
Almazbek Atambayevin Sosial Demokrat Partiyası nüfuzunu itirməkdədir
Hadisələrin belə inkişafı növbəti parlament seçkilərində Atambayevə yaxşı heç nə vəd etmir
Qırğızıstanın populyar «kginfo.ru» internet portalında maraqlı bir məqalə dərc olunub.Materialın aktuallığını nəzərə alaraq, onu oxucularımıza təqdim edirik.
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev hakimiyyəti tərk etməzdən bir qədər əvvəl bəyan edirdi ki, o vəzifədən getdikdən sonra lideri olduğu Sosial-Demokrat Partiyasının(SDP) növbəti parlament seçkilərinə hazırlıq işləri ilə şəxsən məşğul olacaq. «SDP göstərməlidir ki, parlament necə olur», -deyə A.Atambayev bəyan edirdi. Amma , nəşrin yazdığına görə, bu sözləri deyərkən Qırğızıstanın 4-cü prezidenti bir şeyi unudurdu ki, SDP nəyisə «göstərmək» üçün ilk növbədə özü düşdüyü çirkabdan təmizlənməlidir, özü də məhz bu siyasətçidən burdəfəlik qurtulmaqla!
Yeri düşmüşkən, materialda xatırladılır ki, Sosial Demokrat Partiyası Qırğızıstanda hakim partiyadır. Hakimiyyətdəki yüksək vəzifələrin çoxuna məhz bu partiyanın təmsilçiləri sahibdirlər, bundan əlavə parlamentdə də ən böyük fraksiya ilə təmsil olunurlar.Amma görünən odur ki, sayın böyük olması həmişə müsbət nəticələri gətirir çıxarmır. Yerli analitiklərin fikirlərinə istinadən sayt yazır ki, bu gün SDP-nın sıralarında kifayət qədər korrupsioner məmurlar toplaşıblar. Halbuki, partiyanın liderləri 2010-cü il inqilabı zamanı xalqa ölkədə korrupsiyaya son qoyacaqlarını böyük əminliklə vəd edirdilər. Nəşrin yazdığına görə, həmin dövrdə SDP tərəfdarları paytaxt küçələrində əllərində gəzdirdikləri plakatların əksəriyyətində " Ölkədə korrupsiya ilə köklü surətdə məşğul olmağın vaxtı çatıb!” və s. bu kimi populist şüarlar yer alırmış. Amma partiyanın liderləri hakimiyyət başına keçdikdən sonra xalqa verdikləri vədlərdən yalnız birinə əməl edə bildilər ki, bu da iri dövlət müəssisələrinin hamısını öz yaxın qohum-əqrabaları arasında bölüşdürməkdən ibarət idi. Məqalədə təəssüf hissi ilə qeyd olunur ki, inqilab zamanında ölkənin təəssübkeşliyini çəkən həqiqi vətənpərvər, səriştəli və bacarıqlı kadrların hamısı dövlət vəzifələrindən kənarda qalıblar. Hələ bu azmış kimi, ölkədə yeni bir ənənənin – partiya prinsipi üzrə «əl-əli yuyar» metodunun əsası qoyulub.

Məqalədə daha sonrs qeyd olunur ki, bu gün Qırğızıstanda SDP-nın üzvü olmaq, həmin şəxs üçün toxunulmazlığın qarantı rolunu oynayr. Və partiya strukturunda mövqelər yüksəldikcə , həmin toxunulmazlığın dərəcəsi də artır. Bəlkə də məhz bu səbəbdəndir ki, son beş ildə hakimiyyət tərəfindən sözdə ölkədə korrupsiyaya qarşı mübarizə aparıldığı söylənilsə də, indiyədək heç bir yüksək vəzifəli dövlət məmuru korrupsiya əməli üzrə məsuliyyətə cəlb edilməyib. Xalqın gözündən pərdə asmaq üçün həmin maddə adı altında bir neçə kiçik rütbəli məmurlar həbs olunub ki, onlara verilən şərti cəzalar və ya şifahi xəbərdarlıqlar isə cəmiyyətdə ikrah hissi doğurmaqdadır.
