“...Alqayıt sözləri çox kobud dedi”

Nazilə Səfərli: “Mən də içimdə danışıram ki, Allah, mən ağsaqqal insana nə deyim ki, həm Allaha xoş olsun, həm bəndəyə”
“Onun qabağında susacam, özümü bağışlamayacam. Danışsam, məni xalq qınayacaq”



"30 yaşa qədər Allahın verdiyi gözəlliklə yaşayırsan. 30-dan sonra isə layiq olduğun gözəlliklə
yaşayırsan”


"Həyat yoldaşım çox sakit təbiətli insandı. Həyatdan maddi təmənnası yoxdur. Bir çuxası, bir pencəyi, bir qarın yeməyi olsa, Allahdan heç bir istəyi yoxdur. Gözü-könlü tox insandır. Gör necə
Allahın sevimli bəndəsidir ki, ona mənim kimi od-alov qismət eləyib”



Şeir sözlərin fəlsəfi ahəngindən yaranan poetik ifadə növüdür. Bugünkü qonağım sözlərin dəyərini bilən, onları lazımınca dəyərləndirən, şeiriyyəti özünməxsus şəkildə təqdim etməyi bacaran bədii qiraətçi, şairə Nazilə Səfərlidir. "Şərq”in qonağı olan Nazilə Səfərlinin poeziya, adət-ənənələr, bu günün mərasimləri barədə maraqlı fikirlərini, düşüncələrini sizlərə təqdim edirik.

- Toy idarə edən xanım qiraətçilərimiz azdı. Bu sahədə seçilmək nə qədər çətindi?

- Seçildiyimizi özümüz iddia edə bilmərik. Mən sadəcə sevdiyim işi gördüm. Bir də gördüm seçilirəm.
- Necə qarşılanırsız, xanım qiraətçilərə, toy idarə edənlərə münasibət necədir? Axı kişi məclislərini də idarə edirsiz...

- Əvvəlki Nazilə Səfərli qurdun quzuya baxdığı kimi baxırdı. Qurban kimi. Amma bu baxış mikrofonu əlimə alana kimi olurdu. İndiki Nazilə isə kiminsə baxış nəzərini gözləmir. Sadəcə özünə güvənib məclisə girir.

- Güvən hardan yarandı?

- Kişi meydanına tək girəndən. Qadın tamada olaraq məclisə tək girəndə məni qınayanlar da oldu, tənqid edib, irad bildirənlər də az deyildi. Şair Alqayıtdan belə məni qınayıb, topa tutdular. Hamı məni qınadı ki, qadının kişi məclisində nə işi var? Allah Alqayıta rəhmət etsin, bir gün efirdən məni sərt tənqid edərək irad bildirdi ki, onun iştirak etdiyi məclisdəki nəslin bir kişisi yoxdu ki, toyu arvad idarə etsin? Çox kobud dedi. Bu məclisin sərxoşu, əyyaşı, ağıllısı, dəlisi var. Qadın belə məclisi necə apara bilər? O danışır, mən də içimdə danışıram ki, Allah, mən ağsaqqal insana nə deyim ki, həm Allaha xoş olsun, həm bəndəyə. Onun qabağında susacam, özümü bağışlamayacam. Danışsam, məni xalq qınayacaq. Alqayıt da Alqayıtdı. Onun qarşısında söz demək cəsarət tələb edir. Bir də ona cavab vermək ən azı ədəbsizlik olar. Ürəyimdə yeyirəm özümü. Dedim madam toylarımız dediyiniz qədər çirkindisə, niyə arvadlarınızla, ailənizlə o məclisə gəlirsiz. Mən yenə məclisdə, səhnədə dururam. Xanımlarınız yad kişilərin qarşısında oynayıb poz verirlər. Bununla da bu söhbət bağlandı. Yəni dediyim odur ki, ilk vaxtlar çox qınadılar. İndi ən mötəbər toyların idarəçiliyini qadınlara həvalə edirlər.

- Həm də şairəsiz. Şeirlər də yazırsız. Şeir də oxuyursuz. Fərq çoxdumu şeir deməklə şeir yazmaq arasında?

- Təbii. Hər insan bir az iddialı olsa, öyrənsə, şeir deyə bilər. Şeir deməyi öyrənmək olur, şeir yazmağı öyrənmək olmur. Şeir yazmaq fitri istedad tələb edir. Şeir ruhu tərpətmirsə, şeir deyil.

- Ailənizdə bu sahəyə maraq olub? Poeziyaya bağlı insanlardı?

- Şeiriyyət nəinki ailəmizin, bütün kəndimizin ruhuna hörülüb. Kəndimiz şairlər kəndidir. Biz borçalıların hamısının dili laylalıdır. Analarımız, atalarımız da laylalıdır. Elə gözəl qoşmalar söyləyirlər ki, biz onların yanında kölgədə qalırıq. Bir sözlə, Borçalıda dünyaya göz açan hər bir körpə şair doğulur.

