Qubalılar narazıdır

Aeroport tikintisinə görə, əhalinin pay torpağına 80-150 manat pul verilir
Vahid Əhmədov: “Prezident Qubaya səfər edəndə, xüsusi vurğuladı ki, heç kimi incitməyin”



Qubada yeni aeroportun inşasının əhatə edəcəyi kəndlərin sakinləri bağ sahələrinə görə, onlara ödəniləcək kompensasiyanın məbləğindən narazıdırlar. Yeni hava limanı Qubanın Davudoba, Hacıqayıb, Ərməkiqışlaq kəndlərinin ərazisinə düşür. Sakinlərsə onların razılığı olmadan torpaqlarında tikinti aparılmasına qarşıdırlar. Bu barədə bir neçə xəbər portalı məlumat yayıb. Məlumatlara görə, Davudoba kəndinin sakini Elçin Qubadov aeroport tikintisinin artıq başladığını, ancaq ona bir söz deyən olmadığını bildirir:

- İcradan gələn nümayəndə açıq sahənin sotuna 80, bağ sahəsinin sotuna isə 150 manat veriləcəyini dedi. Daha bizdən razı olub-olmadığımızı soruşan olmadı.

Elçin Qubadov deyir ki, onlar 20 il ərzində saldıqları bağ sahəsindən götürdükləri gəlirlə dolanırlar. Onun sözlərinə görə, bu bağdan onların ailəsi ildə 15 min manat xeyir götürür: "Bizə ailəmizin çörəyi lazımdı. Nə aeroport istəyirik, nə də kompensasiya”.

Kənd sakini Orucəli Təcimov da etiraz edib: "Şəhər yerində torpağın sotu 10 min manatdır. Ancaq bizim torpaqların sotuna 80-150 manat təklif edirlər. Qiymət çox aşağıdır, biz razı deyilik. Odur ki, biz burada aeroportun tikilməsinə qarşıyıq. Bütün ehtiyaclarımızı bu torpaqlarla ödəyirik. Mal-heyvan saxlayırıq, torpaqlardan örüş sahəsi kimi istifadə edirik. Əkib-becərib məhsulumuzu satıb, ailəmizi dolandırırıq. Bəs, mənim və bütün burada torpaqları əllərindən alınan şəxslərin ailələrini kim dolandıracaq? Niyə bizi kasıb vəziyyətə salırlar? Deyək ki, bizə 15 min verdilər. Bu, bir illik qazancımızı. Bəs, sonrakı illər nə edəcəyik?”.

Elçin Qubadov isə deyib ki, əhali hava limanının inşası ilə bağlı çox az məlumata sahibdir: "Bircə onu bilirik ki, tikintini "Azvirt” aparır, amma əhali ilə danışıqları İcra Hakimiyyətinin nümayəndələri aparır”.

Məsələni araşdırmaq üçün Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra başçısının müavini Yusif Abidov "Şərq”ə açıqlamasında aeroport tikintisi ilə bağlı komissiya yaradıldığını dedi:

- Aeroport tikintisi ilə əlaqədar komissiya yaradılıb. Mən də komissiyanın sədriyəm. Razılaşma yolu ilə məsələ həllini tapacaq.

Y.Abidov kənd sakinlərinin narazılığı ilə bağlı verilən xəbərləri "şayiə” adlandırdı:

- Bunlar hamısı şayiədir, ümumi söhbətlərdir. Hələ o istiqamətdə iş getmir. Torpaqlara qiymət qoyulmayıb. Bütün Quba camaatı, qubalılar istəyir ki, aeroport tikilsin.

Kənd sakinlərinin ödəniləcək kompensasiyanın məbləğindən narazılığına gəlincə, Y.Abidov maraqlı açıqlama verdi:

- Alan istəyər ki, ucuz alsın, satan istəyər ki, baha satsın. Qiymət razılaşdırılacaq.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, Quba rayonundan millət vəkili seçilmiş Vahid Əhmədov da "Şərq”ə açıqlamasında hər hansı problem yaranacağı təqdirdə həll ediləcəyini söylədi:

- Cənab Prezidentin göstərişi ilə Qubada beynəlxalq aeroport tikilir. Mən 2008-ci ildə cənab Prezidentə ünvanladığım məktubda bu barədə yazmışdım. Ötən il Prezident Qubaya səfər edəndə, aeroport tikintisi ilə bağlı tapşırıq verdi. Və bunu da xüsusi vurğuladı ki, heç kimi incitməyin. Ona görə də burada əgər hər hansı problem yaranarsa, həll ediləcək. Mən işin içindəyəm, hansısa bir problem ortaya çıxanda camaat mənə bildirir. İndi də (dünən günorta saatlarında) Qubadan qayıdıram. Burada işə nəzarət olunur, sakinlərin müraciətlərinə baxılır.

Məlahət Rzayeva