Azərbaycanda “SSRİ” sözləri peyda olub

Sabir Rüstəmxanlı: “Bu cür yazılar millətçilik, dövlətçilik ideyasını daşıyanlara və yaşadanlara sataşmadır”
Dilqəm Əhməd: “Onlar əgər Azərbaycanın Rusiyanın boyunduruğuna keçməsini arzulayırlarsa, bu artıq vətənə xəyanətdir”




Rusiyanın Krımı işğal etməsindən sonra Kremlin "SSRİ-ni bərpa etmək” arzusu Azərbaycandakı rus meylli qüvvələrinin, keçmiş sovet nostalgiyası ilə yaşayanların aktivləşməsinə səbəb olub. Amma bu

qüvvələrin fəallaşması təkcə Rusiya prezidenti Putinin yeritdiyi aqressiv siyasəti dəstəkləməklə kifayətlənmir.

İnsanlardakı SSRİ arzusu özünü daha maraqlı üsullarla büruzə verir. Müstəqil Azərbaycanda bəzi avtomobillərin ön və arxa şüşələrində, eyni zamanda ölkədə istehsal olunan müxtəlif geyimlərdə SSRİ sözü yazılır. Bu geyimdən istifadə edən şəxsləri efirlərə də çıxarırlar. Hətta mobil telefonların zənglərində SSRİ-nin dövlət himnini də eşidirik. Maraqlıdır, görəsən, bu ideyalar ruspərəst qüvvələr tərəfindən məqsədyönlü şəkildə təbliğ olunur, yoxsa bəzi insanlar sadəcə olaraq öz nostalji hisslərini yaşayırlar? Axı bu cür olsa belə, "SSRİ” yazısı vətəndaşlarımızda, xüsusən də, hər fürsətdə sovet dövründən ağızdolusu bəhs edən yaşlı nəslin qəlbində təhlükəli hisslər oyadır.

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyir ki, hansı məqsədlə edilməsindən asılı olmayaraq, bu cür yazılar millətçilik, dövlətçilik ideyasını daşıyanlara və yaşadanlara sataşmadır: "Bu faktlar bizim üçün təhqirdir. SSRİ dövründə yaşayan bəzi adamların daxilində hələ də köhnə sovet nostalgiyası qalıb. Öz içlərindəki qalığı büruzə vermək üçün onlar müxtəlif əşyaların üzərinə SSRİ sözünü yazırlar. Mən ümumiyyətlə, üzərində, bölgələrin və etnik millətlərin adları qeyd olunan geyimlərin də istehsalını zərərli sayıram. Bunlar müəyyən təxribatçı qrupların işləridir və çox zərərlidir. Düzdür, bu kimi hallar ciddi mənada Azərbaycanın dövlət kimi möhkəmlənməsinə zərbə vura bilməz. Ancaq istənilən halda yolverilməzdir. SSRİ dağılıb gedib. O dövrü yaşayan insanlar da yavaş-yavaş həyatdan köçür. Yeni nəsil SSRİ nədir bilmir, bu barədə anlayışları yoxdur. Amma ruspərəst adamlar gənc nəslə sovet dövrü haqqında elə danışırlar ki, yeniyetmələr SSRİ-ni nağıl dünyası zənn edirlər. Əksinə, gəncləri başa salmaq, onlara göstərmək lazımdır ki, sovet dövrü Azərbaycan üçün faciələrlə dolu olub. Evdə, ailələrdə, orta məktəblərdə uşaqlarımızı maarifləndirməli, onları təxribata uymamağa çağırmalıyıq”.

Gənc yazar, Dilqəm Əhməd bildirir ki, Rusiyanın Qərb qarşısında revanş qazanmasından sonra, həm rusmeyilli siyasi qurumlar, həmçinin zamanında SSRİ-nin idarəçiliyində yaşayan ayrı-ayrı fərdlər öz hisslərini və seçimlərini müxtəlif formada büruzə verirlər: "Bu tendensiya Rusiyanın özündə də yüksələn xətlə inkişaf edir. Nə qədər gülməli olsa da, bir müddət əvvəl sosial şəbəkədə Rusiyada istehsal olunmuş şokoladın kağızı yayımlandı. Bu kağızın üstündə Rusiyanın 2015-ci ildə tutacağı ərazilərin təsviri vardı. Fikrimcə, sovet dönəmini əsasən yaşlı nəsil arzulayır. Çünki onlar zamanında SSRİ-nin sosial siyasətindən razı idilər. Azərbaycanda kapitalist sistem yüksələn xətlə inkişaf etdiyindən, onlara elə gəlir ki, SSRİ dönəmində hər şey yaxşı idi. Kapitalist sistem zəifləri, bacarıqsızları sevmir. Yəni mən SSRİ nostalgiyasını bir özləm olaraq qəbul edirəm. Zənnimcə, hər kəsin SSRİ-ni arzulamaq haqqı var. Amma əgər Azərbaycanın Rusiyanın boyunduruğuna keçməsini arzulayırlarsa, bu artıq vətənə xəyanətdir. İcazə verək, özləmlərini yaşasınlar. Çünki bundan bizə ziyan gəlməyəcək. Azərbaycanı avrointeqrasiya yolundan heç kim ayıra bilməz”.

İsmayıl