- Səfərli təxəllüsünü hardan götürmüsüz?

- Mən ərklə deyə bilərəm ki, Səfərli mənim kəndimdir, ona görə də bu adı özümə təxəllüs götürmüşəm.
- Deyirlər ki, şairlər sevməsələr, misralar da hörülmür. Sevən qadın kimi şeirlər yazmısız?
- Sevgi olmasa, həyat olarmı? Səmimi bir etirafım olsun. Mən sevməsəm, heç nə edə bilmərəm, nəinki şeir yazmaq. Mənə yazdıran da, məni yaşadan da sevgidir. Bu sadəcə bir qadının kişiyə olan sevgisi deyil. Mən sevən qadınam. Ruhum sevgidən qidalanıb. Sevgiylə hörülüb.

- Tanınmaq, efirdə, məclislərdə olmaq həyat yoldaşınızı qısqandırmır? Kişi məclislərini idarə edirsiz. Bu, evdə söz-söhbət yaratmır ki?

- Bu gün artıq yox. Gənc ikən təbii ki, qısqanclıqlar olurdu. Amma mən güclü qadınam. Bir az səbr, bir az güvən və zaman tədricən bu problemləri aradan qaldırdı. Bu gün rahatlıqla o məclislərə gedirəm. Çünki orda olan insanlar atadı, qardaşdı, övladdı mənim gözümdə.

- Ailədə də bu qədər iddialısız. Yəni güclü qadın olmaq qərarların siz tərəfindən verilməsinə zəmin yaradırmı?

- Həyat yoldaşım çox sakit təbiətli insandı. Həyatdan maddi təmənnası yoxdur. Bir çuxası, bir pencəyi, bir qarın yeməyi olsa, Allahdan heç bir istəyi yoxdur. Gözü-könlü tox insandır. Gör necə Allahın sevimli bəndəsidir ki, ona mənim kimi od-alov qismət eləyib. O mənə deyir ki, bahalı maşını sən istəyirsən, dəbdəbəli həyatı sən seçmisən, buna görə də əziyyət çəkirsən, mən isə belə həyatı istəmirəm. Gücüm nəyə çatır, odur. Bu sarıdan çox xoşbəxtəm ki, Tanrım mənə belə bir həyat yoldaşı qismət edib. Bəzi kişilər var e, deyirlər, ac qalıram ac qal, tox oluram tox ol.

- Sərt xanımsız, sözü üzə deyirsiz. Özünüzə necə, tənqidi qəbul etməyə gücünüz yetir?

- Bu qədər sərt görünürəm görən? (Gülür) Əslində xarakterli qadınam. Tənqidi sevirəm, yerində olan tənqidi. İndi insanlar tənqidlə təhqiri səhv salırlar. İnsan yerini bilməlidir. Qadın hər sözünə önəm verməlidir ki, ona da dəyər verilsin.

- Qadın gözəlliyi ilə seçilə bilər, ya cazibəsi ilə seçilməyi daha çox vacibdi?

- Gözəlliyi, qaməti qadına Allah verir. Amma zərafəti, xatınlığı özün yarada bilirsən. Çirkin qadın da cazibədar ola bilər. Bunun üçün qadında birinci şarm olmalıdır. Bir də 30 yaşa qədər Allahın verdiyi gözəlliklə yaşayırsan. 30-dan sonra isə layiq olduğun gözəlliklə yaşayırsan. Cazibən olması üçün qəlbitəmiz olmalısan ki, üzündəki cizgilərin də saf olsun.

- Qayınananızla münasibətiniz necədir?

- Allah onun canını sağ eləsin. Uşaqlarıma, ev-eşiyimə baxır. Mən ağrıyanda da hər zaman başımın üstündə olur. Səsim tutulmasın deyə, hər səhər mənə çobanyastığı dəmləyib içirdir. Hərdən incitmişəm onu, bu da öz aramızda ötüb keçib. Əsas odur ki, o məni çox istəyir, mən də onu.
- İki oğul anasısız. Getdiyiniz məclislərdə qayınana kimi qızlara alıcı gözü ilə necə, baxırsız?
- Təbii ki, baxıram. Hətta qeyd edirəm ki, subay qızlar meydana gəlin, mən də oğul anasıyam, bir mən də sizi süzə bilim. Bəlkə gəlinim sizlərdən biridir...

- Oğlunuzun seçiminə qarışa bilərsiz?

- Əsas odur ki, oğlum sevsin. Təbii ki, oğlumun seçdiyi xanımın ailəsi, kimliyi ilə maraqlanaram. Seçim oğlumun olduğu üçün ona hörmətlə yanaşa bilərəm. Amma mən gəlinimi sevmək məcburiyyətində deyiləm. Gəlin olaraq qəbul edərəm. Əsas odur oğlumla biri-birlərini sevsinlər. Amma mənim sevgimi qazanmaq artıq o xanımın özünün gücünə bağlıdır. Sevdirə bilsə, sevərəm.

