Ermənilər Bakıya elə gəlməsə yaxşıdır

Elman Məmmədov: “Beynəlxalq tədbir adı ilə gəlib Bakıda yeyib-içəcəklər, hələ bir üstəlik erməni ordusunun sağlığına da içəcəklər. Biz də oturub, onlara tamaşa edəcəyik?”
Akif Nağı: “Bu məsələyə Azərbaycan birdəfəlik veto qoymalıdır”




Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov mətbuata açıqlamasında Ermənistan nümayəndə heyətinin müxtəlif bəhanələrlə Avropa Şurası Parlament Assambleyasının Bakıda keçiriləcək Daimi Komitəsinin iclasına qatılmaq istəmədiyini vurğulayıb.

Tədbirin keçirilməsində Azərbaycanın təşkilatçı yox, iclasın keçirildiyi növbəti üzv ölkə olduğunu xatırladan S.Seyidov bildirib ki, AŞ PA-nın tədbiri olduğu üçün burada bütün üzv ölkələrin iştirakı şərtdir.

S.Seyidov onu da vurğulayıb ki, Ermənistan nümayəndə heyətinin Bakıya gəlməməsinin səbəbini təşkilatçı kimi rəsmi olaraq AŞ PA açıqlamalıdır.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Elman Məmmədov isə hesab edir ki, ermənilərin Bakıda keçiriləcək AŞ PA-nın tədbirində iştirak etməməsi daha məqbuldur: "Düşmən olanda da kişi kimi düşmənçilik etmək lazımdır. Ermənilər bizim torpaqlarımızı işğal edib və 20 ildən artıqdır ki, işğal altında saxlayır. Ermənilər bizim bir milyondan artıq soydaşımızı qaçqın-köçkün vəziyyətinə salıb. Ermənilər bizim 30 mindən çox insanımızı şəhid edib. Axı bizdən ötrü onların Bakıya gəlməsi nə vacibdir? Yaxud da, niyə biz bizə zülm edən mənfurların ayağına, Ermənistana getməliyik? Mən düşmənlə bu cür əlaqələrin, görüşlərin əleyhinəyəm. Nə qədər ki, Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir, nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, nə qədər ki, qaçqın və köçkünlərimiz öz doğma yurd- yuvalarına qayıtmayıblar və təcavüzkar ermənilər öz layiqli cəzalarını almayıblar, Azərbaycan - Ermənistan nümayəndəliyi arasındakı get- gəlləri, müxtəlif ad altında təşkil edilən görüşlərə son qoymaq lazımdır. Rəsmi səviyyədə ölkə başçılarının, XİN başçılarının görüşləri qəbulolunan məsələdir. Amma "xalq diplomatiyası” kimi formatları qəbul etmirəm. Heç beynəlxalq tədbirlər çərçivəsində də bizim nümayəndələrin İrəvana, ermənilərin də Bakıya gəlməsinə lüzum görmürəm. Biz əməkdaş deyilik axı? İki düşmən ölkəyik. Ermənilər beynəlxalq tədbir adı ilə gəlib Bakıda yeyib-içəcəklər, hələ bir üstəlik erməni ordusunun sağlığına da içəcəklər. Biz də oturub, onlara tamaşa edəcəyik? Sözün açığı, ermənilər Bakıya elə gəlməsə yaxşıdır. Çünki Azərbaycan onları qəbul etməkdən imtina etsə, hay-həşir salacaqlar ki, Azərbaycan sülhə meyilli deyil”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, düşmən ölkənin nümayəndələrinin həddən çox ölkəmizə gəlməsinə, tədbirlərdə iştirak etməsinə şərait yaradılmamalıdır: "Bunun qarşısını almaq üçün dəfələrlə etirazımızı bildirmişik, aksiyalar təşkil etmişik. Hər dəfə də eyni məsələləri təkrarlamaq mənasız bir vəziyyətə gətirib çıxarar. Düşünürük ki, Azərbaycan hakimiyyətinin bu məsələ ilə bağlı konkret mövqeyi olmalıdır”. Ermənilərin Bakıya gəlməkdən imtina etməsinin ən doğru variant olduğunu vurğulayan QAT sədrinin sözlərinə görə, onlar dəvəti qəbul etsə belə, Azərbaycan onların ölkəyə gəlməsindən imtina etməlidir. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatların qarşısında məsələ qaldıraraq ermənilərin ölkəmizə gəlməsinə qadağa qoymalıdır. QAT sədri qeyd edib ki, eyni zamanda bu məsələ əsaslandırılaraq göstərilməlidir ki, torpaqlarımız hələ də işğal altında olduğu üçün düşmən dövlətin Azərbaycana gəlməsinin qarşısı birdəfəlik alınsın. Hər dəfə ölkədə beynəlxalq tədbir, konfrans olanda erməni diplomatlarının, yaxud da nümayəndəliklərinin Azərbaycana səfəri gündəmə gəlir. Bu məsələyə Azərbaycan birdəfəlik veto qoymalıdır.

Şəymən