Diqqət !:Su çiçəyi xəstəliyi geniş yayılıb - Ağır fəsadlar

Adil Qeybulla:"Xəstəliyin ağırlaşması zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara bilir. Ona görə, bu xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz"



"Bu gün yayılan infeksiyaların əksəriyyəti yeni doğulan körpələrin peyvənd edilməməsindən irəli gəlir”.

Bunu "Sherg.az”a son vaxtlar xüsusilə azyaşlılar arasında yayılan suçiçəyi xəstəliyinin səbəblərini izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

Həkimin sözlərinə görə, uşaq doğulan andan müəyyən yaşa qədər, uyğun şəkildə peyvəndləmə aparılmalıdır:

"Suçiçəyi adlandırdığımız bu xəstəlik hava-damcı vasitəsilə yayılır. Bəzən böyük bir arealı əhatə edə bilir və xeyli insanın yoluxmasına səbəb olur. Xəstəliyin ağırlaşması zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara bilir. Ona görə, bu xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz.

Düzdür, suçiçəyindən sonra insanda immunitet yaranır. Amma bu xəstəliyi keçirən şəxslər bəzən fikir vermədikdə, dəridə xəstəliyin əlamətləri hətta uzun müddət qala bilir. Suçiçəyinə yoluxmuş şəxs mütləq yataq rejimində olmalıdır. Soyuqdəymə və digər infeksiyalardan mütləq qorunmaq lazımdır. Suçiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz.

Əvvəllər təbii çiçəyə qarşı peyvəndlər aparılırdı. Peyvəndin əhəmiyyətini bir nəticədə görmək olar ki, 4 karantin infeksiyadan olan təbii çiçək təhlükəli xəstəlik kimi dünyada yoxa çıxıb. Bir ara əhali arasında göy öskürək deyilən xəstəliyə qarşı da vaksinasiya aparılmışdı. Amma belə kütləvi prosedurların davam etdirilməsi vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının protokoluna əsasən kütləvi peyvəndləmə aparılır. Əhali arasında hansısa xəstəliyə kütləvi yoluxma olduqda protokoldan kənar da vaksinasiya həyata keçirilə bilər”.

Qeyd edək ki, son aylar su çiçəyi xəstəliyi geniş yayılıb.

Aysel Aslan