- Nədən qorxursuz?

- Arzularımın yarımçıq qalmasından. Övladlarımın sağ-salamat olması üçün narahatam. Doğmalarımı itirməkdən qorxuram. Mən oğullarımla nəfəs alıram.

- Ruhunuz küskün olanda şeir yaza bilirsiz?

- Əslində göründüyündən çox həssas qadınam. Ruhum kirlənəndə şeirlərim də tükənir. İnsanın ruhu onu əslində idarə edir. Ruh küskün düşdüsə, dərbədər olur insan.

- Siz həm də xınayaxdı mərasimləri təşkil edirsiz. Yəqin ki, bu sahədə sizinlə rəqabət aparan, hətta paxıllıq edənlər də olur...

- Təbii ki, iş olan yerdə, yaradıcılıq olan yerdə rəqabət normaldı. Amma paxıllıq çirkin hissdir. Elə məclislər olur ki, mən orda qonaq qismində iştirak edirəm. Məni həmin rəqabət aparan insan məclisdə görəndə özünü itirir.

- Varlığınız narahat edir onları?

- Mənim içəri daxil olmağım belə onları narahat edir. Hətta olur ki, qonağam, amma ev sahibi mənim də danışmağımı istəyir. Onda maksimum dərəcədə mikrofonun mənə çatmasına mane olurlar. Hərçənd mən onları görəndə təqdim etməkdən qorxmuram. Çünki nə ruhum buna imkan verər, nə xanımlığım. Bir də mən özümə əminəm deyə, o məclisdə kimliyindən asılı olmayaraq ordakı məşhurun varlığı məni narahat edə bilməz. Amma Nazilə Səfərlinin varlığı bəzilərini narahat edir. Görürsən ki, məclisdə mən qonağam, amma ev sahibi məndən də təbrik istəyir. Mənimlə rəqabətdə olan insan da məclisi idarə edir. O gərək mənə imkan versin, dəvət etsin ki, siz də bir söz deyin, xeyir-dua verin. Bunu eləməkdən çəkinirlər. Hər yola əl atırlar ki, mikrofon əlimə gəlməsin. 

Mən mikrofonu əlimə götürdümsə, danışmağım, hətta əsnəməyim də onu narahat edəcək. Çünki mənim əsnəməyim də məqsədlidir. Mənim zala girərkən duruşum belə o insanı narahat edir. Çünki xanımlıq, ağırlıq genetikadan gəlir. Hər qadın əsl qadın ola bilməz. Mən heç kimin məclisimdə olmağından narahat olmuram. O insanı sevdim, sevmədim, danışdım, ya küsülü oldum, dəvət edirəm səhnəyə. Mən o məqamda professional oluram. Çünki orda mən muzdluyam. Toy sahibi məni o məclisə dəvət edib ki, gözəl, şərafətli, maraqlı keçsin. O günün gözəl olması üçün ödəniş almışam deyə şəxsi münasibətimi səhnəyə, o məkana daşıya bilmərəm.

- Adət-ənənələrimizə görə gəlin köçən xanımın əllərinə xına çəkilir, başlarına duvaq örtülür. Xınanın mənası nədir?

- Çox gözəl qədim adət-ənənələrimiz var. Xına əxlaqlı, özünü yarı üçün qorumuş qızların əlinə yaxılır. O qızın əlinə xına yaxılırsa, bu, o xanımın nəslinə şərafət deməkdir, anasına baş ucalığı, əmi-dayısına qürur deməkdi. Deməli, o qız ismətlidir ki, əlinə xına yaxılır. Əsas mənası budur. Hər qızın əlinə xına yaxılmaz. İkinci taleyi olan xanımlar da isməti ilə ailə qurursa, xına yaxılır. Xına həm də şadlıq əlamətidir. Bəd nəzərdən qoruyur. Gəlinin başı üstdə qudalar çörək kəsər. Səbəbi isə odur ki, bir gün cütlük arasında söz-söhbət yaransa, böyüklər, qudalar kəsdikləri çörəyə dəyər versinlər. Biri-birinə hörmətlərini çörək kəsdikləri üçün itirməsinlər.

- Bu ay bayramlar ayıdır. Novruz süfrəsində hansı təamlar süfrədə olmalıdır?

- Novruz adətlərimiz çox zəngindir. Bayram süfrəsində 7 adda nemət, atributlar olmalıdır. Bayram süfrəsində bolluq olsa daha yaxşıdır. Çünki il boyu süfrənizdə bolluq olar deyirlər. Səməni, sikkə (dəmir pul), sırğa, güzgü, sumağ, su, süd kimi atributların süfrədə olması məsləhətdir.

Tahirə Məmmədqızı