Rusiyaya qucaq açmaq: Azərbaycanın müstəqilliyinin itirilməsi deməkdir





Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin gündəmə bomba kimi düşən açıqlaması hələ də müzakirə mövzusudur. Deputatın "lazımdırsa, Azərbaycanda Rusiyanın hərbi bazaları yerləşdirilsin və Azərbaycan Qarabağ naminə bir çox suveren hüquqlarından güzəştə getsin” təklifi həmkarları və ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Millət vəkilinin açıqlamasını "xəyanət” kimi dəyərləndirənlərlə yanaşı, "normal yanaşmadır” deyərək müdafiə edənlər də olub.

Q.Həsənquliyevin Türkiyə ilə bağlı dediyi "Azərbaycan Türkiyəyə bel bağlamamalıdır” sözü də cəmiyyətdə narazılıq yaradıb. Deputat deyib ki, "Qarabağ savaşında Ankara Bakıya Kəlbəcərdən insanları çıxarmaq üçün vertolyot belə verməyib. Hələ bu azmış kimi, Türkiyə müharibənin ən qızğın vaxtı Avropa Birliyinin təkidi ilə Ermənistana taxıl da yollayıb”. Narazılıq yaradan fikirlərdən dolayı millət vəkilini tənqid edənlər deyirlər ki, sabiq prezident Əbülfəz Elçibəyin müavinlərindən biri olmuş və millətçi kimi tanınmış Q.Həsənquliyev bu açıqlama ilə öz əqidəsinə qarşı çıxıb. BQP sədri, deputat Fazil Mustafa bildirib ki, Qarabağın azad olunması üçün verilən bu təklif torpaqlarımızın itirilməsindən daha təhlükəli bir variant ortaya qoyur: "Rusiya hərbi bazasının Azərbaycanda yerləşməsi müstəqilliyimizi itirmək deməkdir. Yəni bu gün Qarabağı itirməməkdən söhbət gedirsə, sabah Azərbaycanın itirilməsi məsələsi gündəmə gələ bilər. Ona görə də, həmin mövqe ilə razılaşmaq düzgün deyil. Çünki Rusiyanın səmimiyyətinə inanmaq üçün heç bir əsasımız yoxdur”. F.Mustafa vurğulayıb ki, Ukrayna hadisələri bir daha Rusiyanın siyasətinin nə qədər təhlükəli olduğunu göstərdi: "Ukrayna kimi qohum ölkəyə qarşı Rusiyanın etdiyinə diqqət yetirsək, din və qan baxımdan uzaq olan Azərbaycana nələr edə biləcəyini indidən proqnozlaşdırmaq olar. Rusiya ilə səmimi bir xətt izləmək, razılığa gəlmək imkanları xeyli məhduddur. Ən vacib məsələlərdən biri isə Rusiyanın bu təklifə razılaşıb-razılaşmamasıdır. Rusiya hərbi bazadan daha çox bu bölgədə ciddi bir konflikt mənbəyini, dondurulmuş münaqişəni saxlayaraq bölgədə qalmağa üstünlük vermək siyasəti yeridir. Əslində Rusiya Qarabağ məsələsinin nə həllini istəyir, nə də Qarabağ məsələsində hansısa irəliləyişin əldə olmasını arzulayır. Çünki bu münaqişə olduqca, Ermənistan istər-istəməz Rusiyadan asılı vəziyyətdə qalacaq. Azərbaycan da məhkumdur ki, atəşkəsə və başqa məsələlərə görə Rusiya ilə həmişə hesablaşsın”. Deputatın fikrincə, Rusiya ilə münasibətləri Türkiyəylə paralel götürmək olmaz: "Ola bilsin, Türkiyədə bu gün hökumətin addımları səhvdir. AKP hökuməti bilmədiyimiz təzyiqlərin nəticəsində bizə uyğun olmayan addımlar atır. Ancaq Türkiyənin Azərbaycanın yeganə dəstək yeri olduğu faktını unutmamalıyıq. Türkiyə ilə münasibətləri zədələyən addımlardan çəkinməliyik. Nə qədər problem yaşamağımıza baxmayaraq, ümid yerimiz Türkiyəni heç vaxt unuda bilmərik. Bütün hallarda Türkiyə ilə müttəfiqlik üzərində xarici siyasət kursunu inkişaf etdirməliyik. Düzdür, indiki şəraitdə Rusiya ilə yumşaldıcı siyasətə məhkumuq. Əsas məsələ azad və təhlükəsiz yaşamaqdır”. F.Mustafanın sözlərinə görə, Rusiya ilə münasibətlər Türkiyəylə əlaqələrimizə mane olmamalıdır: "Rusiyaya yaxınlaşmağımız o demək deyil ki, Moskva bizə hörmətlə yanaşacaq. Rusiya həmişə olduğu kimi Azərbaycana qarşı spesifik siyasətini artıra bilər. Rusiyaya ən çox yaltaqlanan ölkəyə belə daha böyük zərbə vurma ehtimalı böyükdür. Çünki Rusiyanın siyasətində sabitlik müşahidə olunmur”.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə də hesab edir ki, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirən istənilən təklif dövlətimiz üçün təhlükəlidir: "Mən ümumiyyətlə, bu cür müzakirələri zərərli hesab edirəm. Azərbaycanda rus hərbi bazalarının yerləşdirilməsi torpaqlarımızın bizdə olan 80 faizini riskə atmaq deməkdir. Azərbaycan böyük çətinlik hesabına xarici hərbi qüvvələrdən canını qurtarıb. Yenidən əsarət altına düşmək qəbuledilməzdir”. A.Mollazadənin sözlərinə görə, qonşuluq münasibətlərində Rusiya ilə Türkiyəni qətiyyən müqayisə etmək, eyniləşdirmək olmaz: "Türkiyə Azərbaycanla qardaş ölkədir. Bu iki ölkənin əlaqələri bir çox ortaq dəyərlər və münasibətlər səviyyəsində inkişaf edir və bundan sonra da edəcək”.

İsmayıl