“AZAL”a rəqib olmayınca istədiyi qiyməti tətbiq edəcək

“AZAL qiymət siyasətini elə tənzimləməlidir ki, sərnişinlər bu qiymətlərdən narazı qalmasınlar”




Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti - "Buta Airways”in fəaliyyətə başlaması ilə əlaqədar olaraq oktyabrın sonundan "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tariflərində bir sıra dəyişikliklər olub.

"AZALJET” aşağıbüdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq edilir. Qeyd edək ki, "AZALJET”-in ləğv olunması xaricə gedib-gələn vətəndaşların ciddi narazılığına səbəb olub. Çünki Azərbaycan Hava Yollarına məxsus aşağı büdcəli bu brend 3,5 saata qədər olan reysləri həyata keçirirdi və bu da sərnişinlər üçün nisbətən ucuz olurdu. AZAL-ın yeritdiyi yanlış qiymət siyasətini dəyərləndirən ekspertlər hesab edirlər ki, ölkədə rəqabət mühiti yaranmayınca, mövcud problemlər öz həllini tapmayacaq.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı-ekspert Fikrət Yusifovun sözlərinə görə, düzgün qiymət siyasəti hər bir sahənin normal fəaliyyətinin tənzimlənməsi üçün mühüm şərtdir: 

"AZAL qiymət siyasətini elə tənzimləməlidir ki, sərnişinlər bu qiymətlərdən narazı qalmasınlar. Nəzərə almaq lazımdır ki, internet əsrində ən ucqar bölgədə yaşayan ən sadə vətəndaş belə harasa uçmaq üçün aviobilet alarkən daha sərfəli variantlar axtarır və bu zaman o, ən azından bilet almaq istədiyi marşrut üzrə analoji qiymətlər barəsində məlumat əldə edə bilir.

 Məsələn, sərnişin Bakıdan Avropanın şəhərlərinə aviobiletlərin qiymətlərini məmuniyyətlə Tbilisidən Avropanın şəhərlərinə uçuşun qiymətləri ilə müqayisə edir. Bəzi məlumatlar deməyə əsas verir ki, qiymət fərqi böyük olanda vətəndaşlarımız uçuşu Bakıdan deyil, Tbilisidən həyata keçirməyə üstünlük verirlər. Bu isə AZAL üçün itkidir. AZAL bu məsələlərdə daha həssas siyasət yürütməlidi. Qiymətlərdə 5-10 faiz fərq ola bilər, bu, təbii və normal qəbul olunan bir haldır. Lakin qiymətlər arasında fərq iki dəfəyə yaxın olanda, vətəndaş seçimini sərfəli variant üzərində saxlamaq məcburiyyətində qalır”.

Şəymən