Məsələn, elə götürək, Qırğızıstan parlamentində (Joqorku Keneşa) SDP fraksiyasından olan deputat Muzaffar İsakovun işini. Məqalədə yazılır ki, artıq bütün dünyada məlumdur ki, korrupsiya əməli zamanla məhdudlaşmır və şəxs barəsində geri tarixlə olsa belə cinayət işi qaldırıla bilər. Başqa sözlə, ötən ilin fevralında Qırğızıstanın baş prokurorluğu M.İsakov barəsində cinayət işi başladır və mart ayında o, artıq həbs edilir. İddiaya əsasən M.İsakov 2010-2015-ci illərdə Taş-Bulaq mahalının Suzak rayonunda icra başçısı (okmot) vəzifəsini icra edən zaman qanunsuz olaraq kənd təsərrüfatı təyinatlı torpaqları mənzil tikintisi üçün ayrılmasına dair sərəncam verib. İstintaqla müəyyən edilib ki, o, şəxsən 315 belə qanunsuz sərəncam imzalayıb. Qanunsuz satılan torpaqların ümumi sahəsi 14 hektar təşkil edib və 315 sərəncam üçün vətəndaşların hər biri M.İsakova 3000 ABŞ dolları rüşvət verib. Başqa sözlə, bu deputat təkcə bir epizod üzrə təqribən 1 milyon dolları mənimsəyərək cibinə qoyub. Qəribəsi odur ki, sözügedən fakt üzrə baş prokurorluq ilk vaxtlar gurlasa da, az sonra sakitləşir və cinayət işi heç gedib məhkəməyə belə çıxmır. Toxunulmazlıq statusuna malik M.İsakov isə öz qaranlıq keçmişini unudaraq, hələ də deputat kreslosunda yırğılınmaqla, öz gələcək planları haqda düşünməkdədir.
Məqalədə daha sonra, cinayət törədərək SDP üzvü vəsiqəsilə parlamentdə özünə toxunulmazlıq statusu qazanan daha bir neçə deputat yada salınır. Onlardan biri Jıldız Musabekovadır. Nəşrin yazdığına görə, bu deputat xanım daha çox jurnalistlərə hədə-qorxu gəlmələri ilə yadda qalıb. O dövrdə yerli KİV-lərdə bu qadın haqda kifayət qədər ifşaedici materiallar yer alır. Lakin SDP-yə üzvlük vəsiqəsi daşıması bütün bunların üstünü «örtə» bilib.
Başqa bir epizod. Deputat Dilmurat Akparaliyev də SDP vəsqəsi ilə parlamentdə toxunulmazlıq alanlardandır.Onun barəsində hələ 1999-cu ildə zorlama maddəsi üzrə cinayət işi açılıb. Daha sonra isə, 2010-cu ildə Dilmurat Akparaliyev fırıldaçılıqda təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib. 2011-ci ildə yerli informasiya agentlikləri DİN-in mətbuat xidmətinə istinadla bir qrup işbazın fırıldaq əməlləri, insanları necə aldadaraq onların pullarını mənimsəməsi barədə silsilə yazılar dərc ediblər. Onların sırasında SDP üzvü Dilmurat Akparaliyev da yer alıb. Qəribəsi odur ki, istintaq orqanlarının apardığı axtarışlar zamanı həmin fırıldaqçıların yaşadıqları mənzillərdə odlu silahların aşkar edilməsinə baxmayaraq, Dilmurat Akparaliyevə qarşı cinayət işi qaldırılmayıb. Bunun qarşılığında isə 2012-ci ildə o Qırğızıstan parlamentinə deputat mandatı qazanıb. Saytın yazdığına görə, burada ən maraqlısı odur ki, ölkə mətbuatında barəsində kifayət qədər tənqidi yazılar dərc edilməsinə baxmayaraq, Dilmurat Akparaliyev SDP üzvlüyündən xaric edilməyib.
Məqalədə qeyd olunur ki, parlamentdə özünə toxunulmazlıq qazanan cinayətkarların siyahısı daha da genişdir və onlardan biri 2010-cu ildən bu statusu daşıyan Torobay Zullukarovdur. O, hələ 1999-cu ildə sıravi polis vəzifəsi daşıyarkən A.Orozalova adlı qadını zorlamaqda təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub. Sonradan digərləri kimi Torobay Zullukarovun da yolu SDP-da kəsişib. Və beləliklə də parlamentdə mandat sahibi olub. Saytın yazdığına görə, məsələdə ən maraqlısı isə odur ki, parlament üzvülərinin şəxsi bioqrafiyası haqda olan məlumatlarda bu deputatın həbsxanada keçirdiyi illər «şəxsi biznesi ilə məşğul olub» kimi qeyd olunub. Nəşrin yazdığına görə, Torobay Zullukarovun parlamentdə təmsil olunmağa haqqı çatmasa da, görünən odur ki, SDP-da partiya üzvlərinin şəxsi keyfiyyətlərinə fikir belə verən yoxdur.
