“40 ildə qətiyyən mirasla bağlı bir söhbət olmamışdı” - Rafiq Əliyev

“Bir dollar da olsun Rafiq Əliyevin özəl məqsədləri üçün istifadə olunmayacaq”
Rafiq Əliyev: “Bu xəbəri ilk dəfə eşitmək məni həddindən artıq həyəcanlandırdı”


"Lütfi Zadə ilə Berklidə görüşəndə çox vaxt nahar və ya şam yeməyini evlərində yeyirdik. Həmişə də mətbəxdə oturardıq. Mətbəxdə yalnız 2 stul var idi. Biri özü, biri həyat yoldaşı üçün. Mən onlara gedəndə stulunu mənə verərdi və özü üçün "tabletka” gətirib onda oturardı. Lütfi Zadənin böyüklüyü onun sadəliyi qədər idi”.

Bu sözləri "Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, texnika elmləri doktoru, professor 

Rafiq Əliyev "Şərq”ə açıqlamasında deyib. Professor mərhum və görkəmli alimin ona vəsiyyət etdiyi mirasla bağlı fikirlərini də bildirib:

"Mirasla bağlı heç bir məlumatım yox idi. Oğlu Norman Zadə mənə məktub yazıb bildirdi ki, "valideynlərim sizə maddi miras qoyublar”. Mən 40 ildir Lütfi Zadə və onun ailəsi ilə yaxınam. Həyat yoldaşlarımız da yaxşı münasibətdə idilər. Hər həftə telefonla əlaqə qururduq, yazışırdıq. Ya Amerikada, ya da Avropada görüşərdik. Bu 40 ildə qətiyyən mirasla bağlı bir məlumat eşitməmişəm, belə bir söhbət heç vaxt olmamışdı.

Bu xəbəri ilk dəfə eşitmək məni həddindən artıq həyəcanlandırdı və düzü, çox emosional vəziyyətə düşdüm. Bunu Norman Zadəyə yazdığım məktubda da bildirmişəm. Bu vəsait ancaq və ancaq Zadə irsini qoruyub saxlamaq, inkişaf elətdirmək və yaymaq üçündür. Bir dollar da olsun Rafiq Əliyevin özəl məqsədləri üçün istifadə olunmayacaq. 20 il qabaq "Zadə irsi və süni intellekt” adlı Assosiasiya yaratmışdım. Assosiasiyanın da öz hesabı var. Pul köçürülən kimi hamısını ora keçirdik. Vəsait tələbələrə təqaüd kimi, Lütfi Zadə nəzəriyyələri sahəsində işləyən gənc alimlərə dəstək məqsədilə istifadə olunacaq”.

R.Əliyevin sözlərinə görə, maddi vəsait həmçinin Lütfi Zadə haqqında gözəl bir esse müsabiqəsi keçirməyə sərf olunacaq: 

"Hələ ki, bu barədə fikirləşirik. Son bir ayda Lütfi Zadə haqqında o qədər "ucuz” yazılar getdi ki... Alimin dünyada yeri, şəxsiyyət kimi qəbul olunması ilə bağlı möhtəşəm bir müsabiqə keçirmək istəyirik. Bu cür esseler yazılsın, maddi vəsaitlər ancaq belə işlərə sərf olunacaq”.

Yeganə Bayramova