyil.
Bu mümkün olmayacaq. Əgər danışıqlar prosesinin uzadılmasında istəkləri budursa, məqsədlərinə çata bilməyəcəklər. 4 günlük döyüşlər bunu birmənalı şəkildə ortaya qoydu. İkincisi, döyüşlər göstərdi ki, Ermənistan ordusunun keçilməz sədd hesab etdiyi sədlərin heç biri Azərbaycan ordusu qarşısında duruş gətirəcək vəziyyətdə deyil. Azərbaycan istənilən vaxt öz torpaqlarını geri qaytara bilər. Sadəcə, böyük itkilər verməmək üçün hələlik bunu etmək istəmir. 4 günlük döyüşlərdə göstərilən performans, ortaya qoyulan iradə, qazanılan nailiyyət bunun təsdiqi və ya xəbərdarlığı idi. Üçüncü nəticə bu idi ki, Azərbaycanda yalnız ordu və dövlət deyil, cəmiyyətin hansı ruhda olduğu meydana çıxdı. Məlum oldu ki, 7-dən 70-ə, uşağından qocasına, qadınından kişisinə hər kəs eyni mövqedədir. Hamını Qarabağ dərdi eyni dərəcədə narahat edir. Eyni dərəcədə birləşdirir. Aydın göründü ki, yalnız Azərbaycan ordusu deyil, ordu Azərbaycan var. Bütün Azərbaycan ordu olmağı bacarır. Bütün Azərbaycan ordu olmaq istəyir. Şəhidlərimizin anaları , qadınlarımız necə dözüm ortaya qoydular. Hətta bəzən kişilərimizdən daha prinsipial, daha qətiyyətli olduqlarını sübut etdilər. Bunu görməmək mümkün deyil. Cəlil Məmmədquluzadə deyirdi ki, məmləkətin gələcəyi anaların əlindədir. Artıq şahidi olduq ki, bu cür analarımız var. Nəticə isə budur ki, böyük dövlətlər, ermənilərə ya açıq, ya da dolayı dəstək verən qüvvələr savaş istəmirlərsə, problemin tezliklə həllinə çalışmalıdırlar. Daha danışıq xatirinə danışıq təşkil etməməlidirlər. Düşünürəm ki, müəyyən mənada nəticə çıxarılıb. Ümid edirəm ki, artıq biz nələrsə gözləyə bilərik”.
Digər millət vəkili Fazil Mustafanın qənaətincə, Azərbaycan Ermənistana sübut etdi ki, torpaqlarımızın işğalı ilə heç bir zaman barışmayacaq. Onun sözlərinə görə, biz bununla xalqın əhval-ruhiyyəsini də dünyaya göstərdik: "Torpağımızın azadlığı uğrunda bütün xalqın bir olacağını, torpağımızın ermənidə qalmasına dözməyəcəyini və bunun üçün şəhid verə biləcəyimizi, sona qədər mübarizə aparacağımız mesajını dünyaya bir daha göstərmiş olduq. Bundan sonra Azərbaycan müstəqil irədəsi ilə problemin həllinə daha çox səy göstərəcək. Bütün dünya Azərbaycanın marağından çıxış edərək torpaqların azad olunmasına çalışacaqlar. Azərbaycanı qarşıda torpaqlarının azad edilməsi missiyasını həyata keçirmək durur. Bütün qüvvəmizlə çalışacağıq ki, düşməndə bizim bir qarış belə torpağımız qalmasın. Bəzən deyilir ki, ailənin tək oğul övladının ön cəbhədə olması düzgün deyil. Bir daha söyləmək istəyirəm ki, Azərbaycan hər kəsin vətənidir və burada ailənin neçə övladı olmasından asılı olmayaraq hər kəs son damla qanına qədər vətən torpağı uğrunda döyüşməli, lazım gələrsə, canlarından keçməlidirlər. Onu da deyim ki, Azərbaycanda tək oğul övladlarının sayı kifayət qədər çoxdur. Hər kəs eyni şərtlər altında xidmət etməlidir. Düşünürəm ki, bu cür şərtlər olmamalıdır. Sonda onu deyim ki, Vətən torpağı hər kəs üçün müqəddəsdir və kimliyindən asılı olmayaraq hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir”.
Siyasi analitik Arzu Nağıyev isə söyləyib ki, Azərbaycan 4 günlük müharibədə Ermənistan ordusunun özünə güvən hissini sındırdı: "Ordumuz dünyaya sübut etdi ki, NATO standartlarına uyğun olaraq öz qoşunlarını idarə etmək xüsusiyyətlərinə malikdir. Bununla Azərbaycan xalqının necə vətənə bağlı olduğunu, hər zaman dövlətin və ordunun yanında olacağını bəyan etdi. Bununla da erməni xalqı anladı ki, heç də onların düşündüyü və Sərkisyanın dediyi Ermənistanın güclü ordusu yoxdur. Azərbaycan üçün olduqca vacib strateji yüksəklikləri ələ keçirdilər və orada mövqelərini möhkəmləndirməyə başladılar. Bununla biz sübut etdik ki, hansı yoldan asılı olmayaraq öz torpaqlarımızı düşməndən təmizləyəcəyik. Ermənistan Kütləvi İnformasiya Vasitələri və hökumətinin də özünü aparmasından bir daha bəlli oldu ki, Dağlıq Qarabağ üzərindən hakimiyyətə gəlmiş Sərkisyan rejimi yerində laxtalandı. Bunlar təbii ki, azərbaycanlıların qanı ilə hakimiyyətdə ola-ola vətəndaşlarına Qarabağda niyə məğlub olmaları haqda hesabat verməlidirlər. Ermənilər Azərbaycan hünəri qarşısında dayana bilmədilər. Bir daha ordumuz sübut etdi ki, ermənilər tərəfindən zəbt edilmiş bütün torpaqlarımızı azad edə bilərik. Bütün dünya son 20 ildə bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və başa düşdü ki, Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etmək iqtidarındadır. Qarşıda Azərbaycanı düşməndən azad etdiyi torpaqlarda möhkəmlənmək, ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh danışıqlarını davam etdirmək, 5 rayonun məsələsi Madrid prinsipləri çərçivəsində əməl eləmək və Azərbaycan torpaqlarının azad olunana qədər bütün mübarizəni davam etdirməkdən ibarətdir. Vətən deyiriksə, anlamalıyıq ki, vətənin azadlığı üçün şəhidlər də olmalıdır. "Torpaq uğrunda ölən varsa, Vətəndir”.
Ayyət Əhməd