Nəşr bu iddianı başqa bir fakt üzərində daha də dəqiqləşdirməyə çalışır. Belə ki, beşinci çağırışda parlamentdə SDP fraksiyasını təmsil edən İrina Karamuşkinanın sürücüsü 2013-cü ildə sərxoş vəziyyətdə deputatın xidməti maşınını idarə edərkən yol-qəza hadisəsi törədərək iki nəfəri vurub.Onlardan biri hadisə yerindəcə keçinib, digəri isə şikəst olub. Aparılan istintaqdan sonra sürücüyə cəmi iki il şərti cəza verilib. Saytın yazdığına görə, təqsirkar hətta ölənin ailəsinə , eləcə də şikəst olan vətəndaşa kompensasiya belə verməyib. Deputat İrina Karamuşkina isə baş vermiş hadisə ilə bağlı nə bir açıqlama verib, nə də ki, xalqdan üzv istəyib.
Nəşrin yazdığına görə, parlametdə korrupsiyalaşmış kreslo sahiblərindən biri də SDP-nın ən «təmiz adamı» - Ulan Primovdur. Bir il əvvəl Oş vilayət prokurorluğu onun himayəsində olan şirkətin dövlət tenderində iştirakını qanunsuz adlandırıb. Belə ki, çox yaxın müddətdə deputatın atasının adına qeydiyyatdan keçmiş şirkət dövlət tenderində iştiraka buraxılmış və 8 layihə üzrə tenderin qalibi elan edilmişdi. Həmin layihələrin ümumi dəyəri isə 28 milyon som təşkil etmişdi. İşin maraqlı tərəfi isə odur ki, məsələ KİV tərəfindən xeyli müddətdir ictimayiləşdirilsə də , hüquq-muhafizə orqanları bununla bağlı ciddi bir ölçü götürməyə tələsməyib. Odur ki, U.Primov da parlament tribunasından heç bir xəcalət çəkmədən bəyan edirmiş ki, «ölkədə korrupsiya hallarının qarşısını almaq üçün qəbul edilən dövlət satınalmaları haqda qanun, eləcə də şəffaflığın artırılması istiqaəmtində görülmüş işlər gözlənilən nəticəni vermir».
Məqalədə qeyd olunur ki, 2010-cu ildə xalq ölkəni bürümüş korrupsiyanın əleyhinə mübarizəyə qalxaraq meydanlara tökülərkən, yaranmış vəziyyətdən SDP öz xeyrinə gözəl istifadə etməyi bacarmışdı. İndi isə ölkə vətəndaşları böyük bir ümidsizliyə düçar olublar-vaxtilə böyük ümidlərlə hakimiyyətin yuxarı pilləsinə qaldırdıqları insanlar ölkəni əvvəlkindən də pis bir vəziyyətə salıblar. Hər yerdə qanunsuzluqlar baş alıb gedir, ölkədə qanunlar işləmir, cinayətkarlığın səviyyəsi və zorlama hadisələri əvvəlki illərdən qat-qat çoxalıb. Məhkəmələr sifarişlə qərarlar qəbul edirlər. Rüşvətxorluq və korrupsiya az qalıb ki ölkənin əsas simvoluna çevrilsin. Artıq kimsədə şübhə yeri qalmayb ki, SDP-ya üzv olanların əsas məqsədi öz xalqına ,eləcə də dövlətə qarşı törətdiyi cinayət əməllərini partiya vəsiqəsi və deputat mandatı ilə gizlətməkdən başqa bir şey deyildir.
Saytın yazdığına görə, doğrudur, Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekov andiçmə mərasimində ölkədə korrupsiyaya qarşı mübarizə sisteminə yenidən baxılacağını vəd edib. Maraqlıdır, bəs görəsən o təkbaşına ölkədə yaranmış vəziyyəti dəyişə bələcəkmi, üzvü olduğu hakim partiyanın sıralarını nadürüst insanlardan təmizləməyi bacaracaqmı?
Məqalədə sonda qeyd olunur ki, xalq isə hələ də böyük ümid içindədir. Ötən ilin oktyabr ayında keçirilən prezident seçkiləri zamanı Sooronbay Jeenbekov onlara böyük ümidlər verərək Qırğızıstanı qanunların aliliyinin təmin olunduğu bir ölkəyə çevirəcəyini vəd vermişdi. O,bunu edə biləcəkmi? Bax bunu zaman göstərəcək.